Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1765/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 15.05.2014-cü il təvəllüdlü X8 və 14.02.2017-ci il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 11.10.2021-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan evdə qeydiyyatda olsa da, hazırda həmin evdə yaşamırlar, bu səbəbdən də həmin şəxslərin qeydiyyatı da formal xarakter daşıyır. Bunu qonşular da təsdiq edə bilər. Eyni zamanda, cavabdehlərin qeydiyyatı formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, o, cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, cavabdehlərin onun evində qeydiyyatda qalması həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, o, mülkiyyətində olan evi özgəninkiləşdirmək istədikdə, keçmiş sakinlərin razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması, lakin onun evində qeydiyyatda olması cavabdehlərin dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Həmçinin, qeyd edir ki, mənzilin alqı-satqısı zamanı notariat orqanında müqavilə bağlanan zaman evdə qeydiyyatda olan şəxslər razılıq ərizəsi verərək evdən çıxmağı öhdələrinə götürmüş və evi 1 həftə içində tərk edəcəklərini vəd etsələr də, vədlərinə riayət etməmişlər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X1 ilə alıcı İddiaçı arasında bağlanmış 21.09.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı evi alıcıya 29500 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.10.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə və **********80-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, 15.05.2014-cü il təvəllüdlü X8, 14.02.2017-ci il təvəllüdlü X6, Cavabdeh2 və Qarayev X5 rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı evi alqı-satqı müqaviləsinə əsasən qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisi olan X4 mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq qeyd olunan evdə keçmiş sakinlər Cavabdeh1, Cavabdeh2, yetkinlik yaşına çatmayanlar 15.05.2014-cü il təvəllüdlü X3 və 14.02.2017-ci il təvəllüdlü X2 istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, cavabdehlərin birgə nikahlarından 15.05.2014-cü il təvəllüdlü X8 və 14.02.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar cavabdehlərin himayəsində olmaqla onlarla birlikdə yaşadıqlarından, hazırki iddia tələbi təmin edildiyindən cavabdehlərlə birlikdə onların uşaqlarının da Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı evə istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən həmin uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla, məhkəmənin yetkinlik yaşına çatmış cavabdehlərə münasibətdə gəldiyi hüquqi nəticə onların azyaşlı uşaqlarına da şamil edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, evin keçmiş sakinləri olan cavabdehlərin hazırda həmin evdən istifadə etməmələrinə baxmayaraq formal olaraq evdə istifadə hüquqlarının qalmaları, mülkiyyətçi dəyişdikdən sonra həmin evi azyaşlılar-15.05.2014-cü il təvəllüdlü X8 və 14.02.2017-ci il təvəllüdlü X6 ilə birlikdə tərk edərək başqa yaşayış yerinə köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından məhkəmə iddia ərizəsinin təmin edilərək cavabdehlərin iddiaçıya məxsus evə olan istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayanlar 15.05.2014-cü il təvəllüdlü X8 və 14.02.2017-ci il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Niyazi küçəsi 52 saylı evə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1765/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1765/2022
06.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver