Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1719/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Quliyeva Səkinə(Gülnar) Adil qızının, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Quliyeva Səkinə(Gülnar) Adil qızının Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Quliyeva Səkinə(Gülnar) Adil qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 11 dekabr 2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan 26 oktyabr 2013cü il təvəllüdlü X4 adlı övladları var. Onların nikahları Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, Cavabdehla ailə qurduqdan sonra ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş və 2016-cı ilədək cavabdeh tərəfindən məcburi həmin mənzildən qovulanadək qeyd edilən mənzildə yaşamıdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh onları evdən qovduqdan sonra, o, azyaşlı övladıyla birlikdə onun atasıgilin evində yaşamağa başlamışdır. Lakin həmin ev darısqal olduğundan onun övladıyla birlikdə həmin evdə yaşamağı artıq mümkün deyildir. O, dəfələrlə gəlin köçdüyü evə köçərək orada yaşamağa cəhd göstərsə də Cavabdeh onun azyaşlı övladıyla həmin evə köçərək, orada yaşamağına imkan vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarının saxlamağa borcludurlar. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial- hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühityaratmağı öz öhdəsinə götürür. 19- cu maddəsinə əsasən Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. "Uşaq hüquqları haqqında" Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci taıaddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cu maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün söstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçinəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı sözügedən ünvan 1 ünvanında yerləşən evdən qovulmamışdır, könüllü olaraq evi tərk etmişdir. Mübahisə predmeti olan evin və torpaq sahəsinin sənədi yoxdur, özbaşına tikilidir. Həmin evdə cavabdeh və cavabdehin anası yaşayır. İddiaçı isə həyətdə olan 1 otaqlı evdə yaşamışdır. İddiaçı həqiqətən də 2012-ci ildən 2016-cı ilədək ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır, lakin iddiaçı mübahisə predmeti olan evdən öz razılığıyla deyil, qovularaq çıxarıldığını sübut etməlidir. Mövcud qanunvericiliyin mənasına görə, yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinin məhkəmə qaydasında pozulması səbəbindən iddiaçının yaşayış sahəsinin faktiki sahibi kimi göstərdiyi cavabdehin ailə üzvləri sırasına daxil deyildir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Bundan əlavə, cavabdeh tərəfə yönəlmiş iddia ərizəsində qeyd olunan cavabdehin iddiaçını və övladını evdən qovması, iddia tərəfinin evi könüllü tərk etdikdən sonra məskunlaşdığı atasının evinin kiçik olması barədə iddiaları həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında faktiki nikah münasibətləri 2016-ci ilədək davam etmiş, iddiaçı 2016-ci ildə sözügedən fərdi yaşayış evini özlərinə məxsus olan bütün əşyaları götürməklə tərk etmişdir. Dəfələrlə evə qayıtmaları barədə müraciət edilsə də, iddiaçı evə qayıtmaqdan imtina etmişdir. Nəticədə 2017-ci il 13 aprel tarixli qətnamə ilə tərəflər arasındakı nikah pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İbrahimova (Quliyeva) Səkinə Adil qızı arasında 11 dekabr 1012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 1855 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 26 oktyabr 2013-cü il təvəllüdlü X4 anası X2 yanında qalması, 26 oktyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13 aprel 2017-ci il tarixdən başlayaraq, hər ay 137 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan 2 saylı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İ № 031092 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2021-ci ildə adını “Gülnar” adına dəyişdirmişdir. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında 11 dekabr 1012-ci il tarixli, 1855 saylı nikah bağlanmış, iddiaçı Quliyeva Səkinə(Gülnar) Adil qızı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 2016-cı ildə mübahisəli evi tərk etmiş və tərəflər arasında olan nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.İddiaçı mübahisəli evdən məcburi qaydada çıxarılmasını bildirmiş,lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş,həmçinin keçən beş ildən çox bir müddətdə mübahisəli mənzilə köçmək istəyinin olması halları, həmin halları təstiq edən sübutlara istinad etməmiş, əksinə olaraq evi tərk etdikdən sonra özünə məxsus bütün əmlaklarını aparması,mübahisəli evi könüllü tərk etməsinə dəlalət edir.Bundan başqa məhkəmə tədqiqatı zamanı mübahisəli evin hal-hazırda faktiki cəhətdən kimə məxus olmasını təstiq edən sübutlar,həmçinin iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallarla bağlı sübutlar müəyyən edilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Quliyeva Səkinə (Gülnar) Adil qızının Cavabdeh qarşı onun azyaşlı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülmələri barədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1719/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1719/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver