Məhkəmə qərarları › İş №2(012)-1920/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1920/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1920/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən, cavabdehlə onun ümumbirgə istifadəsində olan, cavabdehin adına olan yaşayış evinin tərkib hissəsindən onun istifadə hüququnun tanınması və onun azyaşlı uşaqları ilə birgə həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2005-ci ildə el adəti il toy edib ailə həyatı qurmuş və 02 fevral 2010-cu il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Tərəflərin birgə nikahdan 2 övladı- 21.08.2006-cı il təvəllüdlü X4 və 28.04.2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. İddiaçı cavabdehlə ailə qurduğu ilk gündən onun da yaşadığı valideynlərinə məxsus evə gəlin köçmüşdür. Onlar birgə yaşadığı dövrdə- 2012ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış sahəsi deyilən yerdə 0.04 ha həyətyanı torpaq sahəsi almış, orada ev inşa etdirmişlər. 2013-cü ildə ev hazır olduqdan sonra onlar həmin bir otaqlı evə köçərək yaşamağa başlamışlar. Yaşayış evinə bütün kommunal xətlər çəkilməsi, aidiyyəti orqanlara müəyyən sənədlərin təqdim olunmasında iddiaçı bilavasitə özü də iştirak etmiş və bu işlər üçün lazım olan vəsaiti ödəmək üçün bankdan 2013-cü ildə onun adına kredit də götürmüşlər. Yaşayış evi üçün lazım olan bütün məişət əşyaları, cehizlər həmin evə yerləşdirilmişdir. İddiaçı 7 il ərzində azyaşlı uşaqları ilə birgə həmin evdə yaşamışdır. Tərəflər arasında münasibətlər pisləşdikdən sonra, iddiaçı övladları ilə birgə valideynlərinin yanına sığınmalı olmuşdur. Lakin hazırda onların orada yaşaması mümkün olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tikilini özləri tikib yaşamışlar. Torpaq üçü etibarnamə verilib. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçının həmin evə köçüb yaşamasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 551520 №-li nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı 02 fevral 2010-cu il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 75 № ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 096696 №-li və 766376 №-li doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 21.08.2006-cı il təvəllüdlü X4 və 28.04.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Mülki işin materiallarında olan 06.08.2012-ci il tarixli etibarnamədən müəyyən edilir ki, X1 rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.08 ha olan torpaq sahəsindən yalnız 0.04 ha olan torpaq sahəsinə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, DT və Kadastr planı almağı, Forma-1, Forma-2, arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 70 il müddətinə verilib və 06 avqust 2082-ci ilədək qüvvədədir. Mülki işin materiallarında olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 22.03.2014-cü il tarixli müqavilədən müəyyən edilir ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı Cavabdeh qızı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh əvvəlcə faktiki nikaha daxil olmuş, sonra nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 övladları var. Tərəflər 2012-ci ildə X3 məxsus 0.08 ha. torpaq sahəsinin 0.04 ha torpaq sahəsinə aid hissəsində onun verdiyi etibarnamə əsasında bir otaqlı tikili inşa etdirmiş,ötən müddət ərzində övladları ilə birgə orada yaşamış, birgə təsərrüfat aparmışlar. Tərəflər arasında yaranan münaqişədən sonra iddiaçı övladları ilə birgə valideynlərinin yanına köçməli olmuşdur. Hazırda isə həmin tikiliyə istifadə hüququnun tanınması və övladları ilə birgə həmin evə köçürülməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaçının evə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı azyaşlı övladları 21.08.2006-cı il təvəllüdlü X4 və 28.04.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməli bu hissədə iddia təmin edilməli, özbaşına tikiliyə istifadə hüququnun tanınması qanunla yol verilməz olduğundan bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları 21.08.2006-cı il təvəllüdlü X4 və 28.04.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən, Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülsünlər,İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar