Məhkəmə qərarları › İş №2(012)-176/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-176/2022

15.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-176/2022 15.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, İİİ şəxs kimi cəlb olunmuş X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən, sahəsi 0.0117 hektar olan daşınmaz əmlakın dövlət reyestrindən 13.10.2016-ci il tarixli, RX ******* reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha.-dan ibarət torpaq sahəsi 13.10.2016-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdehlər ona məxsus torpaq torpaq sahəsində özbaşına tikililər aparmaqla onun hüquqlarını pozmuşlar. Cavabdehlər iddiaçıya ona məxsus torpaq sahəsinə sahiblik etməyinə mane olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, tikinti və torpaqla bağlı sənədi yoxdur, 2004-cü ildən həmin ərazidə yaşayır, iddiaçı ilə aralarında barışıq və razılaşma mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən digər Cavabdeh2 iddianı qəbul etmədiyini, tikinti işlərinin 2008-ci ildə aparıldığını, torpağa dair sənədinin olmadığını qeyd etmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən 3-cü şəxs X3 bildirdi ki,iddiaçının əridir, cavabdehlər onlara məxsus torpaq sahəsində tikinti aparıblar, bu barədə aralarında razılıq əldə olunması üçün müraciət etsə də, aralarında razılaşma olmamışdır, odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13.10.2016-ci il tarixli, ******* reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(012)-3216/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisinin rəyi alınmaqla **********49 reyestr nömrəli, 13.10.2016cı il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən sahəsi 0.0117 ha olan torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti aparılıb-aparılmamasının aydınlaşdırılması ekspert qarşısında sual olaraq qoyulmuşdur. İşin materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli 10/6756 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən aşağıdakılar qeyd olunur: - İş materiallarında **********49 reyestr nömrəli, 13.10.2016-cı il tarixli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0117 ha torpaq sahəsinə aid çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmuşdur. **********49 reyestr nömrəli 13.10.2016-cı il tarixli, çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0117 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh X2 tərəfindən torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində və Cavabdeh2 tərəfindən 0,0016 ha (16 kv.metr) hissəsində tikililəri (yaşayış evləri) mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən **********49 reyestr nömrəli 13.10.2016-cı il tarixli, çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0117 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh X2 tərəfindən torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində və Cavabdeh2 tərəfindən 0,0016 ha (16 kv.metr) hissəsində tikililəri (yaşayış evləri) olduğu müəyyən edilmişdir.Cavabdehlərin aparılmış tikinti və torpaq sahələrini ilə bağlı sənədləri yoxdur, onlara aid olmayan torpaq sahəsində tikinti aparmışlar.Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13.10.2016-cı il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində cavabdeh X2 və 0,0016 ha (16 kv.metr) hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehlərdən bərabər qaydada tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edildiyindən həmin məbləğ bərabər qaydada cavabdehlərdən tutulmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 13.10.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində cavabdeh X2 və 0,0016 ha (16 kv.metr) hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülsün. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manat Cavabdeh1 və 10 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 25 manat və Cavabdeh2 25 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar