Məhkəmə qərarları › İş №2(012)-1770/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1770/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1770/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X3 məxsus “Mercedes Benz E200” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət mirasın onun tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və bu faktın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, mərhum yoldaşı X5 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. Mərhum yoldaşı X5 xx.xx.2020-ci il tarixdə “Mercedes Benz E200” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və özü xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra həmin avtomobil onun sahiblik və istifadəsindədir. Avtomobilə müvafiq texniki qulluq göstərmiş və avtomobilin yaxşı saxlanılması üçün müvafiq tədbirlər görmüşdür. “Mercedes Benz E200” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına sənədləşdirmək üçün ilkin olaraq, notariat ofisinə getmiş və ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, o, qanunla müəyyən edilmiş müddəti buraxmış və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi yoldaşının adına olmuş avtomobilin onun öz adına keçirməsi üçün lazımdır. O, Abşeron rayonunun Məhəmmədi kəndində yaşayır və mərhum yoldaşı ilə həmin ünvanda 9 il müddətində birlikdə yaşamışdır. Mərhum yoldaşının adına olan avtomobil hazırda da, onun istifadəsindədir və satılmamışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur, aralarında 100-150 metr məsafə olmaqla, 10 ilə yaxın müddətdir ki, qonşuluq münasibətləri vardır. Ərizəçi ilə gediş-gəliş münasibətləri olsa da, Ərizəçi həyat yoldaşının adını bilmir. Lakin ərizəçinin yoldaşının maşını olduğunu bilir və maşın qapının önündə yerləşməklə rəngi tünddür. Ərizəçi həyat yoldaşı təxminən, 3 il müddət olar ki, vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusu olmaqla, 3-4 ildir ki, qonşuluq münasibətləri vardır. Ərizəçi həyat yoldaşını tanıyır və yoldaşının adı Ədalət olmuşdur. Onlara məxsus avtomobil vardır və avtomobil qapının önündə yerləşməklə satılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, onun Ərizəçi ilə həm qohumluq, həm də qonşuluq münasibətləri vardır. Ərizəçi mərhum yoldaşı Ədalət maşın sürürdü, həmin maşın “kül” rəngindədir və hazırda, evin önündə saxlanılır. Ərizəçi hazırki yaşadığı yerdə təxminən, 8-9 il müddətdir ki, yaşayır. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AD № 735036 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 2006-cı il buraxılışlı, ** VT *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı avtomobil X2 mülkiyyətindədir. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ № 413379 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X4 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 819 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 108089 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1210 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 289 saylı arayışdan görünür ki, mərhum X5 həqiqətən də, ünvan 2 ünvanında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vəfat edənə kimi həmin ünvanda qeydiyyatda olmuşdur. -4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 45 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X2 adına V- 13/2023 saylı vərəsəlik işi açılmışdır. Mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ötürüldüyünə görə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9. maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi X5 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş və bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İ № 413379 saylı nikah haqqında şəhadətnamə verilmişdir. X5 xx.xx.2020-ci il tarixdə ölmüş və mərhum vəfat edənə qədər ərizəçi ilə rəsmi nikah münasibətində olmuşdur. Mərhumun vəfatı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ № 108089 saylı ölüm haqqında şəhadətnaməsi ilə öz təsdiqini tapır. Hazırda, Ərizəçi mərhum ərinin birinci dərəcəli vərəsəsi kimi ondan miras qalmış minik avtomobilinə münasibətdə qanunla müəyyən edilmiş müddətdə vərəsəliyi qəbul etmədiyindən həmin əmlakın miras olaraq qəbul edilmə faktının məhkəmə tərəfindən müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, № 3 Qərarının 10. bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Qərarın 10.1.-ci bəndinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qərarın 10.2.-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2. maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qanunun və Plenum Qərarının mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki mülki işin mahiyyətindən müəyyən olunur ki, Ərizəçi mərhum əri X2 xx.xx.2020-ci il tarixdə vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmədiyindən onun məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Belə ki, ərizəçi miras əmlakı qəbul etmə müddətini ötürdüyündən notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, həmçinin, məhkəmə araşdırması zamanı vərəsələr arasında mübahisənin olmadığı təsdiqini tapmışdır. Bununla da, ərizəçi miras qalmış əmlakın qəbul edilməsi faktının məhkəmə tərəfindən müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmçinin, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Qanunvericiliyin və Plenum Qərarlarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə Ərizəçi mərhum əri X2 adına ** VT *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı avtomobilinin qeydiyyata alınması və hazırda, ərizəçinin sahiblik və istifadəsində olması mülki işin mübahisələndirilməyən tərəfidir və bu, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, ərizəçinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Beləliklə də, ərizəçinin mərhum ərinin adına olan minik avtomobilinə sahiblik və faktiki idarə etməsi onun vərəsə kimi miras qalmış əmlaka münasibətdə onu qəbul etmək niyyətini açıq-aşkar hərəkətləri ilə öz təsdiqini tapdığından ərizə əsaslıdır, ona görə də təmin edilməli, Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum əri X1 miras qalmış ** VT *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı avtomobilini qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizənin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 mülkiyyətində olmuş 2006-cı il buraxılışlı, ** VT *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200” minik markalı avtomobilinin Ərizəçi tərəfindən miras olaraq faktiki qəbul edilməsi tanınsın. Faktın məhkəmə qaydasında müəyyən olunması miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar