Məhkəmə qərarları › İş №2(012)-2211/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2211/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2211/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı X1, Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası üzrə mülki işə 16 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı övladı- 12.01.2020-ci ildə anadan olmuş Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu ilə birlikdə gəlin köçdüyü Cavabdeh yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, o, Cavabdeh ilə 26 iyun 2018-ci ildə el adəti ilə nişanlanaraq faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuş və cavabdehin yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 2019-cu ilin may ayının 16-na qədər həmin evdə birlikdə yaşamışlar. Belə ki, 2019-cu ilin may ayında cavabdeh ilə valideyinlərinin evinə qonaq getdilər və cavabdeh faktiki ər-arvad münasibətlərindən olan uşağı istəmədiyini və uşağı tələf etməyini tələb etdi. O, razılaşmadıqda isə onu valideyinlərinin evində qoyaraq getdi. Beləliklə, onların faktiki nikahlarından 12 yanvar 2020-ci ildə Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu adlı bir övladları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 2(055)- 537/2020 saylı 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunaraq cavabdehlə faktiki birgə nikah münasibətindən 12.01.2020-ci ildə doğulmuş Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu adlı uşağının atasının Cavabdeh olması faktı müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Aralarındakı faktiki ər-arvad münasibətinə son qoyulduqdan sonra cavabdeh onu gəlin köçdüyü evdən çıxarmışdır. Onun cehiz əşyaları da hazırda mübahisə predmeti olan evdədir. O, cehiz olaraq yalnız qab-qacaq aparmışdır. Himayəsində olan uşağıyla tək yaşamaq onun üçün çox çətindir. Valideyinləri onu evdən qovmuşdurlar və getməyə yeri yoxdur. Əgər onun uşağıyla birlikdə evdən çıxmağını istəyirlərsə və əgər mülkiyyətçidirlərsə, yəni rəsmi sənədləri varsa kompensasiya olaraq heç olmasa uşağıyla birlikdə yaşamaq üçün ona bir otaqlı ev ala bilərdi. Odur ki o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və ünvanlandığı iddia ərizəsində etirazda bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ərizəsində onunla nikahda olduğunu, mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçdüyünü bildirmişdir. Halbuki, onunla İddiaçı arasında heç bir nikah bağlanmamış, nə də heç bir yerdə iddiaçının uydurduğu nikah qeydə alınmamışdır. İşin hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş, RX seriyalı, ******* saylı çıxarışına əsasən 27.07.2012-ci il tarixdən oğlum X3 mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evi bununla bağlı müvafiq icazə alınmadan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından araşdırılmalı və hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən mənzil məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi ailə məcəlləsinin 15- ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Göründüyü kimi İddiaçı X3 ailə üzvü deyildir. Burdan belə nəticəyə gəlmək olar ki, iddiaçı məhkəməyə müraciət edərkən onun heç bir subyektiv hüququ olmamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.O.Teryovinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olmasıəmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddəəsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır vəərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azıəsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» (27 sentyabr 2007-ci il) qərarında göstərmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Göründüyü kimi iddiaçı mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan X3 ailə üzvü deyildir. Bundan başqa işin hallarından göründüyü kimi mübahisə predmeti olan yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş, RX seriyalı, ******* saylı çıxarışına əsasən 27.07.2012-ci il tarixdən oğlum X3 mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən, həmin ev şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. Eyni zamanda işin hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisə 2018-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il ildən sonra yarandığından və həmin tarixdən sonra xüsusi mülkiyyətdə olan mənzillərdən istifadə hüququnun yaranması ilə bağlı mübahisələr həmin Məcəllənin 30-cu maddəsinin müddəaları ilə nizama salındığından mübahisəyə bu maddənin tələbləri baxımından hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən İddiaçı mənə qarşı azyaşlı uşağı ilə evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etdi. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-537/2020 saylı 08 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh faktiki birgə nikahlarından 12 yanvar 2020-ci ildə anadan olmuş X4 adlı bir nəfər uşağın atasının Cavabdeh olması faktının müəyyən edilməsi, 12 yanvar 2020-ci ildə anadan olmuş X4 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment bu gündən, yəni 08 iyun 2020-cı il tarixdən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sabirabad regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 459399 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12.01.2020-ci ildə Sabirabad rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0377 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 27.07.2012-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər – ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materiallarından və tərəflərin izahatından da göründüyü kimi, İddiaçı ilə X6 arasında rəsmi nikah olmamışdır. Tərəflər faktiki nikah münasibətlərində yaşamış və münasibətlərindən 12.01.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin İddiaçı sözügedən Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçməsi, orada yaşaması barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan göründüyü kimi Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0377 ha torpaq sahəsi 27.07.2012-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Belə ki, mübahisə predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0377 ha torpaq sahəsi üzərində tikilən fərdi yaşayış evi hazırki iş üzrə tərəf olmayan X3 mülkiyyətindədir. Belə olan halda mübahisələndirilən yaşayış evinə iddiaçının hər hansı bir istifadə hüququnun olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyinə görə, yəni bununla bağlı iddiaçı tərəf məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən iddiaçının həmin mənzilə köçürülməsi və istifadə hüququnun verilməsini məhkəmə qeyri-mümkün hesab edir, əks halda mülkiyyətçi X3 Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan və təminat verilən “mülkiyyət hüququ” kobud şəkildə pozulmuş olacaqdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun himayəsində olan azyaşlı övladı-12.01.2020-ci ildə anadan olmuş Əsədov (Əliyev) Məhəmməd Şakir oğlu ilə birlikdə gəlin köçdüyü Cavabdeh yaşadığı Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar