Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2018/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi doğum faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun doğum faktının müəyyən edilməklə şəxsiyyət vəsiqəsində doğum tarixinin “xx.xx.2002-ci il” tarixi deyil, “10.01.2002-ci il” tarixinin əvəz olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 305-ci maddələrinin tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı). İddia ərizəsi və onun məzmunundan göründüyü kimi, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələbinə cavab verməli olan cavabdehini iddia ərizəsində qeyd etməmiş, həmçinin, tələb irəli sürən şəxs olaraq özünü “Ərizəçi” qismində qeyd etməklə, iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 305.1.7.-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılması qanunvericiliklə nəzərdə tutulmuş olsa da, 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş və yeni redaksiyada verilmiş Mülki Prosessual Məcəllənin hazırki norması qanunvericilikdən çıxarılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 saylı Qərarının 9.1. bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə Ali Məhkəmənin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktları qeydlərində səhvlərin düzəldilməsi və dəyişikliklərin edilməsi barədə qeydiyyat orqanının imtina məktubu olduqda, həmin qurum ilə maraqlı şəxs arasındakı mübahisələrə inzibati qaydada inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki iş üzrə ərizəçi Abşeron rayonu Qeydiyyat şöbəsinə doğum akt qeydində doğum tarixinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, Abşeron rayon Qeydiyyat şöbəsi ərizəçiyə ünvanlandığı 03.03.2022-ci il tarixli 05/Q-309/15 saylı məktubu ilə ərizənin təmin olunmasından imtina edilərək ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə də, ərizəçi, inzibati orqanın imtina məktubunu mübahisələndirməklə inzibati qaydada inzibati məhkəməyə müraciət etməli olduğu halda, doğum faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli № 136 saylı Qərarına əsasən, 2.1. bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanlar siyahısına daxil edilmişdir. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi ilkin olaraq, iddia ərizəsi forması ilə, iddia ərizəsində isə “Doğum faktının müəyyən edilməsi”ni qeyd etmiş, lakin “Xahiş edirəm” hissəsində doğum tarixindəki düzəlişin aparılmasını xahiş etməklə, tamamilə bir-birinə ziddiyyət təşkil edən ərizə ilə məhkəməyə müraciət etməklə iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib iddia ərizəsini qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi doğum faktının müəyyən edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2018/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2018/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver