Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1987/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə xx.xx.2023-cü il xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası vaxtı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsi ilə iddia ərizəsində dəqiqləşdirmə verərək, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru X2 ilə bağlanmış əmək müqaviləsinə əsasən həkim-ekspert vəzifəsinə işə qəbul olunmuş və bu barədə Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun olaraq elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən X2 25 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və bu günədək o, həbsdə saxlanılır. X1 rəhbərlik etdiyi şirkət faktiki olaraq heç bir fəaliyyət göstərmədiyi üçün xx.xx.2023-cü il tarixdən işdən azad olunmağı üçün ərizə yazıb MMC-nin yerləşdiyi hüquqi ünvana göndərdi. Göndərdiyi ərizə geri qaytarıldığı üçün onun işdən azad olunmağı mümkün olmadı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə etdiyi müraciətə əsasən bu məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra o Mediasiya Şurasının Bakı 14 saylı Mediasiya təşkilatına müraciət etdi və ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli 142024/00018 saylı Arayış verildi. Beləliklə, ondan asılı olmayan səbəblərə görə işdən azad olunma faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün, başqa yerdə işə qəbul oluna bilmir və bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunmuş əmək hüququnu həyata keçirə bilmir. Buna görə hüquqlarının həyata keçirilməsinin təmin olunması üçün, xüsusi icraat qaydasında ərizəsinə baxılması üçün Abşeron Rayon Məhkəməsinə müraciət etdi. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1778/2024 saylı qərardadına əsasən ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci maddələrinə əsasən geri qaytarıldı və bildirildi ki, bu tip mübahisələr ümumi məhkəmə icraatı qaydasında əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi vasitəsi ilə həll edilir. Buna görə artıq iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edir ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınmasına dair qətnamə qəbul edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı reginal şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəm işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-255/2023 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanması,qərarın icrasının Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin istintaq və Təhqiqat idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-M-13570/2023 saylı məktubundan görünür ki, aktiv əmək müqaviləsinin olması i!ə bağlı 30 mart 2023-cü i! tarixli ərizənizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Müraciəti ilə bağlı əməkdaşları tərəfindən Sizinlə telefon əlaqəsi saxlanılmış və ətraflı məlumat verilmişdir. -İddiaçı Mayis qızı tərəfindən xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-yə yazılmış ərizədən görünür ki, 29 noyabr 2023-cü il tarixdən onu Urmedhelp” MMC-dən tutduğu vəzifədən işdən azad edilməsini xahiş etmişdir. -Vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də həkim-ekspertdir. Əmək müqaviləsi xx.xx.2022-ci ildə bağlanmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1788/2024 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamaqla həmin tarixdə sözügedən MMC-də əmək fəaliyyətinə başlamışdır. Həmin MMC-nin təsisçisi X2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 255/2023 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nə əmək fəaliyyətinə xitam verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin MMC tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. İddiaçı növbəti dəfə X3 Xidmətinə müraciət etmiş, həmin Müfəttişlikdən ona məhkəməyə müraciət edilməsi tövsüyyə edilmişdir. Ona görə də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə bildirişin qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn hazırki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Mülki iş materiallarına əlavə olunmuş, vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də həkim-ekspertdir. Əmək müqaviləsi xx.xx.2022-ci ildə bağlanmışdır. Eyni zamanda Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-255/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X2 barəsində həbs qismində qətimkan seçilmişdir. İddiaçı öz ərizəsi ilə sözügedən MMC-nə əmək müqaviləsinin xitam verilməsi barədə müraciət etmiş lakin MMC-də işəgötürən X2 həbs olunduğundan həmin müqavilənin xitam verilməsi mümkün olmamışdır. Göstərilənlər tamamlə təsdiq edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi MMC tərəfindən hazırda mümkünsüzdür. Əmək Məcəlləsinin; 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də, a) tərəflərdən birinin təşəbbüsüdür. 69–cü maddəsinə əsasən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşin araşdırılan hallarından göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nə işdən azad olunması barədə ərizə vermiş, qanunla nəzərdə tutulmuş 1 aylıq müddət bitməsinə baxmayaraq cavabdehin səlahiyyətli şəxsi həbsdə olduğundan əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. Əmək Məcəlləsinin; 74-cü maddəsində göstərilir;
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; Beləliklə məhkəmə qanunvericiliyin normalarına istinad edərək, qeyd edir ki, iddiaçının işlədiyi Cavabdeh MMC-dən öz ərizəsi ilə işdən azad olunması mümkünlüyünün olmaması onun iradəsindən asılı hal olmadığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Dövlət rüsunu haqqında Qanunun 9.1.1. maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Qətnamə, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sistemində qeydiyyata alınması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov