Məhkəmə qərarları › İş №2(012)-1826/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1826/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1826/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan nikah aktı qeydinin bərpasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan nikah aktı qeydinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X12 və onun arasındakı nikah qeydinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İsmayılova (Abuzərov) Stara İsmayıl qızı ilə X12 arasında Masis rayonunda xx.xx.1958-ci il tarixdə bağlanmış olan nikah qeydinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Ərizəçi xx.xx.1934-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. 1958-ci ildə, 1938-ci il təvəllüdlü X12 ilə ərizəçi yaşadıqları Masis rayonunda Qeydiyyat idarəsində (o vaxtki, ZAQS idarəsində) rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ərizəçinin rəsmi nikahdan Masis rayonunda 6 övladı (X8, X10, X13, X11, X5, X14) dünyaya gəlmişdir. Ermənistan Respublikasında baş vermiş məlum hadisələr zəminində ərizəçi ailəsi ilə birlikdə 1988-ci ildə Bakı şəhərinə köçmüşdür. Ərizəçi Bakıya gəldikləri vaxtdan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ərizəçinin övladı X13 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin həyat yoldaşı X12 22 mart 2024-cü il tarixdə Abşeron rayonunda vəfat etmiş və bundan sonra Abşeron Rayon 1 saylı notariat kontoruna vərəsəlik şəhadətnaməsinin alınması ilə əlaqədar müraciət etdikdə onlardan müəyyən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Ərizəçi və ailəsi sənədlərin içərisində nə qədər axtarsalar da nikah haqqqında şəhadətnamənin nə əslini də ki surətini tapa bilməmişdir. Belə çıxır ki, ərizəçi Ermənistandan qaçqın düşən zaman nikah şəhadətnaməsini itirmişdir. Bununla əlaqədar olaraq Azərbacan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə sorğu verilmiş, lakin Azərbacan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16 -5/8-16-3205/24 saylı məktubu ilə bildirilmişdir ki, X12 və Ərizəçi İsmayıl qızının nikah haqqında akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X9 izahatında məhkəmə tərəfindən ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qudasının anasıdır. Onlar Ermənistanın Masis rayonunda yaşayıblar. Ərizəçinin həyat yoldaşının adı X12 olmuşdur. Onların rəsmi nikahda olmalarını təsdiq edir. Lakin nə vaxt nikaha girmələri barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun uzaq qohumudur. O, ərizəçiyə məxsus evdə kirayədə qalmışdır. Ərizəçi əvvəllər öz ailəsi ilə Ermənistanın Masis rayonunda yaşamışlar. Məlum hadisələrdə Azərbaycana gəlmişlər. Ərizəçi Abuzərov Tahir ilə rəsmi nikahla ailə quraraq yaşamışlar. Həmin nikahdan 6 övladları olmuşdur Lakin o, ərizəçinin nikaha daxil olduğu tarixi bilmir. Ərizəçinin həyat yoldaşı Tahir Abuzərov 2024-cü ildə rəhmətə getmişdir. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsini, şahidləri dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfinən verilmiş AZE Seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1934-cü ildə Ermənistan, Masis rayonunda anadan olmuşdur. -Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 384264 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə durğunluq ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. -T-СЛ 331035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1973-cü ildə anadan olmuşdur. X2, anası isə Ərizəçidır. -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İV-ЖГ 488172 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1997-ci ildə vəfat etmişdir. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2. maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Maraqlı şəxs məhkəməyə müraciət edilməsini tövsiyyə edilmişdir. İşin faktiki hallarından məlum olur ki, Ərizəçi həyat yoldaşı X12 ilə 1958-ci ildə Ermənistan SSR-nin Masis rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 6 övladları anadan olmuşdur. Həyat yoldaşı X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ermənistan Respublikasında baş vermiş məlum hadisələr zəminində ərizəçi ailəsi ilə birlikdə 1988-ci ildə Bakı şəhərinə köçmüş, şəhadətnamə itmiş və Bakıya gələrkən nikah haqqında şəhadətnaməni tapa bilməmişdir. O, nikah haqqında şəhadətnaməni təkrar almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Oradan imtina edilərək məhkəməyə müraciət etməli olması bildirilmişdir. Hazırda ərizəçi nikah aktı qeydinin bərpasına dair ərizə ilə müraciət edərək, onunla həyat yoldaşı X12 arasında xx.xx.1958-ci il tarixdə bağlanmış nikah aktı qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3. maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə işin araşdırılan halları, ərizəçinin izahatını, şahidlərin ifadəsini, iş üzrə sənədləri tədqiq edib belə hesab edir ki, işin faktiki halları iş üzrə tədqiq edilmiş sübutlara uyğun gəlir və ərizəçinin Ermənistan SSR-nin Masis rayonunda nikah qeydinin olması, onun birgə nikahdan doğulmuş uşaqlarının olması, şahid ifadəsi, sübut üçün təqdim edilmiş sənədlərlə təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qararı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın bəndlərinə əsasən

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

21. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Beləliklə Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə X7 xx.xx.1958-ci ildə Ermənistan SSR-nin Masis rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikah akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X12 arasında xx.xx.1958-ci ildə Ermənistan SSR-nin Masis rayonu, Qeydiyyat Şöbəsində bağlanmış nikah akt qeydi bərpa edilsin. Qətnamə nikah haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar