Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2102/2025 12.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah zamanı əldə edilmiş əmlaka xərclənən vəsaitin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evi üzərində istifadə qaydalarının müəyyən edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri R.Əliyev küçəsində yerləşən 37 saylı evə istifadə qaydalarının müəyyən edilməsi və Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onların arasındakı nikah Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 3 uşaqları vardır. Uşaqları onunla qalır və onlar yetkinlik yaşını keçmişlər. Fuad 1999-cu ildə, Fidan 2000-ci ildə, Banu isə 2006-cı ildə dünyaya gəlmişdir. Hazırda 3 övladı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsində yerləşən 37 saylı sənədsiz evdə yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsində yerləşən 37 saylı sənədsiz evi cavabdehlə birlikdə nikah dövründə əldə etmişlər. Lakin həmin evin sənədləri yoxdur. Bu evdə yaşamaq çətindir, çünki cavabdeh evi satacağını və çox kobud şəkildə evdən çıxmasını bildirir. Buna görə tərəflər arasında hər gün söz-söhbət yaranır. Bu cür ailə münasibətlərindən artıq övladları da bezmişdir. Yeganə yaşayış yeri olan mübahisəli evin cavabdeh tərəfindən satılmasını və yaşamaq üçün yaradılan maneələrin aradan qaldırılmasını istəyir. Cavabdeh sülh yolu ilə də ortaq məxrəcə gələ bilmir. Onların arasındakı münasibətlər çox gərgin fazadadır. Həmin mübahisəli evdə onun çox böyük zəhməti vardır. Evin alınmasında onun atası, qardaşı da əziyyət çəkmiş, pulun çox hissəsini onlar vermişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə gedişatında MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsində yerləşən 37 saylı evə çəkilən xərcin dəyərinin yarı bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə gedişatında yenə də MPM-nin 53-cü maddəsinə istinad edərək, Abşeron rayonu, Xırdalan şəhəri R.Əliyev küçəsində yerləşən 37 saylı evə çəkilən 59000 manat məbləğində pulun yarısı olan 29500 manat məbləğin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi. O qeyd etdi ki, evə çəkilmiş xərcin yarısının iddiaçıya ödənilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZ-İ 091548 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 xx.xx.2004-cü ildə 113 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İbadova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 070006 saylı, AZ-İ 069620 saylı və AZ-İİ 353150 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1999-cu ildə Fuad, xx.xx.2000-ci ildə Fidan və xx.xx.2006-cı ildə isə Banu adında üç uşaqları olmuşdur. İş materiallarında olan AZ-İ 457554 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah Laçın rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 47 saylı qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 26 sentyabr 2025-ci il tarixli, PQ-S-34/2025 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsində yerləşən 37 saylı fərdi yaşayış evinin hazırkı tarixə bazar dəyəri 59000 manat təşkil edir. -Hesabatdan həmçinin o da görünür ki, "xxxx" MMC-nin qiymətləndirmə xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflərin nikahı xx.xx.2004-cü ildə rəsmiləşdirilmişdir. Bu nikahdan onların Fuad, Fidan və Banu adında üç uşaqları olmuşdur. Uşaqlar yetkinlik yaşına çatmışlar. Sonradan münasibətlər pisləşmiş və tərəflərin nikahı xx.xx.2024-cü ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İş materialları ilə təsdiq olunur ki, mübahisəli ev tərəflərin birgə nikahları dövründə əldə edilmişdir. Bu fakt tərəflərin məhkəmə iclasında verdikləri izahatla təsdiq olunur və cavabdeh də həmin evin dəyərinin yarısının iddiaçıya ödənilməsinə razıdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb, onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. İşdən görünür ki, mübahisəli ev hazırda hər hansı şəxsin adına qeydə alınmamış, ona dair hüquqlar dövlət qeydiyyatından keçirilməmişdir. Bununla belə, faktiki mövcud olan mübahisəli evin hazırki bazar qiymətini müəyyən etmək üçün müstəqil mütəxəssis tədqiqatı aparılmış və müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Əlityev küçəsində yerləşən 37 saylı fərdi yaşayış evinin hazırkı bazar dəyəri 59000 manat təşkil edir. Məhkəmə hesab edir ki, evin dəyəri olan bu vəsait yuxarıda qeyd edilən normaların tələbinə əsasən tərəflər arasında bərabər bölünərək, həmin məbləğin yarısı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X2rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsində yerləşən 37 saylı fərdi yaşayış evinin hazırki bazar dəyəri olan 59000 manat pulun yarısı, yəni 29500 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, mediasiya xərci və mütəxəssis tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 29500 manat pul tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2102/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2102/2025
12.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver