Məhkəmə qərarları › İş №2(012)-1853/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1853/2023

19.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1853/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzilindən çıxarılması, həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzili order əsasında ona və ailə üzvlərinə verilmişdir. Həmin mənzillər daha sonra qanunvericiliyə əsasən vətəndaşların mülkiyyətinə verilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olan evə qanunsuz daxil olmuşdur. Onlar Cəbrayıl rayonundan məcburi köçkündürlər. 1999-cu ildən həmin ünvana X1. Daha sonra isə o, Cavabdeh1 və onun ailə üzvlərini pul qarşılığında həmin mənzilə köçürərək özü həmin mənzildən çıxmışdır. Onlar qaçqın olduğuna görə hüququ çatsa belə, indiyədək onların evdən çıxarılmasına dair iddia qaldırmamışdır. Lakin o, həmin evin üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə müraciət etmiş, cavabdeh isə Xidmətin mütəxəssislərinin həmin evə baxış keçirmələrinə şərait yaratmamışdır. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüququnu pozduğundan iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı, həmçinin onun nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. Nümayəndə bildirdi ki, həmin evdə Cavabdeh1 oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşayır. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 002090 saylı, xx.xx.1993-cü il tarixli orderin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 3 otaqlı, 37,45 kv.metrlik 56 saylı mənzili A.İ.Hacıyevə və 3 nəfər ailə üzvünə (1941-ci il təvəllüdlü İddiaçı, 1978-ci il təvəllüdlü S.A.Hacıyev və 1980-ci il təvəllüdlü Nümayəndə) verilmişdir. İşdə olan 370123 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 xx.xx.1974-cü il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan 450595 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İşdə olan DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 62 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzilində Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil 002090 saylı orderə əsasən iddiaçının əri A.İ.Hacıyevə və 3 nəfər ailə üzvünə (1941-ci il təvəllüdlü İddiaçı, 1978-ci il təvəllüdlü S.A.Hacıyev və 1980-ci il təvəllüdlü Nümayəndə) verilmişdir. A.İ.Hacıyev xx.xx.1994-cü il tarixdə ölmüşdür. Cavabdehlər məcburi köçkün olmalarından istifadə edərək mübahisəli mənzildə yaşayırlar. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallarından görünür ki, mübahisəli mənzilə dair verilmiş orderdə iddiaçı mənzil icarədarının ailə üzvü qismində göstərilmişdir. Order verilən zaman qüvvədə olan Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüşdür) 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Həmin Məcəllənin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşdən görünür ki, cavabdehlərin məcburi köçkün statusundan istifadə edərək müvafiq orderlə iddiaçıya və ailə üzvlərinə verilmiş mənzildə məskunlaşmaları onun qanunla qorunan mənzil hüquqlarını kobud şəkildə pozur. İddiaçı həm əvvəlki, həm də hazırda qüvvədə olan mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehlərin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin başqa qaydada həll edilməsi isə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilin öz adına özəlləşdirilməsi barədə hüququ mövcuddur ki, cavabdehlərin bu yaşayış sahəsində məskunlaşmaları buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 övladı xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzilindən çıxarılmalıdırlar və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 övladı xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, 6 saylı evin 56 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar