Məhkəmə qərarları › İş №2(012)-1934/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1934/2023

24.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1934/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan, ölçüsü və sahənin dəqiq müəyyən olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan, ölçüsü və sahənin dəqiq müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Abşeron Ərazi İdarəsinin özünü etdiyi səhvi ədalətlə həll etməsi, peyklə olan koordinat sürüşməsi barəsindəki səhvi düzəltməsi, 2013-cü ildə ona göstərilən torpaq sahəsinin məhz həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunun qanuni sənədlərlə təsdiqlənməsi, bu barədə ona məktubla cavab verilməsi, bu qanunsuzluğa son qoyulması, yenidən ölçməyə dair və məhkəmə rüsumunun da xərcinin ona geri ödənilməsində köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində iddiaçı 2013-cü il tarixdə ona satılmış və yerində ona təhvil verilmiş torpaq sahəsinin koordinatlarında sürüşmə olduğunu, həmin torpaq sahəsində başqa bir şəxs tərəfindən tikinti işləri aparıldığını bildirərək, 2013-cü ildə ona göstərilən torpaq sahəsinin onun mülkiyyətində olduğunun qanuni sənədlərlə təsdiqlənməsini xahiş etsə də, hazırki mübahisənin həmin şəxsin mənafeyinə toxunmasına baxmayaraq, mənafeyinə toxunulan həmin şəxsi iddia ərizəsində cavabdeh qismində göstərməmiş və ona qarşı yönələn tələb qoymamışdır. Eyni zamanda iddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir; 149.2.2-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan, ölçüsü və sahənin dəqiq müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan, ölçüsü və sahənin dəqiq müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 (yüz) manat dövlət rüsumuna görə pul geri ona qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar