Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-203/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X3 kаtibliyi, İddiaçı X13 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X13 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3360.49 ABŞ dolları faiz, 71.64 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3435.63 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Davudov Qeys Nadir oğluna məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 nömrəli evin 31 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Davudov Qeys Nadir oğluna məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 nömrəli evin 31 nömrəli mənzilinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 nömrəli evin 31 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X13 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 30.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Davudov Qeys Nadir oğlu İddiaçı İKB ASC-nin “Sumqayıt” filialından illik 27%-lə 36 ay müddətinə 12100 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Davudov Qeys Nadir oğlunun mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 nömrəli evin 31 nömrəli mənzili 30.01.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30.01.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 11.02.2020-ci il tarixədək Davudov Qeys Nadir oğlunun 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3360.49 ABŞ dolları faiz, 71.64 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3432.13 ABŞ dolları borcu vardır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 1486 nömrəli 06 dekabr 2019-cu il tarixli arayışında bildirilmişdir ki, 30.01.2018-ci il tarixdə vəfat etmiş Davudov Qeys Nadir oğlunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1990-cı il tarixdən mərhum Davudov Qeys Nadir oğlunun qeydiyyatda olduğu Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 5 nömrəli evin 31 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayırlar. Bu da onu göstərir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 faktiki olaraq Davudov Qeys Nadir oğlu vəfat etdikdən sonra yəni 30.01.2018-ci il tarixdən əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamışlar. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 11 fevral 2020-ci il tarixli maliyyə arayışına əsasən Davudov Qeys Nadir oğlunun 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3360.49 ABŞ dolları faiz, 71.64 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3435.63 ABŞ dolları borcu vardır. 30 yanvar 2015ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borcalan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.03.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzili Davudov Qeys Nadir oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 40 saylı reyestr kitabının 65 saylı vərəqində qeydiyyata alınmışdır. -Kreditor Nikoyl İKB ASC ilə borcalan Davudov Qeys Nadir oğlu arasında bağlanmış 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 36 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 27 faiz olmaqla 12100 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Davudov Qeys Nadir oğlu 28.02.2015-ci il tarixdən 30.01.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 12100 ABŞ dolları, faiz borcuna görə 5665,24 ABŞ dolları olmaqla cəmi 17765,24 ABŞ dolları borcundan hər ay 493.99 ABŞ dolları (sonuncu ay isə 493.74 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 30.01.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Davudov X11 İKB ASC-dən kredit müqaviləsi üzrə 12100 ABŞ dolları krediti imza etməklə təhvil almışdır. -Yelobank ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı 14.01.2020-ci il tarixli 153 saylı xəbərdarlıqdan görünür ki, bank kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -İpoteka saxlayan Yelobank ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı 14.01.2020-ci il tarixli 154 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -Yelobank ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 22.01.2020-ci il tarixli 247 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -İpoteka saxlayan Nikoyl İKB ASC ilə ipoteka qoyan və borcalan Davudov Qeys Nadir oğlu arasında bağlanmış 30.01.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilini Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 38000 manat məbləğində müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.01.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Davudov Qeys Nadir oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 40 saylı reyestr kitabının 65 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzili 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 30.01.2015-ci il tarixdən 30.01.2018-ci il tarixədək olan müddətə Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -Abşeron rayon İcra Hakimiyyəti Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 1486 saylı arayışdan görünür ki, borcalan Davudov Qeys Nadir oğlunun yoldaşı Cavabdeh1, oğlu Cavabdeh3, oğlu Cavabdeh2 02.04.1990-cı ildən, gəlini Cavabdeh4 27.07.2013-cü ildən, nəvələri Cavabdeh1 Coşqun qızı, X1 rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır, həmin ünvanda qeydiyyatda olmuş Davudov Qeys Nadir oğlu isə 30.01.2018-ci il tarixdə vəfat etmişdir. -Yelobank ASC-nin 11.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Davudov Qeys Nadir oğlunun 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsi üzrə 71.64 ABŞ dolları cərimə, 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3452.77 ABŞ dolları, kreditin bitmə tarixinə isə 3360.49 ABŞ dolları faiz borcu vardır. -Abşeron RPŞ tərəfindən verilmiş 27.04.2013-cü il tarixli AZE № 13218893 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Davudov X10 rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilində qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Davudov X8 rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 76, N nömrəli hərbi hissədə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh4 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.1. maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Heba Consulting MMC-nin 03.03.2021-ci il tarixli Ç-045 saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Davudov Qeys Nadir oğlunun mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinin bazar qiyməti: 56000 manat; likvid qiyməti: 50000 manat təşkil edir. -Legal Consulting MMC-nin 31.08.2021-ci il tarixli 098/LBC saylı rəyindən görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Davudov Qeys Nadir oğlunun mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinin bazar qiyməti: 58000 manat; likvid qiyməti: 52000 manat təşkil edir. Rəydən daha sonra görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 300 manat dövlət rüsumu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə borcalan qismində çıxış etmiş Davudov X11 İKB ASC ilə 30.01.2015-ci il tarixdə kredit müqaviləsi bağlamaqla bankdan 36 ay müddətinə illik 27 faizlə 12100 ABŞ dolları kredit götürmüş və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə - 30.01.2018-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmiş və həmin mənzildə qeydiyyatda olan hazırki iş üzrə cavabdehlərin həmin əmlaka faktiki sahiblik etmələri hazırda bankın kredit müqaviləsi üzrə borcun Davudov Qeys Nadir oğlunun ailə üzvləri olan hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Davudov Qeys Nadir oğlunun bank qarşısında öhdəliyi yaranmışdır və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün hazırki iş üzrə cavabdehlər öhdəlik daşıyır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Nikoyl İKB ASC ilə Davudov Qeys Nadir oğlu arasında bağlanmış 30.01.2015-ci il tarixli 4- G-1-0-103-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 27 faiz olmaqla 12100 ABŞ dolları kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 30.01.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Davudov Qeys Nadir oğlunun mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsi üzrə 3360.49 ABŞ dolları faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borcalan Davudov Qeys Nadir oğlunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə ödəmələrin vaxtında icra edilməməsi hazırki iş üzrə cavabdehlərə 71.64 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə hesablanmış 71.64 ABŞ dolları cərimənin azaldılaraq 5.00 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, 30.01.2015-ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsi üzrə ödəmələrin vaxtında icra edilməməsi kredit müqaviləsi üzrə 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda (cərimə) hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 ABŞ dolları əldən çıxmış fayda qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehlərdən tələb edə bilər. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Davudov Qeys Nadir oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzili Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 38 000 manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Davudov Qeys Nadir oğluna məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında 30.01.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 38 000 manat olması və aradan keçən altı il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və bu hal mübahisəli olduğundan məhkəmə daşınmaz əmlakın qiymətləndirilməsinə dair Heba Consulting MMC-nin 03.03.2021-ci il tarixli Ç-045 saylı arayışı ilə Legal Consulting MMC-nin 31.08.2021-ci il tarixli 098/LBC saylı rəyini paralel qiymətləndirib, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən daşın əmlakın likvid qiymətinin 52 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlərə qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ cavabdehlərdən tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzili açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra mənzildən cavabdehlər çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlərin mülkiyyətdə olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.01.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən mənzil Nikoyl İKB ASC-nin adına ipoteka ilə yüklü edilsə də Davudov Qeys Nadir oğlunun mülkiyyətində olmuşdur. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edilə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçı Yelobank ASC-nin kredit müqaviləsi üzrə borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1159-cu maddəsinin tələbinə əsasən birinci növbəli vərəsələr konkret olaraq müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh4 borcalanın gəlini qismində çıxış etdiyindən və birinci növbəli vərəsə olmadığından məhkəmə bu cavabdehə münasibətdə borcun tutulması tələbinə dair iddia tələbini təmin etmir. Belə ki, Mülki Məcəllənin: 1159.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, borcalan iddiaçı Nikoyl İKB ASC-dən alınmış krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də X13 Cəmiyyətinin xeyrinə həmin borcalanın vərəsələri qismində çıxış edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30.01.2015-ci il tarixli 4-G-1-0- 103-15 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 3360.49 ABŞ dolları, cərimə borcuna görə 5.00 ABŞ dolları və kredit müqaviləsi üzrə 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3368.99 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Davudov Qeys Nadir oğlunun mülkiyyətində olmuş Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 52000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 3368.99 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə iddiaçı X13 Cəmiyyətinin xeyrinə ödənilməli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzili boşaldaraq mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdehlərdən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçıya verilməli, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 300 manat dövlət rüsumu isə X5 MMC-nin Kapital Bank ASC, Kod 201025, Müxbir hesab AZ37NABZ**********000000144, VÖEN: **********, Swift kod: AİİBAZ2XXXX, H/H: AZ48AİİB400600C**********142 hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30.01.2015ci il tarixli 4-G-1-0-103-15 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 3360.49 (üç min üç yüz altmış ABŞ dolları qırx doqquz sent) ABŞ dolları, cərimə borcuna görə 5.00 (beş) ABŞ dolları, kredit müqaviləsi üzrə 30.01.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.5 (üç ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3368.99 (üç min üç yüz altmış səkkiz ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı X13 Cəmiyyətinin xeyrinə, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 300 (üç yüz) manat dövlət rüsumu X5 MMC-nin Kapital Bank ASC, Kod 201025, Müxbir hesab AZ37NABZ**********000000144, VÖEN: **********, Swift kod: AİİBAZ2XXXX, H/H: AZ48AİİB400600C**********142 hesabına tutulsun. Davudov Qeys Nadir oğlunun mülkiyyətində olmuş Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 52000 (əlli iki min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 3368.99 (üç min üç yüz altmış səkkiz ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manat iddiaçı X13 Cəmiyyətinin hesabına, 300 (üç yüz) manat dövlət rüsumu X5 MMC-nin Kapital Bank ASC, Kod 201025, Müxbir hesab AZ37NABZ**********000000144, VÖEN: **********, Swift kod: AİİBAZ2XXXX, H/H: AZ48AİİB400600C**********142 hesabına keçirilsin. Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 5 saylı evin 31 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzili boşaldaraq həmin mənzildən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-203/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-203/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver