Məhkəmə qərarları › İş №2(012)-1749/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1749/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1749/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları yəni, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə köçürülməyi, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 60 manat pulun və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 05 dekabr 2010-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(060)-767/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında 05 dekabr 2010-cu il tarixində nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun yanında saxlanması, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh xx.xx.2020-ci il tarixindən tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, Abşeron rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(012)-856/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən, 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə onun 1/2 hissədə payın müəyyən edilməsi qət edilmişdir. Onun yaşamağa başqa yeri yoxdur. Cavabdeh onun sözügedən fərdi evdə yaşamağına imkan vermir. Qeyd edir ki, şəxsi mənzilinin olmaması səbəbindən ünvan 2 ünvanında azyaşlı uşaqlarında birlikdə kirayədə yaşayır. Hesab edir ki, onun azyaşlı övladları ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən, 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Qeyd edir ki, mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesi zamanı o, dövlət rüsumunu ödəmişdir. Bunu ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 07 noyabr 2024-cü il tarixli, MŞS/MT030/2024- 02259 saylı arayış təsdiq edir. Ona görə də o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evində yaşayır. Lakin iddiaçı özü sözügedən evdə yaşamır. Bundan əlavə qeyd edir ki, iddiaçı uşaqların tərbiyəsi və həyatı ilə maraqlanmır, evə gec gəlmələrinə biganə yanaşır. Odur ki, o, iddiaçının evə köçürüləcəyi təqdirdə də orada yaşamayacağını düşünür. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-767/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 05 dekabr 2010-cu il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmaları, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-856/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə payı müəyyən edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixinə ½ hissədə pay hüququ qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər 05 dekabr 2010-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(060)-767/2021 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların ananın yanında qalması və alimentin tutulması qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-856/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə payı müəyyən edilmişdir. İddia ərizəsindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçını sözügedən evdə yaşamasına maneçilik törədir və icazə vermir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, onun azyaşlı övladları yəni, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən, 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq); 32-ci maddəsinə əsasən, 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, mənzilə köçürmə barədə qətnamə mahiyyətinə görə mənzildən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan da göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ müəyyən edildiyindən, mülkiyyət hüququnun müdafiəsini tələb etmək hüququna malik olan iddiaçıya mülkiyyətində olan daşınmaz əmlakdan istifadə etməyə maneələr yaradıldığından və bu hal iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, heç kimin yaşadığı mənzildən qanunsuz olaraq məhrum edilməsinə yol verilmədiyindən iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış evinə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmiş 49,6 kv metr sahədən ibarət fərdi yaşayış eviinə köçürülsün. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar