Məhkəmə qərarları › İş №2(012)-1955/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1955/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1955/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X13 Kazımovun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, eyni zamanda vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə məcburi köçürülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış nikah Sumqayıt şəhər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-5709/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh kirayənişin kimi (həmin mənzil dövlətin mülkiyyətindədir) yaşadıqları Abşeron rayonu, St. Sumqayıt ərazisi, ev 5, 24 saylı mənzili zəbt edərək iddiaçını faktiki olaraq mənzildə yaşamaqdan məhrum etmişdir. Həmin mənzil Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən 20 avqust 2019-cu ildə İddiaçı verilmişdir. Mənzil Xüsusi Təyinatlı Yaşayış sahəsidir və kirayə müqaviləsi əsasında müddətsiz olaraq iddiaçıya verilmişdir. İddiaçı çıxılmaz vəziyyətdə qalaraq qohumunun evində yaşayır və yeni ailə qurmasına baxmayaraq mənzilində yaşamaq hüququndan məhrum edilmişdir. Qətnaməyə əsasən iddiaçı 29.05.2019-cu ildə təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment ödəyir. Həmin mənzil iddiaçıya Cəbrayıl rayonundan məcbur köçkün olduğu üçün Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi kimi müvəqqəti yaşamaq üçün verilmişdir. Lakin, cavabdeh iddiaçının mənzildə yaşamağına imkan vermir, bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olur və məsələ hüquqi qiymət almalıdır. Odur ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh İsmayıllı rayonu Quşencə kənd sakinidir, iddiaçı isə Cəbrayıl rayonu Dağtumas kəndindən məcburi köçkün kimi daimi qeydiyyatdadır. Həmin mənzil də iddiaçıya məhz məcburi köçkün olduğu üçün verilmişdir. Bundan əlavə, iddiaçı artıq nişanlanmış, yeni ailə həyatı qurmağa hazırlaşır və gələcək həyat yoldaşı ilə həmin mənzildə mübahisəsiz yaşaya bilməsi üçün cavabdeh həmin mənzildən çıxarılmalıdır. Odur ki, Cavabdeh iddiaçıya məcburi köçkün kimi verilmiş ünvan 1 ünvanda yerləşən mənzildən məcburi çıxarılması və iddiaçının həmin mənzilə məcburi köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 və vəkili X2 iddia ərizəsinə uyğun məzmunda izahatlar verərək iddia ərizəsinin və dəqiqləşmə barədə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, hazırda ünvan 1 ünvanda yerləşən mənzildə azyaşlı uşağı ilə birlikdə yaşayır. O, İddiaçı həmin mənzilə köçürülməsinə və yaşamasına etiraz etmir. Lakin, onun mənzildən məcburi şəkildə çıxarılmasına qətiyyən razı deyildir. Çünki, onun başqa yaşayış yeri yoxdur və onun adı mənzilə dair sənədlərdə qeyd olunmuşdur. Odur ki, iddia tələbinin İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi hissəsində təmin, onun həmin mənzildən məcburi çıxarılması hissəsində isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, “kirarəyə verən” Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi ünvan 1 ünvanda yerləşən mənzili “kirayəçi” İddiaçı sahiblik və istifadəsinə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, “kirayəçi” İddiaçı və arvadı Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilə köçürülmüş və yaşayış sahəsi kimi istifadə etmişlər. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi 2 saylı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 3014 saylı, 19 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Məmmədov X7 rayonundan məcburi köçkündür, ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır və həmin mənzil İddiaçı adına verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi 2 saylı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 3036 saylı, 27 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Cəbrayıl rayonundan məcburi köçkündür və ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. ünvan 3yabr 2020-ci il tarixli, 2(060)-5709/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 19 avqust 2018-ci il tarixdə bağlanmış 2258 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmayan 29 may 2019-cu təvəllüdlü X12 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 29 may 2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə verilmiş AZ-T № 155364 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 may 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına da istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi mənzilin mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayəmüqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir.” Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh iddiaçıya məcburi köçkün kimi verilmiş ünvan 1 ünvanda yerləşən mənzildən məcburi çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, Cavabdeh 25 sentyabr 2019-cu il tarixdə İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzilə köçmüş və onlar bərabər həmin mənzildən istifadə etməyə başlamışdır. Həmin dövrdə onlar arasında etibarlı ailə münasibətləri mövcud olmuşdur, birgə təsərrüfat aparmış, iddiaçı və cavabdeh həmin mənzilə köçürülmüş və mənzili yaşayış sahəsi kimi istifadə etmiş, həmin mənzildə qeydiyyata alınmışlar. Tərəflərin birgə nikahlarından anadan olmuş azyaşlı uşaqları cavabdehin himayəsində yaşayır və cavabdehin həmin mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçının qeyd etdikləri cavabdehin mənzildən məcburi çıxarılması üçün əsas deyildir və iddiaçının tələbi bu hissədə rədd edilməlidir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2 Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar