Məhkəmə qərarları › İş №2(012)-212/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-212/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-212/2025 11.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İlkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin başqa şəxslərin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə ilkin, Cavabdeh1 MTK-nın İddiaçı qarşı alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia qaldıraraq, məhkəmədən onun istifadə və sahibliyində olan “Çinar-AN" Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metrlik 2 nömrəli mənzilin digər şəxsə satılmasının rəsmiləşdirilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi bununla əsaslandırılmışdır ki, "Çinar-AN” MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu, çoxmərtəbəli yaşayış binasının "xxxx" bloku, 2-ci mərtəbəsində verləşən, ümumi sahəsi 132,27 kv.metr olan 2 saylı mənzil MTK ilə bağlanmış müqaviləyə (alqı-satqı müqaviləsinə) əsasən ona satılmışdır. Buna dair xx.xx.2015-ci il tarixdə müqavilə rəsmiləşdirilmiş və o, bu əmlaka görə cavabdehə 79362 manat ödəniş etmişdir. Cavabdeh ona müqavilə və maliyyə arayışı, o cümlədən mənzili təhvil vermişdir. Hazırda həmin mənzil onun istifadəsindədir. Bu mənzili o, hazırda satmaq niyyətindədir və alıcı taparaq qiymət barədə razılığa gəlmişlər. Lakin MTK rəhbərliyi yeni alıcının adına müqavilə və maliyyə arayışı vermir. xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə MTK rəhbərliyinə müraciət edərək faktiki sahibliyində olan əmlakın hüquq müəyyənedici sənədlərinin başqa şəxsin adına dəyişdirilərək, həmin şəxsin adına rəsmiləşdirilməsini tələb etsə də, nəticəsi olmamışdır. Həmin əmlakın dəyərini o, tam ödəməklə əmlaka faktiki sahiblik edir. Mülkiyyət sənədi olmadığı üçün əmlaka sərəncam vermək hüququndan birbaşa istifadə edə bilmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Daha sonra İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metr olan mənzilə dair tərtib edilmiş 17 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və ona məxsus həmin mənzilin başqa şəxsə satılmasına cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh1 MTK İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, məhkəmədən İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 2 bloklu çoxmərtəbəli yaşayış binasının A bloku 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv. metr olan 2 saylı mənzilə dair tərtib edilmiş 03 aprel 2015-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız (əhəmiyyətsiz) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MTK isə tələbini bununla əsaslandırmışdır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə və maliyyə arayışı saxtadır. Böyük ehtimalla həmin sənədlər sonradan tərtib edilmişdir. Belə ki, "xxxx" MTK-nə məxsus möhür 2018-ci ildən zədələnmişdir. Möhürün üzərində əks edilən Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur - boşluq yaranmışdır. 2018-ci ildən 08 iyun 2022-ci ilə qədər "xxxx" MTK zədəli möhürlə fəaliyyət göstərmiş və məhz bu dövrdə tərtib edilmiş bütün sənədlərdə "xxxx" MTK-nın möhürünün üzərində əks edilən Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində boşluq olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2015-ci il tarixli müqavilə və maliyyə arayışında əks edilmiş möhürlərdə isə 2018-ci ildə yaranmış qüsur aşkar şəkildə görünür Bu hal müqavilə və maliyyə arayışının sonradan tərtib edildiyini təsdiq edir. İddiaçı tərəfindən kooperativə heç bir ödəniş edilməmişdir. Digər tərəfdən, həmin mənzil hələ 17 iyul 2014-cü il tarixdə Cavabdeh2 adlı şəxsə satılmışdır. İddiaçı iddia ərizəsində tamamilə yalan olaraq, mənzilin onun istifadə və sahibliyində olduğunu bildirir. Həmin mənzil Cavabdeh2 istifadə və sahibliyindədir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İlkin iddia üzrə iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, ilkin iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasında ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. İlkin iddia üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İşdə olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 21 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metrlik 2 nömrəli mənzili 79362 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə İddiaçı MTK tərəfindən borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İşdə olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metrlik 2 nömrəli mənzili 79362 manat pul ödəməklə inşa edib Cavabdeh2 təhvil verməyə dair öhdəlik götürmüşdür. Bu barədə Cavabdeh2 MTK tərəfindən borcun olmaması barədə maliyyə arayışı verilmişdir. İşdə olan Cavabdeh1 MTK-nın yeni təyin olunmuş direktoru X2, təsisçiləri X4 və X7 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 12 saylı aktdan görünür ki, MTK-ya məxsus möhür təhvil alınarkən möhürün üzərində əks olunan Azərbaycan Respublikası Xəritəsinin yuxarı hissəsində zədə və qüsur aşkar edilmişdir. Möhürü təhvil almamışdan öncəki, yəni 2013-2017-ci illər dövründə MTK-ya məxsus rəsmi sənədlərin və alqı-satqı müqavilələrin üzərində öz əksini tapan möhürdə heç bir zədə və qüsur olmamışdır. Qeyd olunan möhürü qüsurlu və zədəli şəkildə qəbul etmişlər. Qəbul edilmiş tarixdən MTK-da həmin möhürün istifadəsinə davam edilir. İş materiallarında olan Cavabdeh1 MTK-nın direktoru X3, təsisçiləri X14, X9, Babaşov Qabil Cavanşir oğlu və X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 16 saylı aktdan görünür ki, MTK-ya məxsus möhürü təhvil alarkən, onun üzərində əks olunan Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur vardır. Qüsur səbəbindən möhürün ikinci nüsxəsini çıxarmaq üçün lisenziyası olan şirkətə müraciət edilmişdir. MTK xx.xx.2022-ci il tarixindən yeni möhürlə fəaliyyətini davam etdirir. İşdə olan Cavabdeh1 MTK-nın yeni təsisçiləri X3, X14, X9, Babaşov Qabil Cavanşir oğlu və X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 14 saylı aktdan görünür ki, MTKnın onlara qədərki direktoru X1 MTK-ya məxsus möhürü təhvil almışlar. Qeyd olunan möhürü təhvil alarkən, onun üzərində əks olunan Azərbaycan Respublikasının xəritəsinin yuxarı hissəsində qüsur aşkar edildi. Həmin möhürü (qüsurlu formada) təhvil almışlar. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 5/1056/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 21 nömrəli müqavilədə və maliyyə arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Çinar-AN” MTK ilə İddiaçı arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 21 nömrəli müqavilədə və maliyyə arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş və adları rəyin nümunə hissəsində qeyd olunmuş sənədlərdəki “Çinar-AN" MTKnın möhürünün eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 2675 saylı məktubundan görünür ki, 050 ******* X11, Bakı şəhəri Taqanroq küçəsi, ev 17, mənzil 58, xx.xx.1974, AZE 00493581 (nömrə xx.xx.1998-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək həmin şəxsin adına qeydiyyatda olub). 050 ******* X10, Laçın şəhəri, H. Aslanov küçəsi, ev 25 mənzil 19, xx.xx.1978, AZE 18622242 (nömrə xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək həmin şəxsin adına qeydiyyatda olub). 050 ******* "xxxx" MMC, Xırdalan şəhəri, 25-ci məhəllə (nömrə xx.xx.2020-ci il tarixindən hazırki dövrədək həmin şəxsin adına qeydiyyatdadır). İş materiallarından görünür ki, İddiaçı “Çinar-AN" MTK ilə bağladığı xx.xx.2015-ci il tarixli müqaviləyə istinad edərək, həmin MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini və həmin mənzilin başqa adamın adına rəsmiləşdirilməsinə yaranmış maneənin aradan qaldırılmasını, MTK isə Cavabdeh2 ilə bağladığı müqaviləyə istinad edərək, İddiaçı MTK ilə bağladığı xx.xx.2015ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə işin hallarına əsaslanaraq belə hesab edir ki, ilk öncə eyni mənzilə dair bağlanmış hər iki müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlaka dair hüquqların (sahiblik və istifadə) mövcudluğu məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki şəxslə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən göründüyü kimi, mübahisə predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metrlik 2 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli və həmin MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilələr təşkil edir. Bu müqavilələrin hansının tarix baxımından daha öncə bağlanmasının müəyyən edilməsi mümkün deyildir, çünki bu tip müqavilələr vahid reyestrə daxil edilmədiyindən onların köhnə tarixlə tərtib edilməsi istisna edilmir. Bu baxımdan məhkəmə, daha öncə bağlanan müqavilənin sonrakı müqavilədən daha legitim olması barədə dəlilə tənqidi yanaşır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda Cavabdeh2 faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır (kommunal xidmətlərin ödənilməsilə bağlı qəbz vardır). Bu faktı MTK da qəbul edir və mənzilin sahibi kimi Cavabdeh2 tanıyır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən maneəsiz istifadə olunduğundan, habelə tikintinin sahibi olan MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlaka dair Cavabdeh2 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir. Bundan başqa, İddiaçı təqdim etdiyi müqavilədəki MTK möhürünün 2015-ci ildə qüsurlu olması şübhəlidir. Belə ki, işdəki sənədlərdən görünür ki, möhürdəki qüsur 2018-ci ildən aşkarlanmışdır və həmin qüsurun 2015-ci ildə də mövcudluğu inandırıcı görünmür. Həmçinin müqavilədə sifarişçi kimi İddiaçı rekvizitlər bölümündə mobil nömrə kimi 050 ******* nömrəsini qeyd etmişdir. Bu xüsusda aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin mobil nömrə göstərilən zaman aralığında X10 adlı şəxsə məxsus olmuşdur. Məhkəmə hesab edir ki, bu hallar da xx.xx.2015-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsızlığını təsdiq edir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin və maliyyə arayışının olması İddiaçı mübahisəli mənzillə bağlı Cavabdeh2 sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə hər iki tələblə bağlı qeyd edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin və maliyyə arayışının mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş Cavabdeh2 sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə və maliyyə arayışı etibarsız hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və ekspertiza xərci İddiaçı aid edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat pul isə İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində tikilmiş, 2 bloklu, çoxmərtəbəli yaşayış binasının “A” bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132,27 kv.metrlik 2 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə və tərtib edilmiş maliyyə arayışı etibarsız hesab edilsin. İddiaçı ilkin iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh1 MTK-nın qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat pul İddiaçı tutularaq Cavabdeh1 MTK-ya verilsin. Ekspertizanın dəyəri kimi 70 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar