Məhkəmə qərarları › İş №2(012)-1766/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1766/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1766/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi vəkili nümayəndəsi Quliyeva Kamilə Şiraslan qızının iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı regional Ərazi Filialı) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdən xx.xx.1980ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə kimi fəaliyyət göstərmişdir. xx.xx.1980-ci il tarixdə Ağdam rayon inistrumental zavodunda işə qəbul olunaraq orada müxtəlif vəzifələrdə işləmişdir. Ağdam rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə köçkün düşərək Abşeron rayonunda məskunlaşmışdır. Ağdam şəhərinin işğalı ilə əlaqədar işlədiyi zavod fəaliyyətini dayandırdığı ücün xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1998-ci il tarixdə 206 saylı körpələr evi-uşaq baxçasında işə qəbul olunmuşdur. Səhhəti-əlilliyilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. 2-ci qrup əlildir və əlilliyə görə pensiya alır. Hazırda əliliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyasına keçmək istəyir. Bu barədə müvafiq orqana müraciət etsə də, xx.xx.2006-cı ildən sonra pensiyasının hesablanmadığı müəyyən edilmişdir. Ümumilikdə iş stajı 30 ilə yaxındır. Belə ki, xx xxxxxx 1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə kimi fəaliyyət göstərməyinə dair əmək kitabçasında qeyd aparılmadığından həmin faktın məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı regional Ərazi Filialı məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2012-cı il tarixli, 263681 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, 055748 saylı əlilliyə dair vəsiqənin surətindən görünür ki, Ərizəçi ikinci qrup əlildir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının 05 saylı, xx xxxxxx 2020-ci il tarixli Arxiv arayışından müəyyən edilir ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon 7 №-li sovxozun Əmr kitablarına əsasən X4 xx xxxxxx 1977-ci il tarixli 5 №-li əmrinə əsasən sovxoza fəhlə qəbul olunmuşdur. xx xxxxx 1979-cu il tarixli 70 №-li əmrinə əsasən X3 məzuniyyət müddəti bitdiyi ücün sovxoza işə qayıtmışdır. xx xxxxxx 1980-ci il tarixli 03 №-li əmrinə əsasən X4 məzuniyyət müddəti bitdiyi üçün sovxoza işə qayıtmışdır. Mülki işin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan müəyyən edilir ki, X5 və X2 nikahı haqqında xx xxxx 1989-cu il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində 06 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Abduləzimova” soyadı verilmişdir. Mülki işin materiallarında olan ******* №-li əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən edilir ki, Ərizəçi 206 saylı körpələr evi-uşaq baxçasından öz ərizəsilə xx.xx.2007-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı regional Ərazi Filialının xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Ərizəçi təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixə 24 il 10 ay 5 gün sosial sığorta stajı toplanılmış və xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı toplanılmamışdır. Tələb olunan 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı toplanmadığından onun əlilliyə görə əmək pensiya növünün yaşa görə əmək pensiyasına keçirilməsi qanuna ziddir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, xx xxxxxxx 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının xx xxxxxxxx 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktı müəyyən edildiyindən ərizə əsaslı olduğu üçün təmin edilməli, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək Ağdam rayonu 7 nömrəli sovxozda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar