Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2150/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti cəlb edilməklə) mənzilə köçürülmə, yaşayış hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti cəlb edilməklə) mənzilə köçürülmə, yaşayış hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti ilə aralarında bağlanmış 18 dekabr 2020-ci il tarixli, 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 2020-ci ildə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülməklə yaşayış hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Nikahlarından Murad, Elçin və Mələk adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti ilə aralarında bağlanmış 18 dekabr 2020-ci il tarixli, 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 2020-ci ildə iddiaçıya Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binada 76 saylı mənzil verilmişdir. Mənzil 2 otaqdan ibarətdir. Həmin mənzildə keçmiş həyat yoldaşı Cavabdeh, övladları Murad, Elçin və Mələk qeydiyyatdadırlar. İddiaçı 2023-cü ilin mart ayına kimi həmin mənzildə yaşamışdır. Göstərilən tarixdən cavabdeh onu mənzildən çıxarmışdır. Cavabdeh ilə aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mənzilə getməsinə imkan vermir. Başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binanın 76 nömrəli mənzili onun adınadır. Hazırda Cavabdeh onun həmin mənzildə yaşamasına imkan vermir. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq kirayədə qalır və hər ay 250-300 manat kirayə haqqı ödəyir. O, ümumilikdə 776 manat əmək haqqı alır. Qaldığı mənzilin kirayə haqqını əmək haqqından ödəyir. Həmçinin həmin əmək haqqından hər ay birgə nikahdan olan uşaqların saxlanılması üçün 360 manat aliment ödəyir. Eyni zamanda hər ay 200-250 manat banka kredit ödənişi ödəyir. Ona görə də aylıq əmək haqqısı ona kirayədə yaşamağa kifayət etmir. Bəzən dostlarından və tanışlarından borc götürmək məcburiyyətində qalır. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Bir ildən çoxdur ki, nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından ikisi oğlan, biri qız olmaqla 3 (üç) övladları vardır. Köçməsini tələb etdiyi mənzil dövlət tərəfindən ona verilmişdir. Əvvəllər bir neçə ay maddi çətinlikləri olmuşdur. Bu səbəbdən cavabdeh ondan mənzildən çıxmasını tələb etmiş, o da mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Sonradan dəfələrlə yaşamaq üçün mənzilə köçmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilərək mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamentinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş materiallarında olan Ağdam RİHB Boyəhmədli ərazi nümayəndəliyi tərəfindən 04 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 452195 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 04 fevral 2009-cu il tarixdə Ağdam RİHB Boyəhmədli ərazi nümayəndəliyində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 fevral 2009-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Ağdam RİHB Boyəhmədli ərazi nümayəndəliyi tərəfindən 14 dekabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 329431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 noyabr 2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 14 dekabr 2009-cu il tarixdə qeyd edilmişdir. Mülki iş materiallarında olan Ağdam RİHB Boyəhmədli ərazi nümayəndəliyi tərəfindən 01 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 653458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 may 2011-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 01 iyun 2011-ci il tarixdə qeyd edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 22 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 451726 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 may 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 22 avqust 2020-ci il tarixdə qeyd edilmişdir. Mülki iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 03 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu ildə anadan olmuş Murad, xx.xx.2011-ci ildə anadan olmuş Elçin və xx.xx.2020-ci ildə anadan omuş Mələk adlı uşaqların yetkinlik yaşına çatana qədər anası Cavabdeh himayəsində saxlanılması, xx.xx.2022-ci ildən başlayaraq X1 xx.xx.2009-cu ildə anadan olmuş Murad, xx.xx.2011-ci ildə anadan olmuş Elçin və xx.xx.2020-ci ildə anadan olmuş Mələk adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2020-ci il tarixli, 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binanın 76 nömrəli mənzili X2, Cavabdeh, X4 və X5 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə verilmişdir. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 04 fevral 2009-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyat qurmuşlar. Onların birgə nikahlarından 20 noyabr 2009-cu il tarixdə Murad, 10 may 2011-ci il tarixdə Elçin və 27 may 2020-ci il tarixdə Mələk adlı uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Birgə nikah dövründə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil-istismar departamenti ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2020-ci il tarixli, 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binanın 76 nömrəli mənzili İddiaçı, Cavabdeh, X4 və X5 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə verilmişdir. Göründüyü kimi İddiaçı hazırda köçməsini tələb etdiyi mənzildə yaşamaq, istifadə etmək hüququ vardır. Hazırda cavabdeh iddiaçını sözügedən mənzilə köçməsinə, həmin mənzildə yaşamasına və istifadə etməsinə icazə vermir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının köçmək istədiyi mənzilə dair tərəflər arasında hüquq münasibətləri 2020-ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədən olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mənzil və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülməli, orda ona yaşayış hüququ verilməli və həmin mənzildə digər şəxslərlə bərabər qaydada istifadə etmək hüququ müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi, 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülsün, orda ona yaşayış hüququ verilsin və həmin mənzildə digər şəxslərlə bərabər qaydada istifadə etmək hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2150/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2150/2024
03.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver