Məhkəmə qərarları › İş №2(012)-1721/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1721/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1721/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 23.04.2011-ci il tarixli nikah müqaviləsinin 6-cı maddəsində qeyd olunmuş “İddiaçı hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən əri Cavabdeh məxsus yaşayış sahəsi 250 kv.m olan 4 otaqlı mənzildən o, (arvad) nikahda olduğu dövrdə və boşandıqdan sonra da istifadə hüququ saxlanılmaqla yaşayacağını təmin etmək vəzifəsi barədə üzərinə öhdəlik götürür” barədə öhdəliyinin onun və uşaqlarının hal-hazırda birgə yaşadığı, müqavilənin 6-cı maddəsində qeyd olunan ünvanın satılması nəticəsində əldə olunmuş ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə əvəz edilərək cavabdeh tərəfindən icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 07.05.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikah münasibətlərindən 03.12.2011-ci il tarixdə X6 dünyaya gəlmişdir. Onun əvvəlki nikahından 09.12.2005-ci il tarixdə X7 adlı uşağı anadan olmuş və cavabdeh onun oğlunu övladlığa götürərək uşağın atası hesab olunmuşdur. Abşeron rayon Məhkəməsinin 01.03.2019-cu tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə onun cavabdehlə bağladığı nikahı pozulmuş, 09.12.2005-ci il təvəllüdlü X3 və 03.12.2011-ci il təvəllüdlü X2 onun himayəsində qalmaları və uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmçinin, qeyd edir ki, cavabdehlə onun arasında 23.04.2011-ci il tarixdə nikah müqaviləsi bağlanmışdır. Həmin müqavilə 15 maddədən ibarət olmaqla 3 nüsxədə tərtib edilmiş, onlardan biri notariat kontorunda, digər nüsxələri isə tərəflərdə, yəni cavabdeh və onda saxlanılır. Sözügedən müqavilənin 6-cı maddəsində qeyd olunmuşdur: “İddiaçı hal-hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən əri Cavabdeh məxsus, yaşayış sahəsi 250 kv.m olan 4 otaqlı mənzildən o, (arvad) nikahda olduğu dövrdə və boşandıqdan sonra da istifadə hüququ saxlanılmaqla yaşayacağını təmin etmək vəzifəsi barədə üzərinə öhdəlik götürür.” Eyni zamanda, həmin müqavilənin 9-cu maddəsində qeyd olunmuşdur: “İddiaçı əvvəl vəfat edəcəyi təqdirdə ona məxsus olan evin tam hüquqlu sahibi həyat yoldaşı İddiaçı olacaq.” Həmçinin, həmin müqavilənin 13-cü maddəsində qeyd olunmuşdur: “Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulmuş vəzifələr istisna olmaqla, nikah pozulduğu vaxtdan nikah müqaviləsinə xitam verilir.” Müqavilənin 6-cı maddəsində qeyd olunan ünvan cavabdeh tərəfindən satılmış, əvəzinə ünvan 2 ünvanında yeni mənzil alınmış və o, hal-hazırda da övladları ilə birgə həmin mənzildə yaşayır. Bu səbəbdən də, onun verilməsi vəd olunan Bakı şəhəri Nəsimi rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzili cavabdeh tərəfindən satıldığı və həmin mənzilin dəyərinin hesabına Abşeron rayonu Xırdalan şəhəri döngə 7, dalan 1, S.Bəhlulzadə küçəsi ev 6 saylı mənzili alındığından müqavilə bəndinə də dəyişiklik edilərək mənzil yeni mənzillə əvəz olunmalıdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Belə ki, o, belə hesab edir ki, cavabdeh müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin onun və uşaqların yaşaması üçün vermişdirsə, həmin mənzilin satılmasından sonra alınmış yeni mənzil də ona verilməli, onun yaşaması üçün şərait təmin edilməlidir. Sözügedən müqavilə onun cavabdehə nikaha daxil olmasından bir il sonra bağlanmışdır. Mənzilin satılması zamanı o, özü də notariat qurumunda iştirak etmiş, mənzilin satılmasına razılıq vermişdir. Lakin yenidən müqavilə bağlamamışdır. Belə ki, elə zənn etmişdir ki, sözügedən mənzil birgə nikah dövründə əldə olunmuş, boşanacaqları təqdirdə isə qeyd olunan mənzil də yarıya bölünmüş olacaqdı. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 07.05.2010-cu il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən 03.12.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflərin nikah münasibətlərinə Abşeron rayonu Məhkəməsinin 01.03.2019-cu il tarixli 2(012)-916/2019 saylı qətnaməsinə əsasən, xitam verilmişdir. Tərəflər arasında nikaha daxil olandan sonra 23.04.2011-ci il tarixdə nikah müqaviləsi bağlanmış və həmin müqavilənin 6-cı bəndinə əsasən, cavabdeh iddiaçının Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin nikahda olduğu, həmçinin, nikahın pozulmasından sonrakı müddətdə istifadə hüququ saxlanılmaqla yaşayacağının təmin edilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin mənzili 18.01.2014-cü il tarixdə satmış, 19.01.2014-cü il tarixdə isə ünvan 4 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evini almışdır. Sözügedən ünvana, həmçinin, tərəflərin nikah dövründə əldə olunmuş digər daşınar və daşınmaz əmlaklara dair məhkəmə çəkişmələri olmuş, hazırda, ünvan 4 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair iddiaçının 6/100 hissədə payı müəyyən edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -23.04.2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon 13 saylı notariat kontorunda təsdiq olunmuş 3M/2-162 reyestr nömrəli 23.04.2011-ci il tarixli nikah müqaviləsindən görünür ki, imza edənlər, 07 may 2010-cu il tarixdə rəsmi qeyd olunmuş nikaha daxil olmuş və Bakı şəhəri, Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 558097 saylı nikah şəhadətnaməsi verilmiş, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh və xx.xx.1981-ci il təvəllüdlü İddiaçı hazırki müqaviləni aşağıdakı məzmunda bağlamışlar: “1. Biz 07 may 2010-cu ildə nikaha daxil olmuş və həmin müqavilə ilə nikahda olduğumuz müddətdə və nikahımız pozulduqdan sonra öz əmlak hüquq və vəzifələrimizi müəyyən edirik. 2. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınan və alınmayan, birgə nikah dövründə əldə etdiyimiz bütün əmlak üzərində payımız bərabər olmaqla bizim birgə mülkiyyətimiz sayılır. 3. Birgə nikah dövründə, qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödənildikdən sonra əldə etdiyimiz təmiz gəlir qarşılıqlı razılığımız əsasında ailəmizin mənafeyinə xərclənəcəkdir. 4. Hər bir tərəfin nikaha daxil olana qədər əldə etdiyi bütün əmlak, habelə nikah dövründə olsa da, vərəsəlik qaydasında və ya hədiyyə verilmiş əşyalar və əmlak həmin tərəfə məxsus olur və bölünmür. Həmin tərəf bu əmlak üzərində digər tərəfin razılığı olmadan öz arzusu ilə sərəncam vermək hüququnu özündə saxlayır.

5. Ümumi mülkiyyətimizdə olan əmlak bölündüyü halda doğulmuş və gələcəkdə doğulacaq uşaqlarımız üçün alınmış bütün əmlak və onların adına banka qoyulmuş pul vəsaitləri bölünməyəcək. 6. İddiaçı hal-hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən ər - Cavabdeh məxsus yaşayış sahəsi 250 kv.m olan 4 otaqlı mənzildən o, (arvad) nikahda olduğu dövrdə və boşandıqdan sonra da istifadə hüququ saxlanılmaqla yaşayacağını təmin etmək vəzifəsi barədə üzərinə öhdəlik götürür. 7. Ər nikahları pozulduğu halda birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür. 8. Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür. 9. İddiaçı əvvəl vəfat edəcəyi təqdirdə ona məxsus olan evin tam hüquqlu sahibi həyat yoldaşı İddiaçı olacaq. 10. İddiaçı Cavabdehdan əvvəl vəfat edəcəyi təqdirdə sonuncu Hacı Qumruyevin qarşısında atalıq vəzifələrini heç bir qüsur olmadan yerinə yetirəcək. 11. Həmin nikahdan gələcəkdə doğulması ehtimal olunan başqa uşaq ilə Aynur Hüseynovun birinci nikahdan olan oğlu X10 Hüseynova məxsus əmlak üzərində hüquq bərabərliyini təmin etməyi öhdəsinə götürür. 12. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtinaya və müqavilənin pozulmasına yol verilmir. 13. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulmuş vəzifələr istisna olmaqla nikah pozulduğu vaxtdan nikah müqaviləsinə xitam verilir. 14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, Ailə Məcəlləsinin 38-40cı maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrimiz, həmçinin müqavilənin hüquqi nəticələri dövlət notariusu tərəfindən bizə izah edildi. 15. Müqavilə 3 nüsxədən ibarət tərtib olundu, onlardan biri Bakı şəhəri dövlət notariat kontorunda saxlanılır, tərəflərin hər birinə isə bir nüsxə verilir.” -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.12.2011-ci il tarixli AZ-İİ № 793923 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 03.12.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2373 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.02.2012-ci il tarixli AZ-İ № 008025 saylı övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 09.12.2005-ci il tarixdə Balakən rayonunda doğulmuş X1 Adil Əliş oğlu tərəfindən övladlığa götürülmüş, ona “Hüseynov” soyadı, “Hacı” adı, “Adil” ata adı verilmiş, bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 21.02.2012-ci il tarixdə 01 nömrəsi ilə qeydə alınmışdır. -Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.03.2012-ci il tarixli AZ-İİ № 822924 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 09.12.2005-ci il tarixdə Balakən rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 509 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.10.2019-cu il tarixli AZ-İ № 338152 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 287 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Hüseynova soyadı verilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(102)-1052/2021 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(105)-1512/2020 nömrəli qətnaməsi qismən, ünvan 5 ünvanında yerləşən evə dair payların müəyyən edilməsi hissəsində ləğv edilmiş və işin ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin yoxlanılan digər hissədə, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin pay haqqının ödənilmiş hissəsinin 77000 manatının ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri döngə 7, dalan 1, S.Bəhlulzadə küçəsi 6 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 05.09.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri döngə 7, dalan 1, S.Bəhlulzadə küçəsi 6 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 07.05.2010-cu il tarixdə nikaha daxil olmuş və onların həmin nikah münasibətlərindən 03.12.2011-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikah münasibətləri pozulduğundan Abşeron rayon Məhkəməsinin 01.03.2019cu il tarixli 2(012)-916/2019 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş, 23.04.2011-ci il tarixli nikah müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən, tərəflər nikah müddətində, eyni zamanda, nikaha xitam verilməsindən sonrakı müddət üçün öz əmlak hüquq və vəzifələrinə dair razılığa gəlmişlər. Belə ki, nikah müqaviləsinə əsasən, cavabdeh nikah müddətində, həmçinin, nikaha xitam verilməsindən sonra Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinə dair iddiaçının istifadə hüququ saxlanılmaqla yaşamasının təmin edilməsinə dair öhdəlik götürmüşdür. Hazırda, iddiaçı sözügedən mənzilin cavabdeh tərəfindən 18.01.2014-cü il tarixdə satılması və əvəzində 19.01.2014-cü il tarixdə ünvan 7 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin alınmasını əsas gətirərək, nikah müqaviləsinin 6-cı bəndinin müddüasının yeni mənzillə də tədbiq edilməklə cavabdehin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin olaraq, tərəflər arasında bağlanmış nikah müqaviləsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlandırılacaq): 38.1. maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 39.1. maddəsinə əsasən, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. 38.2. maddəsinə əsasən, nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ərarvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 38.4. maddəsinə əsasən, ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ərarvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. 39.3. maddəsinə əsasən, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Mülki iş materiallarına əlavə olunmuş nikah müqaviləsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər 07.05.2010-cu il tarixdə nikaha daxil olmuş, nikah müddətində, yəni 23.04.2011ci il tarixdə nikah müqaviləsi bağlayaraq, həmin müqavilə ilə nikahlarının qüvvədə olduğu, eyni zamanda, nikaha xitam verildikdən sonra əmlak hüquq və vəzifələrinə dair razılığa gəlmişlər. Beləliklə də, tərəflərin gələcəkdə əmlak mübahisələrinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbir kimi, eyni zamanda, daşınmaz əmlaklarının hüquqi rejiminə dair qarşılıqlı razılığa gələrək bağlanmış həmin nikah müqaviləsi ilə cavabdeh iddiaçının yaşadığı Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin nikahda olduğu, eyni zamanda, boşanmadan sonra da istifadə hüququ saxlanılmaqla yaşamasının təmin edilməsinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1. maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən məlum olduğu kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş 23.04.2011-ci il tarixli nikah müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh çıxış etməklə, həmin müqavilə Bakı şəhəri 13 saylı Notariat kontoru tərəfindən 3M/2-162 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi olaraq bağlanmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, ər-arvad arasında əmlak mübahisələrinin qarşısının alınması üçün məqsədəmüvafiq vasitə nikah müqaviləsidir ki, onun vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, müqavilə azadlığı baxımından nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımasa da, gələcəkdə ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunur. Məhkəmə mülki qanunvericiliyin prinsiplərinə, həmçinin, Konstitusiya Məhkəməsi Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh nikaha daxil olduqdan sonra 23.04.2011-ci il tarixdə bağlanmış nikah müqaviləsini qarşılıqlı iradə ifadələrinə uyğun, azad şəkildə, heç bir məcburiyyət olmadan bağlamış, həmçinin, müqavilə şərtlərini, məzmununu qanunvericiliyin tələblərinə uyğun olaraq, sərbəst şəkildə müəyyən etmişlər. Belə ki, nikah müqaviləsinin 6-cı bəndinə əsasən, cavabdeh Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin iddiaçının nikah müddətində, eyni zamanda, nikahın pozulmasından sonra istifadə hüququ saxlanılmaqla yaşamasının təmin edilməsinə dair öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil 18.01.2014-cü il tarixdə cavabdeh tərəfindən satılmış və 19.01.2014cü il tarixdə isə Abşeron rayonu Xırdalan şəhəri S.Bəhlulzadə küçəsi dalan 1 döngə 7, 6 saylı fərdi yaşayış evini almışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(102)-1052/2021 saylı qərarında tədqiq olunmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 25 saylı evin 67 saylı mənzilinin satılmasına dair iddiaçının 18.01.2014-cü il tarixli razılıq ərizəsi də olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh ilə alınması nəzərdə tutulan mənzilə dair yeni nikah müqaviləsi bağlamaq, əvvəlki nikah müqaviləsinə dəyişiklik etmək və yaxud gələcəkdə əldə ediləcək əmlaka dair nikah müqaviləsi bağlamalı olduğu halda, bu hüququndan yararlanmamışdır. Belə ki, Ailə Məcəlləsinin: 38.3. maddəsinə əsasən, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. 40.1. maddəsinə əsasən, nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cü maddəsində göstərilən qaydada dəyişdirilə və ya pozula bilər. 40.2. maddəsinə əsasən, nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. 40.4. maddəsinə əsasən, nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.10.2019-cu il tarixli AZ-İ № 338152 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflərin ailə nikah münasibətlərinə xitam verildiyi andan nikahın pozulmasından sonrakı müddət üçün nəzərdə tutulmuş vəzifələr istisna olmaqla nikah müqaviləsinə də xitam verilmiş olur. Nikahın pozulmasından sonrakı müddət üçün icrası nəzərdə tutulan vəzifələr nikah müqaviləsinə əsasən, uşaqların maddi cəhətdən, həmçinin, uşaqların normal həyat səviyyəsinin, yüksək keyfiyyətli təhsil almasının, onların əmlak üzərində hüquq bərabərliyinin təmin edilməsi olmuşdur ki, əvvəlki mənzilin yeni alınmış mənzillə əvəz edərək iddiaçının istifadə hüququ saxlanılma şərtilə onun yaşamasının təmin edilməsi öhdəliyi qanunun sözügedən maddəsinin təsiri altına düşmür. Belə ki, tərəflər buna dair müqavilədə hər hansı bir şərt nəzərdə tutmamış, gələcəkdə buna dair hər hansı bir saziş bağlamamış, hər hansı bir razılığa da gəlməmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, hər hansı bir məcburiyyət tədbiri olmadan, qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin qarşılıqlı iradə ifadəsinə uyğun, azad şəkildə bağlanmış, nikah münasibətlərinə xitam verildiyi andan xitam olunmuş, hər hansı bir hüquqi qüvvəsi almayan nikah müqaviləsinin 6-cı bəndinin məhkəmə qaydasında dəyişdirilərək cavabdehin üzərinə öhdəlik kimi qoyulması nə müqavilə ilə, nə də qanunla nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, uşaqları ilə birlikdə hazırda yaşadığı Abşeron rayonu Xırdalan şəhəri döngə 7, dalan 1, S.Bəhlulzadə küçəsi ev 6 saylı mənzilinə dair iddiaçı ilə yeni müqavilə bağlamaq hüququ vardır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olmadsığından təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi və əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar