Məhkəmə qərarları › İş №2(012)-1753/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1753/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1753/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, doğum barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin “xx.xx.1961-ci il”, doğulduğu yer qrafasında “Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi”, soyadı, adı, ata adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuş, doğumu həmin rayonda qeydə alınmış və doğum haqqında şəhadətnamə verilmişdir. O, ailə qurduqdan sonra 1985-ci ildə yaşadığı yerdən köçərək Abşeron rayonunun Xırdalan qəsəbəsinə gəlmişdir. Sonradan ona məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. O, Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnamə olmadan vərəsəlik işlərində iştirak edə bilmir. 2018-ci ildə yoldaşının vəfatından sonra notariusda müəyyən sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnaməsinin harada olması barədə məlumatı yoxdur. Şəxsiyyət vəsiqəsi əvvəlki vəsiqə əsasında verilmişdir. Əvvəlki şəxsiyyət vəsiqəsini alanda doğum haqqında şəhadətnaməni təqdim etmişdir. 2019-cu ildə müəyyən sənədləşmə ilə əlaqədar aidiyyəti quruma təqdim etmiş və şəhadətnamə güman ki, həmin müddət itmişdir. Hər hansı bir müddətdə tapmaq ümidi ilə gözləmiş, lakin tapmayacağını güman etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma bacısıdır. 1988-ci ildə Bərdə rayonuna, 1989-cu ildə Xızı rayonunun Qarabulaq kəndinə gəlmiş, 1994-cü ildə isə hərbi xidmətə yollanmışdır. Həmin müddətdə onun valideynləri sağ idi. X1, anası isə X3 idi. Bacısının doğum haqqında şəhadətnaməsinin olması ilə bağlı qeyd edir ki, həmin vaxt o, azyaşlı olmuşdur. Bacısı nikaha daxil olduqdan sonra bacısının soyadı “Həsənova” olmuşdur. Bacı və qardaşlarının adı Mahmud, Temza, Təranə, Mahir, Mahirə və sonuncu uşaq isə odur. Bacısının yoldaşının adı X7 idi və o, vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur və həmyerlidirlər. Qohumluq münasibətləri yoxdur. Ermənistan Respublikasının Krasnoselo rayonunun Çaykənd kəndində Ərizəçi ilə qonşu olmuşdur. Atasının adı Həsən, anasının adı Nabat, nənəsinin adı isə Əsmər olmuşdur. Ərizəçi 3 bacı, 3 qardaşdırlar. O vaxt sənəd olaraq “qırmızı pasport” olmuş, sonradan dəyişilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1970-ci il tarixli, İ-ЗЖ № 033682 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1970-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 44 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X1, anası X2r. -xx.xx.1976-cı il tarixli, И-СЛ № 066459 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1976-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 24 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X1, anası X2r. -xx.xx.1980-ci il tarixli, İ-СЛ № 448134 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 930422 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 230 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-166/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpasının həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunmuşdur ki, Ərizəçi həqiqətən də xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənəd və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən də olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi “xx.xx.1961-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi”, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi “xx.xx.1961-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi”, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar