Məhkəmə qərarları › İş №2(012)-2198/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2198/2022

17.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2198/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdeh Abşeron rayon Təhsil Şöbəsinə qarşı iş stajı tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Abşeron rayon Təhsil Şöbəsinə qarşı iş stajı tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Abşeron rayon Təhsil Şöbəsinin maliyyə şöbəsindən 2017-2018-ci illərin iş stajının sistemə vurulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149-cu və 152-ci maddələrinin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Mediasiya haqqında Qanunun: 1.0.1. maddəsinə əsasən mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 1.0.3. maddəsinə əsasən mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxsdir. 3.1. maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr. 4.1. maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən 01.07.2001-ci il tarixindən qüvvəyə minmiş Mediasiya haqqında Qanun, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin: 149.1. maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), 149.2.4-1. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat. 152.1.6-1. maddəsinə əsasən Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələblərindən məlum olduğu kimi, iş stajı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət olunmasına dair məlumatı və həmin tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərarına gəlir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Abşeron rayon təhsil şöbəsinin ünvanını, telefon nömrəsini qeyd etməmiş, eyni zamanda, ünvanlandığı Məhkəmənin sədrinin adını yanlış olaraq qeyd etməklə, iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh Abşeron rayon Təhsil Şöbəsinə qarşı iş stajı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar