Məhkəmə qərarları › İş №2(012)-2249/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2249/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2249/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Mətanət Ramiz qızının, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Mətanət Ramiz qızı məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V, 8 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzil sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən qeydiyyat vəsiqəsi vardır. Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdə qeydiyyatda olsa da, iddiaçıya məxsus həmin evdə yaşamır. Cavabdehin qeydiyyatının iddiaçının mənzilinə olması formal xarakter daşıyır. Bunu qonşular tərəfindən təsdiq edə biiər. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, iddiaçı cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, də cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər və hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehin razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, Cavabdeh onun oğludur və 2017-ci ildən Türkiyədə təhsil alır. O, sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzili 29.12.2020-ci ildə İddiaçı satmışdır. Mənzil ipotekadadır. Özü isə hazırda başqa evdə qeydiyyatdadır. Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsinə etirazı yoxdur. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qeydiyyatda olduğu Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzilin satılmasına, bağışlanmasına heç bir etirazı yoxdur. Gələcəkdə mülkiyyətçi tərəfindən iddia qaldırıldığı halda ən qısa müddətdə könüllü boşaltmağı və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Gələcəkdə də həmin mənzil barəsində heç bir mübahisə qaldırmayacaqdır. Mənzillə bağlı hər hansı iddia və tələb olacaqsa, bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli, 138-20/İ №-li daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzili alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ümumi sahəsi 68,20 kvadratmetr olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 26.01.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 16.02.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh da qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzil İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 16.02.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh da qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən evlə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün Cavabdeh mənzil üzrə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V, 8 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar