Məhkəmə qərarları › İş №2(012)-2250/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2250/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2250/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Əliyeva Zərifə İsa qızının, cavabdehin vəkili İmanzadə Nicat Ramiz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 26 may 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 06.05.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan övladları yoxdur. Tərəflərin ilk dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin ailəsinə laqeyd münasibəti səbəbdindən onlar arasındakı ailə münasibətləri faktiki pozulmağa başlamışdır. Tərəflər birgə nikah dövründə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzili əldə etmişlər və hazırda həmin mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı nikah pozulanadək həmin mənzildə yaşamış, tərəflər arasındakı münasibətlər pozulduqdan sonra oradan məcburi şəkildə çıxarılmışdır. Ona məxsus cehiz və geyim əşyaları orada qalmışdır. Artıq 1 ildən çoxdur ki, iddiaçı qardaşının yanında yaşayır, lakin onun ailəsi ilə birlikdə kirayə yaşamaq mövcud vəziyyəti çətinləşdirir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili iddianın təmin edilməməsini məhkəmədən xahiş edərək bildirdi ki, məhkəmənin icraatında mübahisəli mənzildə payların müəyyən edilməsinə dair başqa bir mülki iş vardır. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 020704 №-li nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Səfərov X3 Könül Səfai qızı ilə 06 may 2014-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 375 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 28.12.2015-ci il tarixli, ********* №-li payçı müqaviləsindən müəyyən edilir ki, “xxxx” MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzili tikdikdən sonra Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində MTK-ya mənzilin ümumi dəyəri olan 39759 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan “xxxx” MTK tərəfindən göndərilən 26.11.2020-ci il tarixli, 258 №-li məktubdan müəyyən edilir ki, Cavabdeh MTK ilə arasında bağlanan 28.12.2015-ci il tarixli, ********* №-li payçı müqaviləsinə əsasən 22 233 manat məbləği ilkin ödəniş kimi MTK-ya ödəmiş və həmin tarixdən etibarən ABB ilə müştəri arasında kredit müqaviləsi bağlanmışdır. Kredit ödənişləri Cavabdeh tərəfindən “xxxx” ASC-yə tam ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən 03.09.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzil üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.06.2018-ci il tarixdə **********54-05306- 093194 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlə 06 may 2014-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflər arasında münasibətlər pisləşdiyindən onlar arasındakı ailə münasibətləri faktiki olaraq pozulmuşdur. İddiaçı cavabdehlə birgə nikah dövründə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzilı öz vəsaitləri hesabına əldə etmişlər,mənzilə dair Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.06.2018-ci il tarixdə **********54-05306-093194 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.Onlar mübahisəli mənzildə yaşamış, sonra münasibətləri pozulması səbəbindən oradan çıxmışdır. Hazırda mübahisəli mənzilə köçürülməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzilin paylı mülkiyyətçisi olduğundan, mülkiyyətçi olaraq onun oradan istifadə hüququ vardır.Məhkəmə bu əsasda hesab edir ki, iddia tələbi əsaslıdır ,təmin edilməlidir, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzilə köçürülməlidir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən 6-cı bina, 119 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar