Məhkəmə qərarları › İş №2(012)-1669/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1669/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1669/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 20.05.2007-ci il tarixli müqaviləyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci blokunda ümumi sahəsi 72 kv.m olan qeyri- yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və öhdəliklərin icrasının gecikməsi nəticəsində vurulmuş zərər üçün əldən çıxmış fayda qismində 51.840 manat məbləğinin, o cümlədən 30 manat həcmində dövlət rüsumu məbləğinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20.05.2007-ci il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının ümumi sahəsi 72 kv.m olan və 2-ci blokda yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı verilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı isə öz növbəsində bunun müqabilində hər bir kv.m sahəsi üçün 800 manat olmaqla, cəmi 57.600 manat məbləğində ödəniş etmişdir. Beləliklə, iddiaçı tərəfindən ödənişin 100 faiz həcmdə - 57.600 manat olmaqla həyata keçirilməsini təsdiq edən 20.05.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin, iddiaçı tərəfindən müqavilə üzrə tələb edilən ödənişin edilməsinə, yəni onun öz üzərinə götürmüş olduğu öhdəliyi tam həcmdə yerinə yetirməsinə baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, yəni indiki hüquqi varisi olan Cavabdeh hələ də öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. İddiaçı ilə cavabdeh arasında dəfələrlə görüşlər həyata keçirilmiş və hər dəfə iddiaçı müqavilə öhdəliyinin yerinə yetirilərək qeyri -yaşayış sahəsinin təhvil verilməsinin həyata keçirməsini tələb etsə də, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək bu öhdəliklər həyata keçirilməmişdir. Halbuki, tərəflər arasında imzalanmış 20.05.2007-ci il tarixli müqavilənin 1.1-ci, 2.1-ci və 4-cü bəndlərinin tələblərinə əsasən cavabdeh icraçı qismində qeyri-yaşayış sahəsini giriş qapısı qoyulmaqla, divar suvaq edilməklə, o cümlədən elektrik, qaz, su və kanalizasiya xətlərini çəkməklə tikinti işləri başa çatdıqdan sonra iddiaçıya, yəni payçıya təhvil verməli idi. Odur ki, iddiaçı cavabdehdən 20.05.2007-ci il tarixli müqavilə üzrə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci blokunda ümumi sahəsi 72 kv.m olan qeyri yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin həyata keçirilməsini tələb edir. Həmçinin cavabdeh quruma 07.01.2021-ci il tarixli müvafiq pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh tərəfindən həmin pretenziya cavablandırılmamışdır. Ona görə də hazırda mövcud mübahisənin məhkəmə zərurəti meydana gəlmişdir. Cavabdeh tərəfindən 20.05.2007-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi onun mülki məsuliyyətinin yaranması üçün əsasdır. Eyni zamanda, öz müqavilə öhdəliklərini yerinə yetirməyi gecikdirməklə cavabdeh iddiaçıya zərər vurmuşdur. Belə ki, əgər cavabdeh kooperativ iddiaçıya məxsus əmlakı vaxtında təhvil vermiş olsaydı, iddiaçı öz mülkiyyətindən gəlir götürərdi. Müqavilə 2007-ci ildə bağlanmışdır. Lakin, bununla belə binanın hazır olma və istifadəyə yararlılığını 2015-ci il tarixindən hesablasalar, artıq 6 ildir ki, iddiaçı öz mülkiyyətindən faydalana bilmir. Çünki, sözügedən ərazidə qeyri-yaşayış sahələrinin icarə haqqı 1 kv.m üçün dəyəri 10 manat təşkil edir. Belə olan halda 72 kv.m üçün bu dəyər 720 manat təşkil edəcək. Beləliklə, 1 illik gəlir üçün 720 manat x 12 ay = 8.640 manat; 6 il ərzində əldən çıxmış fayda qismində isə 8.640 manat x 6 il = 51.840 manat. 6 illik nəzərdə tutulmuş müddət kifayət qədər vicdanlı və ağlabatandır. Halbuki, bu müddəti 2015-ci ildən deyil, 2008 və 2009-cu illərdən də hesablana bilərdi. Məhkəmə baxışı zamanı İddiaçı iddianın həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış 20.05.2007-ci il tarixli müqaviləyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci blokunda ümumi sahəsi 72 kv.m olan qeyri- yaşayış sahəsinin naturada yerinin müəyyən edilərək, ayrılıb verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və öhdəliklərin icrasının gecikməsi nəticəsində vurulmuş zərər üçün əldən çıxmış fayda qismində 51.840 manat məbləğinin, o cümlədən 30 manat həcmində dövlət rüsumu məbləğinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə bildiriş göndərilməsinə baxmayaraq, MTK nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Cavabdeh tərəf iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim etmişdir.Etirazın məzmunundan görünür ki, mübahisəsi gedən binada boş qalan qeyri-yaşayış sahəsi yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 20.05.2007-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, “İcraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Payçı” İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci blokunda yerləşən ümumi sahəsi 72 kv.metr olan qeyri yaşayış sahəsini “İcraçı” “Payçı”ya pay kimi verməyi, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən qeyr yaşayış sahəsinin dəyəri bir kvadrat metr sahə üçün 800 manat təşkil edir və sahəsi 72 kv.m olan qeyri yaşayış sahəsi üçün cəmi 57.600 manat ödənilmişdir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2007-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A saylı ünvanında inşa olunan yaşayış binasının 2-ci blokunda yerləşən, ümumi sahəsi 72 kv.m. olan qeyri- yaşayış sahəsinin dəyəri olan 57.600 manatı MMC-yə ödəmişdir, heç bir borcu yoxdur. Mülki işin materiallarında olan 22 yanvar 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən mübahisəli ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının 2-ci blokunda ümumi sahəsi 72 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. İddiaçı tərəfin izahatından, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı öhdəlik tam yerinə yetirilmiş,lakin həmin qeyri-yaşayış sahəsinin naturada yeri müəyyən edilərək iddiaçıya təhvil verilməmişdir. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyriyaşayış sahəsinin naturada yerinin müəyyən edilərək ayrılıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 20 may 2007-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda ümumi sahəsi 72 kv.metr olan qeyri-yaşayış sahəsinin naturada yerinin müəyyən edilərək ayrılıb təhvil verilməsi vəzifəsi Cavabdehnə üzərinə qoyulmalıdır. İddia tələbinə mübahisəsi gedən binada boş qalan qeyri-yaşayış sahəsi yoxdur kimi cavabdehin etirazına münasibətdə məhkəmə qeyd-edir ki, bu halın mövcudluğu iddiaçının iddia qaldırmaq hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona ziyan vurulmasını iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 20 may 2007-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda ümumi sahəsi 72 kv.metr olan qeyri-yaşayış sahəsinin naturada yerinin müəyyən edilərək ayrılıb İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 20 manat rüsuma görə ödənilmiş pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar