Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-188/2024 02.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən çıxarılması, dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayon. Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi onun xüsusi mıilkiyyətindədir. Torpağın təyinatı yaşayış məntəqələrinin torpağıdır. Bu barədə ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, ona məxsus həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. Təxminən bir neçə il öncə Cavabdeh2 tərəfindən ona məxsus həmin torpaq sahəsi zəbt edilmiş və orada qaraj inşa edilmişdir. Sonradan həmin şəxs ona məxsus torpağı Cavabdeh1 adlı şəxsə satmışdır. Həmin şəxs keçmiş vəkil olmaqla, dələduzluq törətdiyinə görə məhkum edilmiş, Vəkillər Kollegiyasından xaric edilmişdir. Dəfələrlə həmin şəxsdən torpağını boşaltmasını tələb etsə də, o məhəl qoymamış və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Faktla bağlı polisə şikayət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Odur ki, həmin şəxsin ona məxsus torpaqdan çıxarılması haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. İddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir ki, onun da qarşı tərəfdən tutularaq ona ödənilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus qarajın ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən sökülərək cavabdehin hesabına çıxarılması və tərəfindən dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 1993-cü ildən torpaq sahəsini almışdır. Cavabdehlə qonşu olmuşdur. Təxminən 10 il bundan əvvəl cavabdeh olan Əli özünə ev tikdirdirmişdir. Evin tikintisini aparan şəxs Əlinin qardaşı olmuşdur Qarşı tərəf ölçüləri müəyyənləşdirmək üçün evin sənədlərini ondan tələb etmişdir. Cavabdeh tikdirdiyi tikili onun ərazisinə düşmüşdür. Tikili tikilən vaxtlarda bu məsələnin cavabdehlə öz aralarında həll olunacağını düşünmüşdür, lakin bu məsələ həll olunmadığı üçün hazırda məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən kompensasiya təklifinə razı deyildir, onun mülkiyyətində olan torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı öz torpaq sahəsini 1993-cü ildə yerli icra hakimiyyəti orqanının qərarı əsasında almışdır. 2014-cü ildə isə həmin torpaq sahəsini iddiaçı öz adına özəlləşdirmişdir. Özü isə torpağı ondan iki ay sonra özəlləşdirmişdir. 2014-cü ildə özünə ev tikdirməyə başlamış, iddiaçı da bunu görmüş və heç bir etirazı olmamış razılaşmışdır. Üzərindən doqquz il keçəndən sonra hazırda ona qarşı tikinin sökülməsi ilə bağlı iddia qaldırmışdır. Ekspertiza rəyi ilə tanış olmuş, üst-üstə düşən hissəyə görə iddiaçıya kompensasiya ödəməyə razıdır, lakin iddiaçı kompensasiyaya razı deyildir. Məhkəmə tərəflərin münasibətini araşdırıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA № 614036 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu G.İ.Mənsimova, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-511, xx.xx.2021. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, ev 11 Yeni qaydalarla: ünvan 1 Cavabdeh2 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Niyazi Əsgərov küçəsi, ev 11 Yeni qaydalarla: ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində olan 167.9 kvadratmetr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Abşeron rayon polis İdarəsinin 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı məktubun surətindən görünür ki, Abşeron rayon polis idarəsinə daxil olmuş müraciət ilə əlaqədar olaraq araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün müvafiq qərar çıxarılmışdır. Ərizədə göstərilən xüsusatlarla bağlı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnuzun olduğu bildirilmişdir. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-H-01xx-xx/2023 saylı məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin yerinin və koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli (daxilolma: **********) İddiaçı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində xx.xx.2021-ci il tarixli, **********66 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14156/2023 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********66 qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşir (sxemdə göstərilmişdir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********66 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində Cavabdeh1 faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üst-üstə düşür. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, 3-21-3-02/2-A-0009/02-8/2024 saylı məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə gediş-gəliş yolunun digər fiziki şəxsə satılması ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 8 fevral 2024-cü il tarixli Cavabdeh2 müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirilmiş və torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən halhazırda gediş-gəliş yolu kimi istifadə olunan sahə digər fiziki şəxsin mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onlrın məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9238 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-3725/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr, **********66 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları İddiaçı qəzə tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir, (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir). Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr, **********66 qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində Cavabdeh1 faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edildiyi üçün tikilinin sökülməsi torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 məxsus qarajın ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən sökülərək cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yaranmış mübahisənin daha obyektiv və ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi alınmış və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/9238 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr, **********66 qeydiyyat nömrəli çixarışa əsasən, İddiaçı Suriyyə qızının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində Cavabdeh2 faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, cavabdeh torpaq sahəsini 2014-cü ildə almış, tikinti işlərinə elə həmin zamandan başlamış, iddiaçı tikintidən məlumatlı olmuş, lakin tikintiyə etiraz etməmiş, bunu isə o vaxt cavabdehlə razılığa gələbiləcəyi ilə izah etmişdir. İddiaçı 2020-ci il də polis idarəsinə müraciət etmiş, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq iddiaçı 2023-cü ildə hüquqlarının pozulması ona aşkar olduqdan 9 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 2014-cü ildə cavabdeh tərəfindən tikili tikərkən hüquqlarının pozulduğunu bildiyi halda həmin tikilinin tikilməsinə mane olmamış razılaşmışdır. Üzərindən uzun müddət keçdikdən sonra cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir ki, məhkəmə iddiaçının hazırkı tələbini qanundan sui-istifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Eyni zamanda hazırda tərəflərin izahatından görünür ki, cavabdeh üst-üstə düşən ərazidə yəni 0.0019 ha (19 kv.m) olan hissədə talvar tikilisi olduğu üçün cavabdehə kompensasiya təklif etmiş cavabdeh isə bununla razılaşmamışdır. Həmçinin İddiaçı ona məxsus torpaq sahəsinin müəyyən hissəsi cavabdeh tərəfindən zəbt edildiyi üçün torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 məxsus qarajın ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən qaraj tikilisinin sökülərək cavabdehin hesabına çıxarılmasını tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9238 nömrəli ekspert rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları daxilində Cavabdeh2 faktiki istifadəsində olan talvar tikilisinin 0.0019 ha (19 kv.m) hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi tikinti qaraj tikilisi deyil talavar tikilisi olmuşdur ki, iddiaçı isə iddia ərizəsində qaraj tikilisinin sökülməsi tələbini qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı iddia tələbində qanundan sui-istifadə hallarına yol verdiyindən və iddia tələbi işin araşdırılan hallarına uyğun gəlmədiyindən, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatıının dəyəri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh2 qarşı tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov