Məhkəmə qərarları › İş №2(012)-1817/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1817/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1817/2022 02.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu bərədə iddiaçıya xx.xx.2008-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. İddiaçı 2010-cu ildən 2017-ci ilə kimi həmin torpaq sahəsində öz vəsaiti hesabına 3 otaqlı fərdi yaşayış evi tikmiş və 2017-ci ildən ailə üzvləriylə birlikdə həmin evdə yaşamışdır. İddiaçının Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində evi olmuşdur. İddiaçı həmin evi satıb Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsini almış, fərdi yaşayış evini tikmişdir. İddiaçı cavabdeh ilə 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və aralarında rəsmi nikah olmamışdır. Tərəflərin faktiki nikahlarından üç övladı-15 iyun 2002-ci il təvəllüdlü X4, 12 dekabr 2003-cü il təvəllüdlü X3 və 29 noyabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçının Cavabehlə münasibətləri uzun müddətdir ki, pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçının evindən çıxmamışdır. Cavabdehin iddiaçının evinə dair heç bir hüququ yoxdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin tərəflərin arasında heç bir ər-arväd münasibəti yoxdur. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçıya məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmir, edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi İddiaçı adınadır, lakin həmin torpaq sahəsi üzərində yerləşən evi o tikmişdir. Belə ki, o, iddiaçı ilə 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, bu münasibətdən övladları-15 iyun 2002-ci il təvəllüdlü X4, 12 dekabr 2003-cü il təvəllüdlü X3 və 29 noyabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onlar əvvəlcə 1 il müddətində rayonda yaşamış, daha sonra isə Sumqayıtda ərazisində 2 il kirayə qalmışlar. İddiaçı 2008-ci ildə iddiaçının anasının yaşadığı yataqxananı 12000 manata satmış, həmin pula sözügedən Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi alınmışdır. Torpaq sahəsi alındıqdan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi onun tərəfindən 3-4 il müddətinə tikilmiş, o iddiaçı ilə birlikdə həmin evdə 4-5 il müddətində birlikdə yaşamışdır. Lakin münasibətləri pozulmuş və artıq 3 ildir ki, ayrı yaşayırlar.İddiaçı könüllü olaraq fərdi yaşayış evindən çıxıb getmiş, onun tərəfindən heç bir maneçilik tərədilməmiş, hazırda o sözügedən evdə böyük qızı ilə qalır, iddiaçı isə Sumqayıtda kirayədə qalır. İddiaçı istədiyi vaxt gəlib evdə yaşaya bilər. Onun başqa yaşayış yeri yoxdur və iddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, bu münasibətdən övladları-15 iyun 2002-ci il təvəllüdlü X4, 12 dekabr 2003-cü il təvəllüdlü X3 və 29 noyabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci ildə İddiaçı adına qeydiyyata alınmış, həmin torpaq sahəsi üzərində yerləşən özbaşına tikili olan fərdi yaşayış evini isə tərəflərin faktiki ər-arvad münasibətlərində olduğu dövrdə tikilmişdir.Tərəflər üç övladları ilə birgə həmin mübahisə predmeti olan fərdi yaşayış evində birgə yaşamış, birgə təsərrüfat idarə etmiş,son zamanlar tərəflərin münasibətləri korlandığı üçün iddiaçı könüllü olaraq fərdi yaşayış evini tərk etmiş,cavabdeh isə böyük qızı ilə mübahisə predmeti olan evdə yaşayır.Qeyd olunan hallar iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir və bu halları təkzib edəcək hər hansı bir sübut müəyyən edilməmişdir. İddiaçı və onun nümayəndəsi mülkiyyət hüququ və həmin hüququ tənzimləyən müvafiq normalara istinad edərək iddianın təmin edilməsini xahiş etmiş,lakin işin faktiki hallarından göründüyü kimi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olsada,sözügedən fərdi yaşayış evi özbaşına tikilidir, həmin fərdi yaşayış evi tərəflərin birgə təsərrüfatı hesabına tikilmiş, belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi maddi hüquq normaları hal-hazırda həmin fərdi yaşayış evinə şamil oluna bilməz. Məhkəmə hesab edir ki, özbaşına tikili olan fərdi yaşayış evini tərəflərin faktiki ər-arvad münasibətlərində olduğu dövrdə tikilərkən hər iki tərəf yaşayış yerinə malik olmağı arzulamış və bu işin faktiki halları ilə təsdiqini tapır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan bütün faktiki hallara istinad edərək hesab edir ki, iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilməsi nəticəsində cavabdehin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə iddiaçının hüquqdan sui-istifadə etməsi cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunmaması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə iddiaçının həmin evdən istifadə etməklə faydalandığı kimi, cavabdehin da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Bu səbəbdən də İddiaçı Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə İddiaçı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar