Məhkəmə qərarları › İş №2(012)-1976/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1976/2023

23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1976/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Fatmayı kəndində tiktirdiyi və yaşadığı ona məxsus 2 və 3 otaqlı iki fərdi yaşayış evlərinə xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş X8 şəxsi mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılmış 12 dekabr 2019-cu il tarixli ********** nömrəli dövlət qeydiyyatının və həmin evlərə verilmiş 12 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2002-ci ildə Abşeron rayonu, Fatmayı kəndində bələdiyyədən torpaq sahəsi olaraq orada 2004-cü və 2014-cü illərdə 2 otaqdan və 3 otaqdan ibarət 2 yaşayış evi tikmişdir. Pula ehtiyacı olduğuna görə torpaq sahəsinin 0,550 ha hissəsini qonşusu Seyidzadə X4. Lakin onların qarşılıqlı razılaşmalarına əsasən, rəsmi olaraq onun adına olan 10 sot torpağın hamısı Məlahət Seyidzadəyə satıldığı kimi rəsmiləşdirilsə də, rəsmi qeydiyyatda olan 4,5 sot torpaq sahəsi ona məxsus olmuşdur. Habelə, ona aid olan qeyd etdiyi 4,5 sot torpaq sahəsindən başqa, həmin ərazidə evin arxa tərəfindən keçən qanunsuz hasara aldığı qeydiyyat sənədi olmayan 2 sota yaxın torpaq sahəsi də onun olmuşdur. Beləliklə də, eyni ərazidə yerləşən dörd tərəfinə daşdan hasar çəkdirdiyi 6 sotdan artıq torpaq sahəsi onun olmuşdur. 2019-cu ildə həmin torpaq sahəsinin 4,5 sot olan hissəsini satmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, bu torpaq sahəsini almış X14 hansı yollasa ona məxsus yuxarıda göstərdiyi 2 və 3 otaqlı 2 fərdi yaşayış evlərini öz şəxsi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə həmin idarədən 12 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda reyestr xidmətinin 4 saylı Abşeron İdarəsi tərəfindən onun 2 evinə hüquq subyekti X14 göstərilməklə **********20-10301 nömrəli texniki pasport tərtib olunmuşdur. Qeyd edilməlidir ki, həm yuxarıda göstərilən çıxarışa, həm də texniki pasporta reyestr xidmətinin əməkdaşları tərəfindən təhrif olunmuş məlumatlar daxil edilmişdir. Belə ki, göstərdiyi iki evin 6 sotdan artıq torpaq sahəsində yerləşməsinə baxmayaraq, çıxarışda bu evlərin guya 0,0450 ha torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. Eləcə də, texniki pasportun yaşayış evinin texniki göstəriciləri yazılmış səhifəsində hər iki evin 2019-cu ildə tikildiyi göstərilmişdir. Əslində isə o həmin evlərin birini 2004, digərini isə 2014-cü ildə tikdirmişdir. Göstərilən torpaq sahəsinin 4,5 sotdan çox olduğu və ona məxsus, lakin Müşfiq Əliyevin əmlakı kimi qanunsuz olaraq Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış iki evinin qeydiyyat sənədi olmayan, yol üçün ayrılmış torpaqda tikildiyi Abşeron rayon Fatmayı bələdiyyəsinin 29 dekabr 2021-ci il tarixli 75 nömrəli arayışı ilə də bir daha təsdiq olunur. Ona görə də bu evlərin heç birinə onun tərəfindən dövlət reyestr xidmətində qeydiyyata aldırılması və çıxarış alınması mümkün olmamışdır. Bir daha bildirir ki, o, evlərini heç kimə, o cümlədən X10 rəsmi və ya qeyri-rəsmi satmamışdır, ümumiyyətlə evlərinin Müşfiq Əliyev tərəfindən hansı yolla qeyri-qanuni ələ keçirildiyini anlamır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil2 məhkəmədə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı hazırki iddia tələbini qaldırmaqda subeyktiv hüququ yoxdur. Belə ki, o, sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evini X2 almışdır. Alqı-satqı münasibətləri İddiaçı ilə olmamışdır. Hazırda İddiaçı evdən çıxmamaq üçün süni şəkildə işi uzadır. Odur ki, o, İddiaçı evini ona təhvil verməsini və iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, Cavabdeh2 20 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında 0,045 ha torpaq sahəsini və torpaq üzərində olan fərdi yaşayış evini X1 Abşeron rayonu, Fatmayı kəndində, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış mənzilini almışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə **********20-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın reyestri xidmətindən xüsusi mülkiyyət kimi qeydiyyata alınıb. Lakin bildirmək istəyir ki, həmin evdə keçmiş mülkiyyətçi X3 mülkiyyətində olduğu vaxtdan kirayəşin kimi qalan cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən və həmin torpağın üzərində olan fərdi evdən çıxmırlar. Hazırkı iş üzrə iddiaçı əsassız olaraq alqısatqı müqaviləsinin etibarsızlığına dair iddialarla Abşeron və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd etdiyi səbəbdən iddiaçı həmin şəxslərin evdən çıxarılmasını məhkəmə qaydasında tələb edə bilməmişdir. İddiaçı Abşeron rayonu, Fatmayı kəndində, nömrəsiz ünvanda yerləşən 0,045 ha torpaq sahəsindən və həmin torpaq üzərində olan fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin işin icraatı İddiaçı vəsatəti əsasında 2(012)-1976/2023 saylı iş baxılıb qurtaranadək qərardad qəbul edilərək dayandırılmışdır. Hesab edir ki, iddaçının əsassız iddiası mənzildən çıxmamaq üçün işin uzadılmasına yönəlmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi və üzərində olan fərdi yaayış evi cavabdehin xüsusi mülkiyyətindədir və X1 notarial qaydada alqı-satqı müqaviləsinə əsasən almışdır. Bu halda iddiaçının iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddia tələbindən də görünür ki, iddiaçının mübahisəli torpaq və fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur. Bu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında öz əksini tapıb. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz” Göstərdiklərinə əsasən, o, İddiaçı iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmağı, alıcı Cavabdeh2 isə müqavilədə müəyyən edilmiş məbləği satıcı X5 ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi hüquq sahibi olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 20 sentyabr 2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən göründüyü kimi alıcı Əliyev X11 rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini alıcı satıcı X1 almış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evi hüquq sahibi olan Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəf məhkəməyə göstərilən fərdi yaşayış evinin ona məxsus olmasını və mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Cavabdeh isə həmin fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış almış, hal-hazırda da həmin sənədlərin şübhə altına alınmasına dair iddiaçı tərəfindən hər hanı bir mötəbər sübut təqdim eilməmiş, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının həmin əqdin mübahisələndirilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Fatmayı kəndində tiktirdiyi və yaşadığı ona məxsus 2 və 3 otaqlı iki fərdi yaşayış evlərinə xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş X8 şəxsi mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılmış 12 dekabr 2019-cu il tarixli ********** nömrəli dövlət qeydiyyatının və həmin evlərə verilmiş 12 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar