Məhkəmə qərarları › İş №2(012)-1897/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1897/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1897/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Sumqayıt ASAN Xidmət X3ndə 1338 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o cavabdeh N.Musiafayev ilə xx.xx.2023-cü ildə 2 saylı Sumqayıt Asan Xidmət X3ndə rəsmi nikaha daxil olmuşdurlar. Bu nikaha girmə onun öz istəyi ilə deyil, qohumlarının təkidi əsasında olmuş və əslində onların aralarında sevgi hisləri olmamışdır. Nikahı rəsmiləşdirdikdən sonra o başa düşmüşdür ki, bu addımı atmaqda yanılmış, aldadılmış və bu barədə qohumlarıma bildirməklə həmin şəxslə ailə qurmaqdan imtina etmişdir. Onların toyları baş tutmamış və nikah yalnız kağız parçası üzərində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdehin də onunla ailə qurmaq niyyəti olmamışdır. Belə ki, o uzun müddətdir ki, başqa bir qadınla faktiki nikah münasibətlərindədir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməlidir. İddiaçı iddia ərizəsini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, onun bəyəndiyi başqa birisi olmuş, lakin utandığından valideynlərindən gizlətmişdir. Buna baxmayaraq valideynləri onu məcburi şəkildə cavabdehlə ailə qurmağa məcbur etmişdir. Onun heç vaxt cavabdehlə ailə qurması niyyəti olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh də onunla ailə qurmaq niyyəti olmamış onu da, ailəsi məcbur etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkmədən xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etdiyini və xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan baxılmaqla iddia tələbinin təmin edilməsini xahiş etmşdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı bacısının nəvəsidir. İddiaçı onların təkidi və təzyiqi ilə Cavabdeh ilə nişanlanmışdır. Lakin Aytənin özünün istədiyi oğlan olubdur. Ona baxmayaraq ailənin təkidi və təzyiqi ilə Nemətlə rəsmi qaydada evlənməyə məcbur edilmişdir. Buna səbəb isə Nemətin ali təhsilli olması, dövlət işində işləməsi və şəhid oğlu olması olmuşdur. Nişandan sonra Nemət və Aytəni evinə qonaq çağırmış, qonaq çağıran zaman Nemətin həyətin ortasına gedib başqa qızla danışığını eşitmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdehin toyları olmamış, cavabdehin evinə gəlin köçməmiş, heç vaxt birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və aralarında heç bir münasibət olmamışdır. Nikah yalnız sənəd üzərində formal olaraq qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı bibisidir. Ailənin təkidi və təzyiqi ilə Nemətlə evlənməyə məcbur edilmişdir. Aytənin özünün istədiyi başqa oğlan olmuş, bunu ailəsindən gizlətmiş, nikaha könülsüz daxil olmuşdur. Onu cavabdehlə ailə qurmağa ata-anası məcbur etmişdir. Aytənin əvvəlcə nişan mərasimi olmuş, sonra rəsmi nikah qeydə alınmışdır. Nişan dövründən etibarən cavabdeh Aytənə qarşı soyuq olmuş və sanki bu işdə könülsüz olduğunu hiss etdirmişdir. Lakin bunun keçici olduğunu düşünərək o qədər də əhəmiyyət verməmişlər. Bu səbəbdən nikah mərasimi baş tutmuşdur. Bundan az sonra isə cavabdehin başqa bir qızla danışığının olmasını bildik. Buna görə də planlaşdırılmış toy mərasimi baş tutmamışdır. Aytən cavabdehin evinə gəlin köçməmiş, cavabdehlə heç vaxt birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və aralarında heç bir münasibət olmadığı üçün övladları da olmamışdır. Nikah yalnız sənəd üzərində formal olaraq qalmışdır. Məhkəmə, tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 184.2. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -2 saylı Sumqayıt “ASAN Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 607092 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1338 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Kərimova soyadı verilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində anadan olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 9.4. maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 25.1. və 25.2. maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) məhkəmə qaydasında etibarsız sayılır. 25.4. maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.7. maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən hazırki iş üzrə İddiaçı nikahın etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququnun olubolmamasını yoxlamalıdır. Belə ki, Ailə Məcəlləsinin 26.1. maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli № 8-2/2016 saylı Qərarının 11.2. bəndinə əsasən nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Qanunvericiliyin tələblərini rəhbər tutaraq və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə, könüllü razılığı olmadan nikaha girdiyini, bununla da nikah bağlanarkən hüquqlarının pozulduğunu iddia edən İddiaçı nikahın etibarsızlığını tələb etməyə subyektiv hüquqa malik olması qənaətinə gəlir. Göründüyü kimi, qanunvericilik nikahın etibarsız hesab edilməsinin ən başlıca səbəbini qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, tərəflərin birinin və ya hər ikisinin nikaha girmək niyyətinin olmaması ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edib iddia tələbi ilə bağlı qeyd edir ki, hazırki mübahisə nikaha daxil olduqdan sonra bir-biriləri barəsində qarşılıqlı ər-arvad hüquq və vəzifələri yaradan İddiaçı ilə Cavabdeh arasındakı nikahın etibarsız hesab edilməsidir ki, qanunvericilik nikahın etibarsızlığının başlıca şərtini tərəflərin birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması ilə şərtləndirmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlar, iddiaçının izahatı, cavabdehin iddianı qəbul etməsi barədə ərizəsi, eləcə də şahid ifadaləri ilə müəyyən edildi ki, rəsmi nikaha girmiş İddiaçı Cavabdeh ilə ailə qurmaq niyyəti olmamış, valideynlərinin təkidinə görə məcburiyyət nəticəsində formal olaraq nikaha daxil olmuş, bundan sonra tərəflərin toy mərasimi baş tutmamışdır, onlar ər-arvad münasibətlərində olmamış, birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar və övladları da olmamışdır. İddiaçı könüllü razılığı olmadan nikaha daxil olmuşdur. Nikah müvafiq qurumda qeyd edildiyindən İddiaçı hazırki iddianı qaldırmış, Cavabdeh isə bu iddianı etiraf etmiş, bu barədə ərizə vermişdir. Ailə Məcəlləsinin 27.1. maddəsinə əsasən nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında saxta nikah bağlanmış, onlar ailə qurmaq niyyətində olmadıqlarını, həmçinin valideynlərinin təkidi ilə nikaha daxil olmaları, məhkəmə araşdırması zamanı “özlərini (şəxsiyyət) sübuta yetirmə” ilə bağlı davranışlarında da təsdiq etmişlər. Bununla da, məhkəmə nikahın etibarlı hesab edilməsinə əsaslar görmür, əksinə tərəflərin ailə qurmaq niyyətinin olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə iddia ərizəsinin təmin edilməsi, 2 saylı Sumqayıt“ASAN Xidmət” X4 Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1338 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 25.3. maddəsinə əsasən məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 2 saylı Sumqayıt “ASAN Xidmət” X4 xx.xx.2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1338 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar