Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2092/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 164.5 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla sözügedən yaşayış evinin su sayğacı da iddiaçının adınadır. İddiaçı hissə-hissə öz şəxsi su anbarına su vurdurmuş, 1.5 il müddəti ərzində həmin sudan 55 ton istifadə etmişdir. Abonent kodu **********000; 32008407 olan su sayğacında borc qalığının olması mümkün deyildir. Lakin buna baxmayaraq, Cavabdeh ASC-nin əməkdaşları su sayğacına baxış keçirərkən guya sudan istifadəyə görə 164.5 manat borcun olduğunu qeyd etmişlər. Sayğaca baxış keçirilməsindən və borc yazılmasından ümumiyyətlə, iddiaçının heç bir xəbəri olmamışdır. Məlumatı olduğunda isə borcun qanunsuz yazıldığını bildirmiş, lakin Cavabdeh ASC-nin əməkdaşları yenidən baxış keçirsə də yazılan borcla bağlı heç bir əsaslı səbəb tapılmamışdır. Bu səbəbdən də, yazılmış borc əsassız hesab edilməklə silinməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, mülki işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş edərək əlavə olaraq, izahatında göstərmişdir ki, su təchizatı və tullantı sularının axıdılmasına görə İddiaçı ilə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmış və abonent kodu açılmışdır. xx.xx.2015-ci il tarixdə sayğac quraşdırılmış, abonent tərəfindən istifadə olunan su istehlakına görə müəyyən məbləğlər ödənilmiş, lakin cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilməsi zamanı iddiaçının yaşadığı və ona məxsus olan evdə sudan qeyri-qanuni istifadə halı müəyyən olunmuş, nəticədə, 168 manat borc hesablanmışdır. İddiaçı borcun silinməsini xahiş etmiş, lakin tələb əsassız və qanunsuzdur. Abonentin iştirakı ilə həyətə baxış keçirilən zaman qeyri-qanuni sudan istifadə halı aşkar olunmuş və haqlı olaraq, borc hesablanmışdır. Borc sayğacın quraşdırılmasından sonra yaranmışdır. Akt tərtib olunan zaman qonşulardan dəvət edib şahid kimi ifadə verməyə, aktı imzalamağa hazırki müddətədək təcrübədə rast gəlinməmişdir. İddiaçı borcu qəbul etmişdir ki, ödənişlər etmişdir. Sadəcə borc məbləğindən pul silinmiş, müəyyən məbləğ qalmışdır. 2022-ci ilin aprel ayından 2023-cü ilin iyul ayına kimi yazılmış borcdan ödənişlər olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2023-cü il tarixli “Abonent kartı”ndan görünür ki, abonent kodu: **********000 olan İddiaçı məxsus ünvan 2 ünvanı üzrə sudan istifadəyə görə 164.5 manat borc hesablanmış və 49907863 nömrəli Alfasu-20 markalı, C856645 plomb nömrəli sayğac xx.xx.2015-ci il tarixdə quraşdırılmışdır. -Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsinin nümayəndələri-mühəndis E.Hüseynli və A.Allahverdiyev tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən abonent İddiaçı məxsus ünvan üzrə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilən zaman su sayğacından kənar qanunsuz şəkildə istifadə edilməsi aşkar olunmuş, akt abonent tərəfindən imza edilməkdən imtina edilmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 13-16/2-06/xx-xx/4914/2023 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2015-ci il tarixdə 32008407 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmışdır. Sözügedən ünvanın hesabatı su xətti üzərində quraşdırılmış 49907863 nömrəli smart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmaqdadır. Bağlar Sukanal İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə su xəttinə baxış keçirilən zaman su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma və istifadə etmə halı aşkar edilmiş və 089310 saylı akt tərtib olunaraq 168 manat (240 m3) dəymiş ziyan hesablanmışdır. Hazırda, su təchizatı xidmətindən istifadəyə görə ünvanın hesabında 164.5 manat borc yaranmışdır. Qeyd edilən borc su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma və istifadə etmə səbəbindən tərtib olunmuş akta əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu, Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 8 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 491/B nömrəli fərdi yaşayış evinə quraşdırılmış su sayğacından qanunsuz olaraq istifadə olunması səbəbinə görə hesablanmış 164.5 manat cərimə borcunun əsassız hesablandığını iddia edərək borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə İddiaçı ilə xx.xx.2015-ci il tarixdə 32008407 nömrəli müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçı-iddiaçıya məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinə C856645 plomb nömrəli, 49907863 nömrəli sayğac quraşdırılmışdır. Göründüyü kimi, iddiaçıya məxsus evə quraşdırılmış su sayğacından istifadəyə görə 164.5 manat borc hesablanmışdır. Hazırda, iddiaçı həmin borcun əsassız olaraq hesablandığını iddia edərək borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən, su təchizatı müəssisələri müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar. 13-cü maddəsinin 3-cü hissəsinə əsasən, yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi məişət (təsərrüfat)içməli ehtiyacları üçün suyun keyfiyyətinə qoyulan tələblərin təmin olunması məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirməlidir: a) paylayıcı su kəmərləri şəbəkəsinə verilənə qədər suyun keyfiyyətli olmasını təmin etmək; b) verilən suyun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğunluğuna nəzarət etmək; c) suyun götürüldüyü yerdə onun keyfiyyətinə nəzarət etmək və onun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğun gəlmədiyi hallarda ondan istifadəyə imkan verməmək. Qanunun tələblərinə istinad edərək məhkəmə xüsusi ilə vurğulayır ki, istehlakçıya su təchizatının qanunla müəyyən edilmiş keyfiyyətdə verilməsi öhdəliyini daşıyan və öhdəliyin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli olan su təchizatı müəssisəsinin öhdəliyinə vaxtında nəzarət etməməsi istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Başqa sözlə, su təchizatı müəssisəsi öhdəliyinə laqeyd yanaşmasaydı, göstərilən hal da ortaya çıxmazdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1. bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək). 4.1. bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. 8.6. bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. 8.9. bəndinə əsasən, suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların tələblərindən müəyyən olunduğu kimi, su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə qanunsuz xətt dərhal su təchizatı sistemindən ayırılmaqla suyun verilməsi dayandırılmalıdır. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh ASCnin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 089310 saylı akta əsasən, abonentin su sayğacından kənar qanunsuz olaraq istifadə etməsi aşkar olunduğundan dəymiş ziyanın hesablanması qərara alınmışdır. Məhkəmə xx.xx.2022-ci il tarixli, 089310 saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 164.5 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında sudan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, 089310 saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci il tarixli, 089310 saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus su sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2022-ci il tarixli, 089310 saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də cavabdehin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamış, abonentin həqiqətən də, su sayğacından kənar qeyri-qanuni istifadə etməsini təsdiq edən foto, videogörüntülər isə akta əlavə olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 089310 saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 089310 saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilmədiyindən həmin akt əsasında iddiaçıya hesablanmış 164.5 manat borc məbləği də silinməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 164.5 (yüz altmış dörd manat əlli qəpik) manat borc abonent kodu **********000 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov