Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2031/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin tərtibatı zamanı texniki yanlışlığa yol verildiyini, cavabdehin onun qardaşı oğlunun arvadı deyil, qardaşı arvadı olduğunu, eyni zamanda, cavabdeh “X9”nın soyadının “Ağalarova” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Ağalarov X7 rayonundan məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. Cavabdeh iddiaçının qardaşının həyat yoldaşıdır və hazırda, onlar arasında nikah pozulmuşdur. İddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi ona məcburi köçkünlər üçün nəzərdə tutulan Abşeron rayonu, Masazır qəsəbəsi, 2 saylı evin 29 saylı mənzili dövlət tərəfindən verilmişdir. Mənzil iddiaçıya verilsə də, iddiaçı həmin mənzili müvəqqəti olaraq, qardaşına və ailəsinə orada yaşamaq üçün vermişdir. Belə ki, iddiaçı mənzili cavabdehə başqa mənzil tapana kimi müvəqqəti yaşamaq məqsədilə vermişdir, iddiaçının yaşamağa başqa mənzili yox idi. Lakin cavabdehin həmin mənzildən çıxmaması iddiaçının özünə məxsus olan mənzildə yaşamasına əngəl törədir. Bu səbəbdən də, iddiaçının ona verilmiş mənzilə köçüb yaşaması zəruriyyəti yarandığından cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması mütləqdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 2 saylı evin bir otaqlı 29 saylı mənzili Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən ona verilmişdir. Mənzil verilən zaman o, özü subay idi, bu səbəbdən də, mənzili qardaşına ailəsi ilə birlikdə yaşamaq üçün müvəqqəti olaraq vermişdir. Hazırda, qardaşının həyat yoldaşı olan Cavabdeh ilə nikahlarına xitam verildiyindən cavabdehin ona məxsus olan mənzilindən çıxarılmasını istəyir. Məhkəmə qətnaməsi ilə qardaşı cavabdehdən boşanmış, qardaşına uşaqların saxlanılması üçün aliment təyin olunmuşdur. O, sözügedən mübahisəli mənzildə müvəqqəti olaraq yaşamış, hazırda isə öz valideynləri ilə birlikdə valideynlərinə məxsus olan mənzildə yaşayır. Cavabdeh hazırda, həmin mənzildən çıxmadığından sözügedən mənzildə cavabdeh və qardaşı indi də yaşayır. Lakin bununla belə, qardaşının da mənzildən çıxarılmasını istəyir. Qardaşı atasına məxsus olan evdə qeydiyyatdadır. Cavabdeh özü də Zəngilan rayonundan məcburi köçkündür və onun qardaşı arvadı olmasından savayı, cavabdehlə hər hansı bir qohumluğu yoxdur. İddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvləri məlum səbəblərdən Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. O, İddiaçı qardaşı X10 ilə nikahlarını 05 dekabr 2014-cü il tarixdə 93 nömrəli akt qeydi ilə Zəngilan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə həyatı qurmuş və el adəti ilə cehiz əmlakları ilə ünvan 1 ünvanına gəlin köçmüş, birgə nikahlarından iki övladları - xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 anadan olmuşdur. Zəngilan rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bundan istifadə edən iddiaçı ona qarşı mənzildə olan əşyaları ilə birlikdə çıxarılmaq barədə iddia qaldırmışdır. İddiaçı çıxarılmasını tələb etdiyi yaşayış sahəsinə o, cehiz əşyaları ilə toy günü gəlin köçərək yaşamağa başlamış, 8 (səkkiz) ildən artıqdır ki, daimi həmin mənzildə 2 (iki) azyaşlı övladı ilə yaşamaqda davam edir. İddiaçı ərizəsində qeyd etmişdir ki, guya iddiaçı ona ailəsi ilə həmin mənzildə yaşamağına ev tapana qədər yerləşib sonra çıxmaq şərtilə icazə vermişdir. Onun həmin mənzildə müvəqqəti yaşaması barədə iddiaçı ilə hər hansı söhbəti və razılaşması olmamışdır. İddiaçı onun keçmiş ərinin qardaşı olduğu üçün və o, nikahın pozulması barədə məhkəmədə iddia qaldırdıqdan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onu iki azyaşlı övladı ilə 8 ildən artıq fasiləsiz olaraq yaşadığı mənzildən çıxarmaq istəyir. İddiaçının ona qarşı iddiası tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun gəlin köçdüyü və övladları ilə yaşadığı mənzil xüsusi təyinatlı yaşayış sahəsi kimi dövlət mənzil fonduna aiddir. İddiaçı 2013-cü ilin avqust ayında müvəqqəti yaşayış üçün ona ayrılmış yaşayış sahəsinə nəinki 5 gün, 8 ildən çox keçməsinə baxmayaraq köçməmiş və bu müddət ərzində ora köçməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. İddiaçının istinad etdiyi Qaydaya əsasən, ona ayrılmış yaşayış sahəsinə olan müvəqqəti yaşamaq hüququnu itirmişdir. Belə çıxır ki, o, nikahın pozulması barədə iddia qaldırmasa idi, iddiaçı da hazırki iddia ərizəsi ilə heç vaxt onun çıxarılmağı barədə məhkəmədə iddia qaldırmayacaqdır. Həmçinin, iddiaçının iddia tələbi qanunsuz və əsassız olmaqla, eyni zamanda, iddia müddəti üzrsüz səbəbdən ötürülməklə məhkəməyə verilmişdir. xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. İş materiallarından da görünür ki, iddia tələbi əsassız olmaqla, eyni zamanda, qanunla daşınmaz əmlaklarla bağlı tələblər üzrə müəyyən edilmiş 6 illik müddət üzürsüz səbəbdən buraxılmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilindən çıxmaq niyyəti qəti şəkildə yoxdur və çıxmağı da düzgün hesab etmir. Həmin mənzil bir otaqlı olsa da, mənzili iki otaq etmişlər. Onun iki uşağı ilə yaşamağa yeri yoxdur. O, qaynatasının evində qeydiyyatda olsa da, o qədər əşyalarını aparmağa yeri yoxdur. Valideynləri olsa da, onların da evi iki otaqlıdır, həmçinin, qardaşı müharibə iştirakçısıdır. Onun qaynatasıgillə yaşaması mümkün deyil, həyat yoldaşı da davamlı olaraq ona təhdidlər irəli sürür. Uşağı ürək əməliyyatı olmuşdur. Qaynatasının evində də davamlı olaraq mübahisələr olduğundan uşaqlarının orada tərbiyə alması, özünün orada yaşaması mümkün deyildir. O, gəlin gələn gündən Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilində yaşamış, cehiz əmlaklarını də həmin mənzilə uyğun olaraq yığdırmış və bu barədə fotoşəkillər təqdim etmişdir. O, iddiaçının qardaşı ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Hazırda, onun mübahisəli mənzildən savayı yaşamağa mənzili yoxdur, eyni zamanda, azyaşlı uşaqları həmin mənzildə doğulub böyümüşdür. O, özü də Zəngilan rayonundan məcburi köçkündür. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, İddiaçı da qeyd etdiyi kimi, Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı bir otaqlı mənzili xx.xx.2013-cü il tarixdə xüsusi təyinatlı yaşayış sahəsi kimi kirayə müqaviləsi əsasında iddiaçıya verilmişdir. Bununla bağlı, həmin qəsəbədə yerləşən Mənzil Kommunal İstismar Sahəsi mənzillər barəsində Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə məlumat verərək mənzillərin kimə verilməsi, kimin yaşaması barədə məlumat verir. Müqavilədə də qeyd edildiyi kimi, mənzilin satılması, kirayəyə, icarəyə verilməsi, bu kimi hallar qadağandır, belə hallar olduğu təqdirdə, mənzil Komitəyə təhvil verilməlidir. Göründüyü kimi, iddiaçı humanistlik göstərərək mənzili qardaşına vermiş və hazırki mübahisə ortaya çıxmışdır. Mənzil kiməsə veriləndə mütləq şəkildə Komitədən razılıq alınmalıdır. Həmçinin, tərəflər arasında notarial qaydada təsdiq olunmuş razılıq olmalıdır. Belə ki, mənzilin sahibinin həmin mənzilin könüllü şəkildə müvəqqəti olaraq qardaşına verilməsi ilə bağlı yazılı şəkildə notarial qaydada təsdiq olunmuş ərizəsi olmalı və həmin ərizə Komitəyə təqdim edilməli idi. İddiaçı həmin mənzili özbaşına şəkildə qardaşına vermişdir. Komitənin nümayəndəsi olaraq qeyd edir ki, kirayə müqaviləsində qeyd olunmayan şəxslərin həmin mənzildə yaşamaq hüququ yoxdur. Müqavilədə qeyd olunmuş şəxslərin adı portalda qeyd olunur. Lakin cavabdehin azyaşlı uşaqları olduğundan, həmçinin, cavabdeh özü də ərizə ilə Komitəyə müraciət etmiş olsa idi, həmin məsələyə baxılmış olacaq, hazırki mübahisə də yaranmamış olacaqdır. Eyni zamanda, qeyd edir ki, Komitənin balansında ehtiyat mənzil olmadığından Komitə tərəfindən cavabdehin hazırda, mənzillə təmin olunması mümkün deyildir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 1 otaqlı 29 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. -1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 516139 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1665 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası Cavabdehdır. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 831427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6039 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası Cavabdehdır. -xx.xx.2010-cu il tarixli AA № 220388 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkündür. -Zəngilan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-93/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X10 arasında xx.xx.2014-cü il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabında 93 saylı nikah akt qeydi ləğv edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anası Cavabdeh himayəsində saxlanılması, cavabdeh X2 xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. -Məhkəməyə təqdim olunmuş 5 ədəd fotoşəkillərdən görünür ki, yaşayış sahəsi yataq otağı, mətbəx mebeli və qonaq otağı mebeli ilə təmin edilmişdir. -Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Zəngilan şəhəri H.Hacıyev küçəsi 11 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, İddiaçı 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün kimi Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə xx.xx.2013-cü il tarixdə bağladığı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, dövlət mənzil fonduna aid olan Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 1 otaqlı 29 saylı mənzilini müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə götürmüşdür. Cavabdeh da öz növbəsində, Zəngilan rayonundan məcburi köçkün kimi İddiaçı qardaşı X10 ilə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra yaşayış yerləri olmadığı üçün iddiaçının razılığı ilə Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 1 otaqlı 29 saylı mənzilində yaşamış, birgə təsərrüfat aparmış və birgə nikah münasibətlərindən onların xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 anadan olmuşdur. Hazırda, iddiaçının qardaşı ilə cavabdehin ailə nikah münasibətlərinə xitam verildiyindən iddiaçı cavabdeh olan qardaşı arvadının ona Dövlətqaçqınkom Mənzil İstismar Departamenti tərəfindən verilmiş mənzildən əşyaları ilə birlikdə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə tərəflər Zəngilan rayonundan məcburi köçkün statusuna malikdirlər və iddiaçı Ağalarov X1 Mənzil İstismar Departamenti ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 1 otaqlı 29 saylı mənzilini müvəqqəti yaşamaq üçün almışdır. Göründüyü kimi, sözügedən mənzil dövlət mənzil fonduna aid edilməklə, iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçinin ailə üzvlərini, həmçinin, onunla birgə təsərrüfat aparan digər qohumlarını yaşayış sahəsinə köçürmək hüququ istisna edilməmişdir. Beləliklə də, iddiaçı könüllü şəkildə yaşayış sahəsi olmayan qardaşı X10 və onun həyat yoldaşı Cavabdeh yaşamaq üçün mənzili onlara vermiş və hazırda, cavabdehin ailə nikah münasibəti pozulduğundan iddiaçı cavabdehin Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında, həmçinin, müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı qardaşı X10 ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra iddiaçının könüllü razılığı ilə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 2 saylı evin 29 saylı mənzilinə gəlin köçmüş, cehiz əşyalarını həmin mənzilə gətirmiş, iddiaçının qardaşı ilə həmin mənzildə birgə təsərrüfat aparmış və birgə nikahlarından olan azyaşlı uşaqları da həmin mənzildə dünyaya gəlmişdir. Göründüyü kimi, cavabdeh həmin mənzildə nikaha daxil olduğu gündən məskunlaşmaqla hazırda da, həmin mənzildə yaşayır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli № 65 saylı Qərarının: 1.2. bəndinə əsasən, bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.4. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. 2.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. 3.1. bəndinə əsasən, məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.3. bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.7. bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 4.1.1 bəndinə əsasən, ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaqlı yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı, eyni zamanda, Nazirlər Kabinetinin Qərarına istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 2 saylı evin 29 saylı mənzili İddiaçı ailə tərkibi nəzərə alınmaqla, 1 otaqlı mənzil şəklində verilmiş və həmin mənzildə iddiaçı özü çox az müddətdə yaşamaqla hazırda da ailə üzləri ilə birlikdə valideynlərinə məxsus mənzildə yaşayır. Beləliklə, sözügedən mənzil iddiaçı tərəfindən qardaşına ailə üzvü olan cavabdeh ilə birlikdə yaşamaq üçün könüllü şəkildə verilmiş və hazırda, cavabdehin nikahı pozulduğundan iddiaçı sırf həmin səbəbə görə cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunması səlahiyyətli qurum olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı üçüncü şəxs Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsinin izahatı əsasında Komitənin ehtiyat mənzil fondunda mənzil olmadığından cavabdehin yaşayış sahəsi ilə mənzillə təmin olunmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə cavabdehin iddiaçı ilə eyni statusa malik, yəni Zəngilan rayonundan məcburi köçkün statusuna malik olan şəxs olmasını, həmçinin, cavabdehin iddiaçının qardaşı ilə nikaha daxil olduğu tarixdən hazırki günədək Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 2 saylı evin 29 saylı mənzilində məskunlaşmasını, cavabdehin başqa yaşayış yerinin olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2. maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh nikaha daxil olduğu tarixdən nikah münasibətlərinə xitam verildiyi tarixədək Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilində iddiaçının könüllü razılığı ilə məskunlaşmış və hazırda da, həmin ünvanda yaşayır. Göründüyü kimi, cavabdehin və onun ailə üzvlərinin sözügedən mənzildə məskunlaşması iddiaçının könüllü razılığı ilə olsa da, hazırda, iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını mübahisələndirərək məhkəməyə müraciət etmiş və cavabdehin mənzildə məskunlaşmasını onun sahiblik və istifadə hüquqlarını pozması ilə əlaqələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi, iddiaçı ilə müqavilə xx.xx.2013-cü il tarixdə bağlandığı halda, iddiaçı üç illik iddia müddətini ötürmüş və xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə təqdim edilmiş, bu səbəbdən də iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən əsaslı deyildir və təmin edilməməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, Cavabdeh əşyaları ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı evin 29 saylı mənzilindən çıxarılmasına əsaslar olmadığından və cavabdehin səlahiyyətli qurum tərəfindən mənzillə təmin olunması mümkün olmadığından iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2031/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2031/2022
22.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver