Məhkəmə qərarları › İş №2(012)-1822/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1822/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1822/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili- nümayəndəsi İsmayılov Kənan Şəmsəddin oğlunun , digər nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil- Tikinti Kooperativinin ilkin iddiaçı -cavabdeh İddiaçı qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 18 iyun 2019-cu il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqlı,ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzil iddiaçıya satılmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, “Kooperativ” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 saylı mənzili, payçı (İddiaçı) isə müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Yəni, hər bir tərəf bu müqavilə ilə öhdəlik götürmüşdür. 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 3-cü bəndində göstərilmişdir ki, göstərilən mənzilin dəyəri 46 696 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilə bağlanan günü payçı (İddiaçı) tərəfindən mənzilin ümumi dəyərinin 46 696 manat hissəsi ödənilir. Müqavilənin 6-cı bəndində isə göstərilmişdir ki, ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq. 04 fevral 2018-ci il tarixli kassa mədaxil orderi ilə 2-ci blokun müqaviləsinə əsasən payçı İddiaçı 46 696 manat ödəmiş və həmin məbləğ kassaya mədaxil edilmişdir. Maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı təqdim edilməsi barədə şifahi qaydada dəfələrlə Cavabdeh Mənzil-Tikinti Kooperativinə müraciət etmiş,lakin Cavabdeh Mənzil-Tikinti Kooperativinin bir qrup aidiyyatı əməkdaşları tərəfindən İddiaçı bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq, yuxarıda qeyd olunan mənzilə heç bir aidiyyəti olmadığını, həmin mənzilin İddiaçı məxsus olmadığını bildirmişlər, qərəzli olaraq, İddiaçıin həmin mənzilə borcu tam ödənildiyi halda,maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilməmişdir. Şifahi formada maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi ilə bağlı Cavabdeh Mənzil-Tikinti Kooperativinə müraciət etmiş, lakin əməkdaşları əsasız olaraq bildirmişlər ki, “gedin hara şikayət edirsiniz edin, tələbiniz əsassızdır”. Bundan sonra, yazılı şəkildə müraciətini Cavabdeh Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə ünvanlasa da, müraciəti əsassız olaraq təmin edilməmişdir. 04 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə nəzərə alınaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilin dəyəri tam ödənildiyindən, həmin mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı İddiaçı verilməlidir. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməməsi tam qanunsuz, əsassız və ədalətsizdir. Bu səbəbdən də pozulmuş hüquqlarının aradan qaldırılmasının qarşısının alınmasının üsulu kimi məhkəməyə müraciət edilmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanılmış 04 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və 25 yanvar 2021-ci il tarixli mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsinə dair ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassızdır. Mənzillə bağlı müqavilə əsassız hesablanan 4000 kv.m sahəyə görə vergi borcunun silinməsinə hüquqi yardım göstərilməsi qarşılığında tərəflər arasında şifahi razılaşmaya əsasən şərtlə bağlanmışdır. Lakin ilkin iddiaçı tərəfindən öhdəlik yerinə yetirilməmişdir. Bunu vergi orqanından həmin dövrə aid vergi yoxlaması zamanı görülmüş işlərə dair alınan məlumatlar da təsdiqləyir,hansı ki, bu barədə kifayət qədər sübutlar artıq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə 04.02.2018-ci il tarixdə bağlanmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı isə sözügedən müqaviləni 3 ildən sonra mübahisələndirir. Bu səbəbdən də hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin iddia tələbinə iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Göstərilənlərə əsasən, ilkin iddianın təmin edilməsi, həm əsassız olduğuna görə, həm də iddia müddəti tətbiq edilərək qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, təmsil etdiyi Cavabdeh Mənzil-Tikinti Kooperativinə əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m sahə üçün hesablanmış vergi borcunun ləğv edilməsi lazım olmuşdur. İddiaçı vergi məsləhətçisidir. İddiaçı köhnə vergi işçisi olduğuna görə Mənzil-Tikinti Kooperativinə kömək edəcəyinə söz vermişdir. Bu məqsədlə də İddiaçı Mənzil-Tikinti Kooperativinə hüquqşünasi vəzifəsinə işə qəbul edilmişdir. R.Ələkbərov Mənzil-Tikinti Kooperativinə vergi məsləhətləri göstərmişdir. Vergi sahəsində kömək qarşılığında İddiaçı 60 000 manat məbləğində pul verilməli idi. Pul məbləğinin əvəzində 1 ədəd hazırki mülki iş üzrə mübahisəli mənzil və 13 000 manat məbləğində pul verilməli idi. Qeyd olunan mənzilin müqaviləsinin İddiaçı adına yazılmasına səbəb qeyd edilənlərdən göründüyü kimi əslində R.Ələkbərov ilə təmsil etdiyi Mənzil-Tikinti Kooperativi arasında olan başqa bir şifahi razılaşma ilə bağlı olmuşdur. Tərəflər arasında yazılı şəkildə öhdəlik olmamışdır. Razılaşma ondan ibarət olmuşdur ki, R.Ələkbərov auditor kimi Vergilər Nazirliyi tərəfindən Mənzil-Tikinti Kooperativinə 4000 kv.m görə yazılmış borcun silinməsinə kömək etməli, Mənzil-Tikinti Kooperativi isə öz növbəsində hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzili R.Ələkbərova verməli idi. Lakin, R.Ələkbərov üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, səyyar vergi yoxlanılması ləğv edilsə də, Vergilər Nazirliyi tərəfindən 1 il davam edən təkrar yoxlamalar da nəticəsiz qalmış, yəni borc silinməmiş, əksinə yoxlama ilə Mənzil-Tikinti Kooperativinə 285 000 manat borc yazılmışdır. Bu səbəbdən də R.Ələkbərov ilə Mənzil- Tikinti Kooperativi arasında hər hansı mənzil tikinti müqaviləsinin bağlanılmasından, müqavilə üzrə yaranmış öhdəliklərdən söhbət gedə bilməz. Çünki mənzilin dəyəri ödənilməmişdir,əlavə olaraq 13 000 manat pulu da Rahim Ələkbərov mənimsəmişdir. Əgər tərəflər arasında həqiqətən mənzilin alqı-satqısı barədə razılaşma olsa idi, R.Ələkbərov mənzilin dəyərini ödəyər, Mənzil-Tikinti Kooperativi isə bunun qarşılığında maliyyə arayışı və kooperativə üzvlüyə dair kooperativ üzvlərinin ümumi yığıncağının qərarını R.Ələkbərova təqdim edərdi. R.Ələkbərov üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədiyinə görə kooperativ üzvlüyünə qəbul edilməmişdir. Dəfələrlə ondan müqavilənin əslinin geri qaytarılması tələb edilsə də, söz verməsinə baxmayaraq müqavilənin əslini MTK-ya təqdim etməmişdir.Mübahisəli mənzil heç kimi istifadəsində deyil və həmin mənzildə heç bir iş görülməmişdir. Göründüyü kimi tərəflər arasındakı mənzil müqaviləsi yalan əqddir, başqa əqdi pərdələmək məqsədi ilə bağlanılmışdır, başqa əqd üzrə öhdəlik isə Rahim tərəfindən icra edilməmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, Bakir müəllim Cavabdeh Mənzil-Tikinti Kooperativinin təsisçisidir və onunla yaxın tanışlıq münasibətləri olmuşdur. İddiaçı isə uzun müddətdir ki tanıyır. İddiaçı auditor kimi tanıyır. Bakir müəllimlə İddiaçı o tanış etmişdir, buna qədər onların tanış olduqlarını isə bilmir. Tərəflərin arasında görüşü o, təşkil etmiş və görüşdə şəxsən iştirak etmişdir. Görüşü təşkil etməsinə səbəb isə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə auditor xidmətləri göstərməsi ilə bağlı olmuşdur. Görüş zamanı İddiaçı Mənzil-Tikinti Kooperativində yoxlama işlərini görməyi öhdəsinə götürmüşdür. Daha doğrusu İddiaçı sənədlərlə tanış olduqdan sonra vergi yoxlamasına kömək edəcəyini bildirmişdir. Belə ki, Mənzil-Tikinti Kooperativinə məxsus 4000 kv.m sahə qanunsuz olaraq vergiyə cəlb edilmişdi. İddiaçı 4000 kv.m sahəni qanunsuz olaraq vergiyə cəlb edilməsini sübut etməli idi. Bildiyinə görə MTK-nın mənzil verilməsi qarşılığında razılaşmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzil 1 otaqdan ibarət olmaqla mənzilin ümumi sahəsi 71,84 kv.m-dir. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 46696 manat məbləğində müəyyən olunmuşdur. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilən 01 fevral 2018-ci il tarixli, 09/ K saylı əmrdən görünür ki, İddiaçı 01 fevral 2018-ci il tarixdən əmək müqaviləsinə əsasən hüquqşünas vəzifəsinə qəbul edilmiş, 03 mart 2020-ci il tarixli,02/k saylı əmrlə tutuduğu vəzifəsindən azad edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 04.02.2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 2-ci blokun müqaviləsinə əsasən 46696 manat Mənzil-Tikinti Kooperativinin kassasına mədaxil edilmişdir. Mülki işin materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında 09.01.2018-ci il tarixli **********100608 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə keçirilən səyyar vergi yoxlaması müddətinin 30 iş günü artırılması qərara alınmışdır. Mülki işin materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında 31.10.2018-ci il tarixli **********167652 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə keçirilən səyyar vergi yoxlaması müddətinin 30 iş günü artırılması qərara alınmışdır. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış 13.03.2019-cu il tarixli məktubun surətindən görünür ki, yoxlama aktının bugünədək təqdim edilməməsinin səbəblərinin izah edilməsi və yoxlama aktının təqdim edilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış 01.04.2019-cu il tarixli məktubun surətindən görünür ki, müəssisənin vergi orqanı ilə əlaqəli bütün məsələləri ilə araşdırmada iştirak edən təmsilçisinin İddiaçı olması bildirilmiş və bununla əlaqədar etibarnamənin surəti göndərilmişdir. Mülki işin materiallarında olan 04.04.2019-cu il tarixli **********101676 nömrəli 04.05.2020-ci il tarixli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə 6635,52 manat, 16467,42 manat, 40 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Mülki işin materiallarında olan əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 15.04.2019-cu il tarixli **********180911 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə əlavə vergi yoxlaması tədbirləri keçirilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 16.04.2019-cu il tarixli şikayətin surətindən görünür ki, 04.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının ləğv olunması haqqında göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 17.04.2019-cu il tarixli şikayətin surətindən görünür ki, 04.04.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının ləğv olunması haqqında göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 2 saylı Ərazi Vergilər Departamentinə ünvanlanmış 25.04.2019-cu il tarixli məktubun surətindən görünür ki, müəssisədə aparılan səyyar vergi yoxlamasının ləğv edilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə 30.04.2019-cu il tarixli **********182054 nömrəli qərarın surətindən görünür ki, 2 saylı Ərazi Vergilər Departamenti baş vergi xidməti müşaviri X5 tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 27.22.2017-ci il tarixli **********128540 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 04.06.2019-cu il tarixli **********184485 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2016 - aprel 2019-cu illəri əhatə edən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 25.10.2019-cu il tarixli **********192174 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi üzrə səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılması qərara alınmışdır. Mülki işin materiallarında olan 04.05.2020-ci il tarixli **********189850 nömrəli səyyar vergi yoxlaması aktının surətindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativində satılmış mənzillərə görə 894148,85 manat ƏDV-siz dövriyyə müəyyənləşdirilmiş və nəticədə 160946,79 manat ƏDV üzrə kənarlaşma aşkar olunmuşdur. 80473,40 manat və 180 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Mülki işin materiallarında olan AZE Hüquq şirkəti tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 06/21 nömrəli rəydən görünür ki, sonuncu aktla hesablanmış əlavə vergi məbləğinin və maliyyə sanksiyasının ləğv edilmiş Səyyar vergi yoxlaması zamanı hesablanmış əlavə vergi məbləğindən və maliyyə sanksiyasından 4 dəfə çox olması, əvvəl yoxlanılan 2016-2017-ci illərin yenidən yoxlanılması, yoxlamanın prosedur qaydalarının pozulması, o cümlədən, ləğv etməyə əsas kimi götürülmüş 1 cümləlik məktub, bir daha sübut edir ki, vergi orqanı yol verdiyi nöqsanlara görə Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsində maraqlı olmuşdur. Mülki işin materiallarına əlavə edilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil1 ərizəsindən görünür ki, o, Cavabdeh Mənzil-Tikinti Kooperativinin iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki işin materiallarından, proses iştirakçılarının izahatlarından və şahid ifadəsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında Mənzil-Tikinti Kooperativinin 4000 kv.m sahənin vergiyə cəlb olunmasının əsassız hesab edilməsi və bu məqsədlə yazılmış vergi borcunun silinməsi öhdəliyini üzərinə götürməsi ilə əlaqədar İddiaçı MTK-nın 01 fevral 2018-ci il tarixli, 09/K saylı əmri ilə hüquqşünas vəzifəsinə işə qəbul olunmuş, eyni zamanda xidməti müqabilində tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 95 nömrəli mənzilin verilməsi barədə razılığa gəlmişlər. Lakin, İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iki dəfə səyyar yoxlama keçirilmiş nəticədə Cavabdeh Mənzil-Tikinti Kooperativi müxtəlif məbləğlərdə maliyyə sanksiyalarının tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Bu yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur.Bundan sonra, MTK-nın 01 mart 2020-ci il tarixli əmri ilə Əlizadə Rahim tutuduğu vəzifədən zad edilmişdir. İlkin iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İlkin iddia üzrə iddiaçı Əlizadə X4 rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsini xahiş etsə də, sözügedən mübahisəli mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilən 04.02.2018-ci il tarixli kassa mədaxil orderi ciddi hesabat blankı deyildir. Əksinə iş materiallarından, kooperativin nümayəndəsinin izahatından və şahid ifadəsindən görünür ki, İddiaçı ilə Cavabdeh Mənzil- Tikinti Kooperativi arasında Mənzil-Tikinti Kooperativinin 4000 kv.m sahənin vergiyə cəlb edilməsinin əsassızlığı ilə bağlı nəticənin aradan qaldırılması ilə əlaqədar olsa da, İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə müxtəlif vaxtlarda səyyar yoxlamalar aparılmışdır. Göründüyü kimi Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Başqa əqd üzrə Rahim Ələkbərov MTK qarşıısında üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Başqa əqd üzrə Rahim Ələkbərov MTK qarşıısında üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir Bu barədə yuxarıda qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanılmış müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasındakı kooperativ binanın mənzil tikintisi haqqında müqavilə başqa əqdi pərdələmək məqsədilə ilə bağlanılmış yalan əqddir,yalan əqd əhəmiyyətsiz əqddir.Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, MTK tərəfindən mübahisıli mənzillə bağlı ilkin iddiaçıya lazımi sənədlər tam olaraq verilmədiyindən ilkin iddiaçı tərəfindən həmin mənzilə münasibətdə əsassız varlanma halı baş verməmişdir.Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı bir il ərzində iddia qaldırmaq hüququ burada istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı sənədlərin təqdim edilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativi (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar