Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2200/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Ərizəçi cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəlişin aparılmasına dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəlişin aparılmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 02.03.1991-ci il tarixdə anadan olması barədə doğum akt qeydində düzəlişin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149, 305, 153.2.1-ci maddələrinin tələblərinə cavab vermədiyindən, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı). Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 305.1.7.-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılması qanunvericiliklə nəzərdə tutulmuş olsa da, 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş və yeni redaksiyada verilmiş Mülki Prosessual Məcəllənin hazırki norması qanunvericilikdən çıxarılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 saylı Qərarının 9.1. bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə Ali Məhkəmənin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktları qeydlərində səhvlərin düzəldilməsi və dəyişikliklərin edilməsi barədə qeydiyyat orqanının imtina məktubu olduqda, həmin qurum ilə maraqlı şəxs arasındakı mübahisələrə inzibati qaydada inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki iş üzrə iddiaçı Abşeron rayonu Qeydiyyat şöbəsinə doğum akt qeydində doğum tarixinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, Abşeron rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanlandığı 09.03.2022-ci il tarixli 05/Q-338/15 saylı məktubu ilə ərizənin təmin olunmasından imtina edilərək iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə də, iddiaçı, inzibati orqanın imtina məktubunu mübahisələndirməklə inzibati qaydada inzibati məhkəməyə müraciət etməli olduğu halda, doğum akt qeydində düzəlişin aparılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli № 136 saylı Qərarına əsasən, 2.1. bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanlar siyahısına daxil edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək qeyd edir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Ərizəçi cavabdeh Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəlişin aparılmasına dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2200/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2200/2022
17.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver