Məhkəmə qərarları › İş №2(012)-1911/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1911/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1911/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 3 saylı evin 24 saylı mənzil onun xüsusi mülkiyyətində olmaqla həmçinin həmin ünvanda pasport qeydiyyatındadır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan mənzil 30.09.1971-ci il tarixdə 24 saylı order əsasında atası X3 adına qeydiyyata alınmış, atası 22.02.2011-ci il tarixdə mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmədiyinə dair ərizə vermişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 3 saylı evin 24 saylı mənzilində pasport qeydiyyatındadırlar. Hal-hazırda cavabdehlər faktiki olaraq 2007-ci il tarixdən başqa ünvanda yaşasalar da, mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmışlar. Belə ki, iddiaçı özü cavabdehlər üçün 2007-ci ildə ünvan 1 ünvanında ev tikdirmişdir. Cavabdehlərdən Cavabdeh1 onun qardaşı arvadı, Cavabdeh2 qardaşı oğlu, Cavabdeh3 isə qardaşı qızıdır. Sonuncu cavabdeh nikaha daxil olaraq 6-7 il bundan əvvəl mənzili tərk etmişdir. Nəticə etibarı ilə, cavabdehlər onun mənzilində qeydiyyatda olsalar da, cavabdehlər ayrı mənzildə kirayədə yaşamışlar. Cavabdehlərin həmin ünvanda yaşamadıqları halda qeydiyyatda olmaları onun mülkiyyəti üzərində sərəncam verməsinə və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. Bu səbəbdən o, cavabdehlərin qeyd edilən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.05.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 14 saylı reyestr kitabının 23 saylı vərəqində qeydiyyata alınmışdır. - 27.08.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı, 03.12.1959-cu il təvəllüdlü X16, 08.03.1931-ci il təvəllüdlü X4, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3 Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilində qeydiyyatdadırlar. - 16.06.2016-cı il tarixli AZE seriyalı ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Piriyev X20 rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilində qeydiyyatdadır. - 30.09.1971-ci il tarixli 24 saylı orderin surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzili X3 adına qeydiyyata alınmış və həmin mənzil X26, X16, X12, X13, İddiaçı, X17, Xanımgül Nəcəfovanın birlikdə istifadəsinə verilmişdir. - Abşeron rayon Ceyranbatan qəsəbəsi MTİİTS sahəsi tərəfindən verilmiş 15.04.2011-ci il tarixli 80 saylı arayışdan görünür ki, İddiaçı, X9, X17, X22, Cavabdeh2, X14, X10, Cavabdeh1, X23, X1 rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilində qeydiyyatdadırlar. - İddiaçı qardaşı arvadı Cavabdeh1 22.02.2011-ci il tarixli, qardaşı oğlu Cavabdeh2 22.02.2011-ci il tarixli, qızı X5 22.02.2011-ci il tarixli, atası X3 22.02.2011-ci il tarixli, həyat yoldaşı X15 28.02.2011-ci il tarixli, bacısı X7 28.02.2011-ci il tarixli ərizələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, onlar Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.11.2020-ci il tarixli AZ-İİ № 130001 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X16 20.11.2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 36 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.11.2020-ci il tarixli AZ-İİ № 130002 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 22.10.2010-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - Abşeron rayon Ceyranbatan qəsəbəsi MTİİTS sahəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli 458 saylı arayışdan görünür ki, Cavabdeh2, X18, X2 rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilində qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olundu ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzili 30.09.1971-ci il tarixli 24 saylı orderə əsasən iddiaçının atası X3 adına verilmiş, iddiaçının atasının və həmin mənzildə qeydiyyatda olan cavabdehlərlə yanaşı digər ailə üzvlərinin 2011-ci il fevral tarixli ərizələrinə əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzili İddiaçı adına özəlləşdirilmiş və mənzilə dair iddiaçıya 12.05.2011-ci il tarixdə MA seriyalı ******* saylı çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilinə olan qeydiyyatlarının formal xarakter daşıdığı və 2007-ci ildən başqa ünvanda yaşamaları öz təsdiqini tapdığından məhkəmə iddiaçının istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12.03.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, məhkəmə qanunun tələblərini, Avropa məhkəmə təcrübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilinə istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddia tələbi təmin edilməlidir. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 3 saylı evin 24 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar