Məhkəmə qərarları › İş №2(012)-218/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-218/2022

24.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-218/2022 24.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin, həmçinin üçüncü şəxslər X8 və X9 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi, qeyriyaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə ona məxsus olan "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, (Həzi Aslanov küçəsi, 21) Qalubiyyə küçəsi, 21-ci məhəllə ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində ümumi dəyəri 105000 manat olan 160 kv.metrlik sahənin qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 fevral 2018-ci il tarixində şahidlərin iştirakı ilə "xxxx" MMC-nin (VÖEN **********) direktoru X7 ilə onun arasında razılaşma müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının qarşısında tikinti planına uyğun olaraq ümumi sahəsi 1158 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinin onun tərəfindən həyata keçirilməsinə razılaşmışlar. Razılaşma müqaviləsinin digər şərtinə görə tikinti işlərinin onun tərəfindən həyata keçirilməsinin müqabilində qeyd olunan ünvanda "xxxx" MMC tərəfindən inşa olunan binanın A blokunun qarşısında zirzəmi hissəsində 160 kv.metr qeyri-yaşayış sahəsi və B blokunun qarşısında zirzəmi hissəsində 210 kv.metr qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 370 kv.metr hissəsinə pay hüququ ona məxsus olmalı idi. "xxxx" MMC ilə onun arasında bağlanmış razılaşma müqaviləsinin şərtinə uyğun olaraq "xxxx" MMC tərəfindən inşa olunan binanın A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində ümumi dəyəri 105000 manat olan 160 kv.metr sahəyə 23 fevral 2018-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Razılaşma müqaviləsinin şərtinə uyğun olaraq tikinti işləri onun tərəfindən 12 may 2021-ci il tarixində başa çatmış və bununla bağlı şahidlərin iştirakı ilə tərəflər arasında qeyri-yaşayış sahəsinin təhvil aktı tərtib olunmuşdur. Tikinti işləri başa çatdıqdan sonra 23 fevral 2018-ci il tarixində alqı-satqı müqaviləsi ilə ona məxsus olan A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində ümumi dəyəri 105000 manat olan 160 kv.metr sahə cavabdeh tərəfindən başqa şəxsə satıldığı məlum olmuşdur. Dəfələrlə cavabdehə həmin sahəni kimə satması barədə müraciət etsə də, məlumat verməmişdir. Eyni zamanda, cavabdehin qeyri-qanuni hərəkəti onu maddi çətinliklərə salmışdır. Belə ki, tikinti işlərinin aparılması zamanı nisyə almış olduğu ümumi dəyəri 34500 manat olan tikinti materiallarının dəyərinin ödənilməsi mümkünsüz olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə əsaslanmaqla tələbini dəyişdirmiş və məhkəmədən "xxxx" MTK-nın X8 və X17 ilə bağladığı müqavilələrin etibarsız hesab edilərək, "xxxx" MTK-nı, X5 və X11 xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə ona məxsus olan "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində 160 kv.metrlik sahədən çıxarılmaları və həmin ərazinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin və üçüncü şəxslər X8 və X9 vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədi və subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından onun rədd olunmasını xahiş etdi. Vəkil yazılı çıxışında qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin ona verilməsini xahiş edir, lakin tələbi "xxxx" MTK-ya qarşı edir. Məhkəmə iclasında isə İddiaçı həmin qeyri-yaşayış sahələrini özünün tikdiyini bildirir. İddia ərizəsi ilə iddiaçının məhkəmədə bildirdiyi fikirlər arasında əsaslı ziddiyyətlər vardır. İddia ərizəsi əsaslandırılarkən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “razılaşma müqaviləsinə” və xx.xx.2018-ci il tarixli “kooperativ binada qeyri-yaşayış alqı-satqı müqaviləsinə” və sonuncu müqavilə əsasında verilmiş xx.xx.2018-ci il tarixli “maliyyə arayışına” istinad olunmuşdur. Həmin maliyyə arayışında göstərilmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın “A” girişi, zirzəmi hissəsində 160 kv.metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 105000 manat məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. Müqavilələrdən və maliyyə arayışından aydın şəkildə məlum olur ki, iddiaçının bütün razılaşmaları və ödənilmiş pul vəsaiti “Avro Qrand" MMC-yə olmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-dən alınmışdır. Belə olan halda "xxxx" MTK ilə heç bir hüquq münasibətində olmayan iddiaçının "xxxx" MTK-ya qarşı belə bir tələblə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüququ yoxdur. Bundan əlavə, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin və həmin müqavilə əsasında tərəflər arasında təsdiq edilmiş bölgü cədvəlindən (məhkəməyə təqdim edilmişdir) məlum olur ki, İddiaçı iddia etdiyi qeyriyaşayış sahəsi "xxxx" MTK-ya məxsusdur və həmin qeyri-yaşayış sahəsi heç bir halda "xxxx" MMC tərəfindən satıla bilməzdi. Həmçinin "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin 2.4-cü bəndində qeyd edilmişdir ki, mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nağd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50%) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş mənzillərin və qeyri-yaşayış sahələrinin, hər iki tərəfin təsdiq etdiyi dislakasiya bölgüsünə dair sənəd (cədvəl) əsasında ayrı-ayrılıqda aparılır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri "xxxx" MTK-da lazımi qaydada təsdiq edildikdən sonra qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır". Qeyd olunan bənddən aydın olur ki, podratçı "xxxx" MMC tərəfindən satılmış əmlaklar barədə “Xələfli M.Y.H’' MTK-ya məlumat verilməli və satış sonuncu tərəfindən təsdiq edilməlidir. Əks halda, yaranmış mübahisəyə görə satışı həyata keçirən tərəf məsuliyyət daşıyır. "xxxx" MMC isə İddiaçı ilə bağladığı müqavilələr barəsində "xxxx" MTK-ya heç bir məlumat verməmiş və həmin müqavilələrin lazımi qaydada təsdiq edilməsini təmin etməmişdir. Halbuki "xxxx" MMC tərəfindən "xxxx" MTK-ya məlumat verilmiş alqı-satqı müqavilələrindən bir neçəsi məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırda İddiaçı iddia etdiyi A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində olan 160 kv.metr sahənin 120 kv.metr hissəsi qanuni şəkildə xx.xx.2017-ci il tarixdə X12, qalan 40 kv.metr hissəsi isə xx.xx.2021-ci il tarixdə X1 və bununla da onlar MTK-nın üzvlüyünə qəbul edilərək payçı olmuşdurlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməmiş, bunun səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş, bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də satış sahəsi üzrə mütəxəssis işləmişdir. 2018-ci ildə "xxxx" MMC-nin sahibkarı Xanlar müəllim və "xxxx" MTK-nın sədri Vaqif müəllim birlikdə İddiaçı yanına çağıraraq bildirdilər ki, şirkətin yaşayış sahəsini tikməyə maddi cəhətdən imkanları yoxdur. Zaura yaşayış sahəsinin tikilməsi müqabilində zirzəmi hissəsinin ona veriləcəyi vəd edildi və Zaur da bununla razılaşdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X22 ifadələrində göstərdilər ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 21-ci məhəllədə olan çoxmərtəbəli yaşayış sahəsini İddiaçı özü tikib. Belə ki, 2018-ci ildə "xxxx" MMC-nin sahibkarı Xanlar müəllim və "xxxx" MTK-nin sədri Vaqif müəllim birlikdə İddiaçı yanına çağıranda onlar da orada olmuşlar. Həmin müddətdə şirkətin maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün Xanlar müəllim və Vaqif müəllim təklif etdilər ki, yaşayış sahəsini İddiaçı tiksin. Əvəzində Xanlar müəllim və Vaqif müəllim həmin yaşayış sahəsinin zirzəmisini İddiaçı mülkiyyətinə verməyinə söz vermişlər. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan çox mərtəbəli yaşayış binasının qarşısında tikinti planına uyğun olaraq hər mərtəbəsinin ümumi sahəsi 1158 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə razılaşmışlar. Qeyri-yaşayış obyektinin tikintisi üzrə tikinti smeta planına uyğun olaraq ümumi xərc 245000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin tikintisi İddiaçı vəsaiti ilə həyata keçiriləcəkdir. İddiaçı qeyri-yaşayış sahəsinin A blokunun zirzəmi hissəsində 160 kv.metr, B blokunun zirzəmi hissəsində 210 kv.metr olmaqla, ümumilikdə 370 kv.metr hissəsinə pay hüququna malikdir. Gələcəkdə obyektin satışını digər tərəfin şifahi və ya yazılı razılığı ilə "xxxx" MMC həyata keçirə bilər. İşdə olan kooperativ binada qeyri-yaşayış alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında yerləşən tikintidə olan qeyri-yaşayış sahəsinin A blokunun zirzəmi hissəsində 160 kv.metr sahəni, 1 kv.metri 650 manat olmaqla, cəmi 105000 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın “A” girişi, zirzəmi hissəsində 160 kv.metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 105000 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İşdə olan qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Avro Qrand MMC-nin (VÖEN **********) direktoru X7 və fiziki şəxs İddiaçı (ş/v AZE 0*******) arasında bağlanmış 05 fevral 2018-ci il tarixli müqavilə şərtlərinə əsasən 12 may 2021-ci il tarixində ümumi sahəsi 1158 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış sahəsinin başa çatdıraraq MMC-yə təhvil vermiş, "xxxx" MMC İddiaçı tərəfindən inşa olunmuş ümumi sahəsi 1158 kv.metr qeyri-yaşayış sahəsini təhvil almışdır. İşdə olan 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MTK ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin podratçı “Avro Qrand MMC tərəfindən tikilməsini sifariş etmiş, podratçı isə bu işləri müqavilə bağlandıqdan sonra 3 il 6 aydan gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MTK ilə "xxxx" MMC tərəfindən təsdiq olunmuş qeyri-yaşayış sahələrinin bölgü cədvəlindən görünür ki, bu cədvələ əsasən "xxxx" MTK-ya düşən sahə 1401 kv.metr və "xxxx" MMC-yə düşən sahə 1401 kv.metr təşkil edir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-29/2017 saylı, 12 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilmiş, "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin 2-ci bəndinə, bu müqaviləyə əlavə edilmiş dislokasiya bölgüsünə əsasən məhkəmə qərarları ilə vətəndaşlara verilmiş sahələr istisna olmaqla, ünvan 2 ünvanında inşa olunan 12 mərtəbəli binanın 33185 kv.metr satıla bilən ümumi yaşayış sahəsi, 2818 kv.metr satıla bilən ümumi qeyri-yaşayış sahəsi, 1097,9 kv.met qarajların satıla bilən ümumi sahəsinin "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə uyğun olaraq onlar arasında bərabər bölünməsi, "xxxx" MMCdən 146248 manat pulun alınaraq "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir. İşdə olan kooperativ binada qeyri-yaşayış alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" “MMC” Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında yerləşən tikintidə olan qeyri-yaşayış sahəsinin V blokunun zirzəmi hissəsində 42,5 kv.metr sahəni, 1 kv.metri 600 manat olmaqla, cəmi 25500 manata X3. İşdə olan xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın “V” girişi, zirzəmi hissəsində 42,5 kv.metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 25500 manat məbləğində pul alıcı X19 tərəfindən tam ödənilmişdir. İşdə olan "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixli, 404 saylı protokol çıxarışından görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının A blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 40 kv.metr olan zirzəmi hissəsinin X6 ayrılması qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının A blokunun qarşısında artırılmış qeyriyaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 40 kv.metr olan zirzəmi üçün X8 pay haqqını tam ödəmişdir. İşdə olan kooperativ binada qeyri-yaşayış alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında yerləşən tikintidə olan qeyri-yaşayış sahəsinin B blokunun zirzəmi hissəsində 65 kv.metr sahəni, 1 kv.metri 461 manat olmaqla, cəmi 30000 manata X4. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın “B” girişi, zirzəmi hissəsində 65 kv.metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 30000 manat məbləğində pul alıcı X20 tərəfindən tam ödənilmişdir. İşdə olan "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2017-ci il tarixli, 312 saylı protokol çıxarışından görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının A blokunun qarşısında artırılmış qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 120 kv.metr olan zirzəmi hissəsinin və A blokunda yerləşən 2 ədəd 3 və 4 saylı qarajların X12 ayrılması qərara alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının A blokunun qarşısında artırılmış qeyriyaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 120 kv.metr olan zirzəmi üçün 60000 manat, həmçinin A blokunda yerləşən 2 ədəd 3 və 4 saylı qarajlar üçün 20000 manat X17 pay haqqını tam ödəmişdir. İşdə olan kooperativ binada qeyri-yaşayış alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" “MMC” Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında yerləşən tikintidə olan qeyri-yaşayış sahəsinin V blokunun zirzəmi hissəsində 71 kv.metr sahəni 46000 manata X2. İşdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə yerləşən kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın “V” girişi, zirzəmi hissəsində 71 kv.metr qeyri-yaşayış sahəsinin ümumi dəyəri 46000 manat məbləğində pul alıcı X16 tərəfindən tam ödənilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli, 10/7285 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binası “A” blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində ümumi dəyəri 105000 manat olan 160 kv.metr sahənin “A”, “B”, “V” bloklarında olan tikililərlə hər hansı bağlılığı olmadığı müəyyən edilir. "xxxx" MMC tərəfindən tədqiq edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 21-ci məhəllədə tikilmiş yüksəkmərtəbəli yaşayış binalarının (yardımçı tikili) memarlıq planlaşdırma bölməsinin eskiz layihəsi üzrə sözügedən binanın “A”, “B”, “V” bloklarının qarşısında tikilmiş zirzəmilərin ümumi sahəsi 634,37 kv.metr təşkil edir. "xxxx" MTK ilə "xxxx" MMC tərəfindən təsdiq olunmuş qeyri-yaşayış sahələrinin bölgü cədvəlinə əsasən "xxxx" MTK-ya düşən sahə 1401 kv.metr və "xxxx" MMC-yə düşən sahə 1401 kv.metr təşkil edir. Lakin təsdiq olunmuş bölgü cədvəlində "xxxx" MTK-ya və ya "xxxx" MMC-yə binanın hansı hissəsindən sahənin ayrılması dəqiqliklə göstərilməmişdir. Bu səbəbdən "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 18.01,2014-cü il tarixli podrat müqaviləsinin 2.4-cü bəndinə əsasən “A”, “B” və “V” bloklarının qarşısında tikilmiş zirzəmilərin "xxxx" MTK ilə "xxxx" MMC arasında necə bölünməli olmasını müəyyən etmək mümkün olmamışdır. İş materialları ilə müəyyən olunur ki, "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixli, 404 saylı və xx.xx.2017-ci il tarixli, 312 saylı protokol çıxarışları ilə Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21 ünvanında inşa edilən yaşayış binasının A blokunun qarşısında artırılmış qeyriyaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 40 kv.metr və 120 kv.metr olan zirzəmi hissələrinin X6 və X12 ayrılması qanuni əsaslarla icra edilməmişdir. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsilə "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa olunan çox mərtəbəli yaşayış binasının qarşısında tikinti planına uyğun olaraq hər mərtəbəsinin ümumi sahəsi 1158 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi razılaşdırılmışdır. Qeyri-yaşayış obyektinin tikintisi üzrə tikinti smeta planına uyğun olaraq ümumi xərc 245000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin tikintisi İddiaçı vəsaiti ilə həyata keçiriləcəkdir. İddiaçı qeyri-yaşayış sahəsinin A blokunun zirzəmi hissəsində 160 kv.metr, B blokunun zirzəmi hissəsində 210 kv.metr olmaqla, ümumilikdə 370 kv.metr hissəsinə pay hüququna malikdir. Bu qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən inşa edilmiş və xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsi İddiaçı tərəfindən icra edilsə də, "xxxx" MMC tərəfindən qismən icra edilməmişdir. İşdən görünür ki, buna səbəb razılaşma müqaviləsində pay hüququ tanınmış A blokundakı zirzəmilərin (ümumi 160 kv.metr) "xxxx" MTK tərəfindən X6 və X12 ayrılması olmuşdur. "xxxx" MMC ilə "xxxx" MTK-nın təsdiq etdikləri binanın A blokunun barter üsulu ilə bölgü cədvəlindən görünür ki, 340,48 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə, 403,62 kv.metr qeyri-yaşayış sahəsi isə "xxxx" MTK-ya verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, görülmüş xidmət müqabilində "xxxx" MMC özünün sahibliyində olan binanın A blokundakı 340,48 kv.metrlik qeyri-yaşayış sahəsindən 160 kv.metrini İddiaçı ayırsa da, sonradan bu sahə məlum protokollarla "xxxx" MTK tərəfindən X6 və X12 ayrılmışdır. Mülki Məcəllənin 109.1-ci maddəsinə görə kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109-2.1-ci maddəsinə görə kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Həmin Məcəllənin 109-2.2-ci maddəsinə görə kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət verdikləri nümayəndələri vasitəsilə təmsil olunmalıdırlar. Həmin Məcəllənin 109-2.3-cü maddəsinə görə kooperativin üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə əsasən şəxsi əməyini tətbiq etməklə və ya tətbiq etməməklə iştirak edirlər. Həmin Məcəllənin 109-3-cü maddəsinə görə kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına görə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından görünür ki, "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixli, 404 saylı və xx.xx.2017-ci il tarixli, 312 saylı protokollarla "xxxx" MMC ilə "xxxx" MTK-nın təsdiq etdikləri binanın A blokunun barter üsulu ilə bölgü cədvəlinə görə "xxxx" MTK-ya aid olmayan əmlaklar onun payçılarına verildiyindən bu protokollar etibarsız hesab olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, mübahisəli 160 kv.metrlik qeyri-yaşayış sahəsi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən İddiaçı verilməli olduğundan həmin sahə boşaldılmalı və İddiaçı təhvil verilməlidir. Məhkəmə hesab edir ki, əmlakların bölünməsi və dislokasiyası ilə bağlı "xxxx" MTK ilə "xxxx" MMC arasında hər hansı mübahisənin olması "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsi üçün əsas hesab oluna bilməz. İddiaçı satılmış mübahisəli qeyri-yaşayış sahəsi gələcəkdə dislokasiya ilə bağlı "xxxx" MTK ilə "xxxx" MMC arasında razılaşmanın predmeti ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" MTK-nın X8 və X12 ümumilikdə 160 kv.metrlik zirzəmi sahələrinin ayrılması barədə xx.xx.2021-ci il tarixli, 404 saylı və xx.xx.2017-ci il tarixli, 312 saylı protokollar etibarsız hesab olunmalı, X8 və X17 xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı məxsus olan "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində 160 kv.metrlik sahədən çıxarılmalı və həmin sahə İddiaçı qanuni sahibliyinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ekspertizanın dəyəri kimi 100 manat pul "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X8 və X12 ümumilikdə 160 kv.metrlik zirzəmi sahələrinin ayrılması barədə "xxxx" MTK-nın payçılarının xx.xx.2021-ci il tarixli, 404 saylı və xx.xx.2017-ci il tarixli, 312 saylı protokolları etibarsız hesab olunsun. X8 və X17 xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsi ilə İddiaçı məxsus "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının A blokunun qarşısında qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində 160 kv.metrlik sahədən çıxarılsınlar. Həmin sahə İddiaçı qanuni sahibliyinə qaytarılsın. Ekspertizanın dəyəri kimi 100 manat pul "xxxx" MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar