Məhkəmə qərarları › İş №2(012)-1940/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1940/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1940/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon Hökməli Bələdiyyəsi və X4) qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon Hökməli Bələdiyyəsi və X4) qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Hökməli Bələdiyyəsinin verdiyi şəhadətnamə ilə ona məxsus olan fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X8 ilə xx.xx.2020-ci il tarixdə rəsmi şəkildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından X10 və X11 anadan olmuşdur. X8 ilə birgə nikahları Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2471 saylı qətnaməsi ilə pozulmuşdur. Qeyd etmək istəyir ki, nikahları pozulduqdan sonra o və uşaqları yuxarıda qeyd etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Qəsr yaşayış kompleksi 2-ci blok, 2-ci mərtəbə, 8-ci mənzil 95 ünvanında yaşayır. Nikahda olduqları müddətdə keçmiş həyat yoldaşıyla onun birgə yaşadıqları Abşeron rayonu, Hökməli Bələdiyxəsinin verdiyi şəhadətnaməsi ilə ona məxsus olan fərdi yaşayış evinin içərisindəki ona məxsus olan cehiz əşyaları keçmiş həyat yoldaşı X1 və istifadəsində qalmışdır. Cavabdeh evin içərisindəki ona məxsus olan cehiz əşyalarını evdən çıxarıb küçəyə atmışdır. O və övladları уaşadıqları şəhadətnamədə qeyd edilən fərdi yaşayış evindən çıxdıqdan sonra həmin evdə hazırda başqa şəxslər yaşayır və onu evə buraxmırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Abşeron rayonu, Hökməli Bələdiyyəsinin verdiyi şəhadətnaməsi ilə ona məxsus olan fərdi yaşayış evinə daxil olmağıyla bağlı keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən ona qarşı yaradılmış maneə aradan qaldırılmalı və o, maneəsiz olaraq öz mənzilinə köçürülməlidir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Abşeron rayon Hökməli bələdiyyəsinin nümayəndəsi X7 izahatında bildirmişdir ki, mübahisəli ev Hökməli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Hazırda həmin evdə Elmar Həmidov adlı şəxs ailəsi ilə birlikdə yaşayır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi Bələdiyyə tərəfindən hər hansı bir şəxsin mülkiyyətinə istifadəsinə, icarəsinə verilməmişdir. Evin tikilməsinə Bələdiyyə tərəfindən razılıq verilməmişdir. İddiaçının həmin evə hüququnun olması ilə bağlı onu qeyd edir ki, cavabdeh bələdiyyə tərəfindən evə vergi uçotuna alınmış, bununla bağlı ona vergi şəhadətnaməsi verilmişdir. Lakin cavabdehin evə görə hər hansı vergi verməsi bələdiyyə tərəfindən uçota alınmamışdır. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yerli bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən torpaq sahəsi 250 m2, tikinti sahəsi isə 85 m2 olan 1 mərtəbədən ibarət fərdi yaşayış evi üzrə İddiaçı yerli bələdiyyə büdcəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. -Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2471/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh Mamedov Zaki (Cahangir oğlu) arasında xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 439 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılmaları, Mamedov Zakidən (Cahangir oğlu) xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. -Abşeron Rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, icraatda olan mülki işlə əlaqədar Abşeron rayon Hökməli bələdiyyəsinə ünvanlanan 02 iyun 2025-ci il tarixli, 2(012)-1940/2025 saylı məktuba tərəflərindən baxılmışdır. Bildirilir ki, sözügedən ünvana bələdiyyənin nümayəndəsi tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, Hökməli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində Elmar Həsənov hazırda ailəsi ilə birgə yaşayır. Həmin torpaq sahəsi Hökməli bələdiyyəsi tərəfindən hər hansı bir vətəndaşın mülkiyyətinə, icarəsinə və istifadəsinə verilməmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin xx.xx.2019-cu il tarixli, 37 nömrəli Sərəncamının icrasına dair xx.xx.2019-cu il tarixində təsdiq olunmuş tədbirlər planına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün əsaslandırıcı sənədlərə malik olmayan tikililərin və torpaq sahələrinin uçota alınmasını əsas tutaraq İddiaçı Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən sənədsiz fərdi yaşayış evi Hökməli bələdiyyəsi tərəfindən 11,12.2019-cu il tarixində vergi uçotuna alınmışdır. Bununla əlaqədar vergi ödəyicisi kimi vergi ödəyicisinin şəhadətnaməsi təqdim olunmuşdur. X2 Məlumat sisteminə BAMS vətəndaş tərəfindən hər hansı bir vəsait ödənilməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, Abşeron Rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli yerli bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən torpaq sahəsi 250 m2, tikinti sahəsi isə 85 m2 olan 1 mərtəbədən ibarət fərdi yaşayış evi üzrə İddiaçı yerli bələdiyyə büdcəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixində isə İddiaçı Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Sonradan tərəflər arasında münasibətlər pozulmuş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2471/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah ləğv edilmişdir. İddia ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçı nikahda olduqları müddətdə keçmiş həyat yoldaşıyla Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində bir müddət yaşamış, sonra tərəflərin münasibəti pozulmuş, nikahları ləğv edilmiş və iddiaçı mübahisəli evdən çıxmaq məcburiyyətində qalmışdır. Bundan sonra keçmiş həyat yoldaşı evi başqa şəxsə satmışdır. İiddiaçı və övladları уaşadıqları şəhadətnamədə qeyd edilən fərdi yaşayış evindən çıxdıqdan sonra həmin evdə hazırda başqa şəxslər yaşayır və iddiaçını evə buraxmırlar. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Hökməli Bələdiyyəsinin verdiyi şəhadətnamə ilə ona məxsus olan fərdi yaşayış evinə köçürülməyi xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir. Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən fərdi yaşayış eviə dair kommunal xidmətlər (işıq, qaz) iddiaçının adına olsa da, iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas olmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə iclasında işin araşdırılan hallarından göründüyü kimi Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən fərdi yaşayış eviin hüquqmüəyyənedici sənədi yoxdur və özbaşına tikilidir. Məhkəmə sübutları və iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı sözügedən evin Abşeron Rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən, ona məxsus olduğunu bildirmişdir. Lakin İddiaçı, mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etdiyi halda, həmin evə dair o, istifadə, sahiblik, mülkiyyət hüququ olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Abşeron Rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnamə əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd deyildir. Odur ki, İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə hüquqmüəyyənedici sənədləri olmadığından hər hansı hüquqları yoxdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 № li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçınun iddia tələbi əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon Hökməli Bələdiyyəsi və X4) qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar