Məhkəmə qərarları › İş №2(012)-2317/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2317/2021

27.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2317/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı AAAF-İnşaat MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı AAAF-İnşaat MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AAAF-İnşaat MMC Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin boşaldılaraq qaytarılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən ödənilməmiş borcla əvəzləşdirilməklə Cavabdeh inşa edilməklə satılmış Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.m olan 1 otaqdan ibarət 33 saylı mansardın boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 manatın Cavabdeh iddiaçı AAAF-İnşaat MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AAAF-İnşaat MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən, cəmiyyət tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.m olan 1 otaqdan ibarət ümumi dəyəri 32620 manat olan inşa edərək təhvil verilmiş 33 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə satılmışdır. Belə ki, 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləsinin 1.1, 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini 120 ay müddətinə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə, əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman Alıcı gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində Satıcıya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və Alıcı tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra Alıcıya geri qaytarılır. Müqaviləyə edilmiş 1 nömrəli Əlavənin 1.4-cü bəndinə əsasən Alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Cavabdeh dekabr 2019-cu il tarixində öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar, hər gecikdirilmiş gün (410 gün) üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında hesablanmaqla cərimə məbləği 8207.84 manat təşkil edir. Hazırda, Cavabdeh 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 19088 manat və 8207.84 manat cərimə borcu olmaqla cəmi 27295.84 manat borcu yaranmışdır. Həmin müqavilənin 3.1.2.3-ci bəndinə əsasən, Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda AAAF-İnşaat MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, Alıcı müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı Satıcıya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə, 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı satqısı haqqında müqaviləsi üzrə Xırdalan şəhəri Abşeron rayonu Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.m olan 1 otaqdan ibarət olan 33 saylı mansardın cavabdeh tərəfindən boşaldılaraq Cəmiyyətə təhvil verilməsinə; sözügedən müqavilə üzrə hesablanmış cərimə borcunun iddiaçının xeyrinə tutulmasına əsas verir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -AAAF-İnşaat MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 17.11.2015-ci il tarixli E/0089 saylı Mansardın alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində özünə məxsus AAAF-Park yaşayış massivindəki B kompleksində inşa edilən 3 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 46.6 kv.m olan 1 otaqdan ibarət 33 saylı mansardı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı mansardı tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 120 ay müddətinə müəyyən olunmuş stabil ödəməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.1, 2.2, 2.3-cü bəndlərinə əsasən bu müqavilə üzrə mansardın 1 kv.mlik sahəsinin qiyməti 700 manat olmaqla müqavilənin qiyməti cəmi 32620 manat müəyyən edilmişdir, müqavilə qiymətinin 32620 manat məbləği alıcı ilə AAAF-Park MMC arasında razılaşdırılmış 120 ay müddətinə hər ay 272 manat olmaqla alıcı tərəfindən AAAF-İnşaat MMC-yə ödəniləcəkdir, müqavilədə təyin olunmuş ümumi məbləğin 1 faizi (327 manat) həcmində komisyon xərci müqavilə bağlandığı gün alıcı tərəfindən ödənilir. -Müqavilənin 3.1.1.3. bəndinə əsasən Alıcı müqavilənin bəndləri ilə müəyyən olunmuş öhdəliklərini, xüsusi ilə müqavilənin ikinci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda müqavilənin icrasından satıcı birtərəfli qaydada imtina etmək və eyni zamanda 3.1.1.4. bəndinə əsasən Alıcının təqsiri üzündən vurulmuş bütün növ zərərin ödənilməsini tələb etmək hüquq vardır. -Müqavilənin 3.2.2.1. bəndinə əsasən Alıcının müqavilədə nəzərdə tutulmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən olunmuş vaxtda və müəyyən olunmuş şərtlərlə mansardın qiymətini ödəmək, o cümlədən müqavilədə göstərilən mansarda görə müqavilənin 2.1 bəndində qeyd olunan məbləğdə pul ödəmək vəzifəsidir. -Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə imzalanan zaman ilkin ödəniş ödənildikdən sonra qalıq məbləğ müəyyən olunmuş müddətdə hər ayın müqavilənin imzalandığı tarix üçün ödənilməlidir. Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman alıcı gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1 faizi həcmində satıcıya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və alıcı tərəfindən ödənilən məbləğdən tutularaq qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra alıcıya geri qaytarılır. Müqavilədən imtina etdiyi (mansardın geri qaytarılması) hallarda mansard satışa çıxarılır və mansard satıldıqdan sonra alıcının ödədiyi məbləğdən 2000 manat tutularaq qalan məbləğ alıcıya geri qaytarılır. -Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əlavədən görünür ki, Müqavilənin 5-ci bəndinə uyğun olaraq tərəflər arasında aşağıdakı şərtləri razılaşdırılır: 1.1. Müqavilənin 4-5-ci bəndinə uyğun olaraq müqavilə qüvvəyə mindikdən sonra alıcı aldığı daşınmaz əşyanı başqa şəxsin adına keçirmək və ya digər əsasla özününküləşdirmək məqsədi ilə satıcıya müraciət etdikdə, sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini pul kompensasiyası ilə ödəməlidir. Kompensasiyanın miqdarı 2000 manat həcmində müəyyən olunur; 1.2. Alıcı müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyanın (mansardın) alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı satııcıya qaytararkən hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sora ona qaytarılır. 1.3. Alıcı daşınmaz əşyanın (mansardın) əsaslı səbəb olmadan geri qaytarılması tələbi ilə satıcıya müraciət etdikdə qeyd-şərtsiz qaytarılan əmlakın 15 faizi miqdarında cərimə ödəyir. 1.4 Alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilən gün üçün əmlakın ümumi dəyərinin 0.1 faizi miqdarında cərimə ödəyir. 1.5. Tikinti başa çatdıqda mansardda təmir işlərinin aparılmasına daşınmaz əmlakın dəyəri tam ödənildikdən sonra icazə verilir. Tikinti müqavilə müqavilə müddətindən əvvəl başa çatdıqda tərəflərin razılığı əsasında Alıcıya texniki təhlükəsizlik qaydalarına əməl etməklə aylıq ödənişlərdə həm tarix, həm də məbləğ baxımından gecikmə olmadığı təqdirdə istisna olaraq təmirə icazə verilə bilər; 1.6. Alıcı tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticesində maliyyə çətinlikləri yarandığı hallarda tikintinin başa çatdırlmasının müddəti 6-9 ay müddətinə uzadıla bilər. 2. Tərəflər müqavilənin əlavə şərtlərini razılaşdırmışdır. -19.02.2021-ci il tarixli 144 saylı maliyyə arayışından görünür ki, AAAF-X5 Cəmiyyət tərəfindən 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləsinə əsasən Alıcı Cavabdeh Xırdalan şəhəri Abşeron rayonu Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi, 3 saylı yaşayış binasında, ümumi sahəsi 46.6 kv.m olan 1 otaqdan ibarət olan 33 saylı mansarda görə Cəmiyyətə ümumilikdə 13532 manat ödəniş edilmişdir. 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləsi üzrə borc əsas borc 19088 manat və 8207.84 manat cərimə borcu olmaqla, cəmi 27295.84 manat təşkil edir. -AAAF-İnşaat MMC tərəfindən alıcı Cavabdeh ünvanlanmış öhdəliklərin icra edilməsi barədə bildirişdən görünür ki, MMC alıcıya 17.11.2015-ci il tarixli E/0089 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsi üzrə əsas borc 22088 manat məbləğində borc öhdəliyini 7 gün müddətində ödənilməsini təmin etməsini tələb etmiş, əks təqdirdə, müqavilə Alıcı tərəfindən öhdəliklərin icra olunmaması səbəbindən, həmin müqavilə MMC tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi və müqavilə şərtlərinə uyğun olaraq dəymiş ziyanla birlikdə pul tələbinin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumun dövlət reyestrindən çıxarışdan görünür ki, AAAF-İnşaat MMC hüquqi ünvanı AZ0100 Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 199 saylı ev, qanuni təmsilçisi X3 olmaqla MMC-yə 08.06.2017-ci il tarixdə **********3378800 saylı çıxarış verilməklə Qurum Azərbaycan Respublikasının X6 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -08.02.2021-ci il tarixli ödəniş qəbzindən görüner ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 20.40 manat dövlət rüsumu ödəmişdir. -Qaradağ RPŞ tərəfindən verilmiş 08.07.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən, cəmiyyət tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi, 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.m olan 1 otaqdan ibarət olan ümumi dəyəri 32620 manat olan 33 saylı mansard hər ay bərabər məbləğdə 120 ay müddətinə ödənilmək şərti ilə cavabdehə satılmışdır. Belə ki, 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqaviləsinin 1.1, 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi və ödənilməmiş borcla əvəzləşdirilməklə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansardın boşaldılaraq iddiaçı AAAF-İnşaat MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 manatın Cavabdeh iddiaçı AAAF-İnşaat MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin araşdırılan hallarına əsasən tərəflər arasında 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilə iki tərəfin azad iradə ifadəsini əks etdirdiyi şərtlərə uyğun bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq hər bir tərəf öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən göründüyü kimi iddiaçı AAAF- İnşaat MMC müqavilə şərtləri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş 17079 manat əsas borc və 8207.84 manat cərimə borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödəməli olduğu hər ay 233 manat pul ödənişini dayandırmış və nəticədə iddiaçı tərəfindən keçən müddət üçün müqavilənin 4.3. bəndinə əsasən 8207.84 manat məbləğində cərimə hesablanmışdır ki, bu müqavilə öhdəliklərinə uyğundur, əsaslıdır. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu 10060,2 manat cərimə məbləğini, əsas məbləğə ödənmiş 10866 manat məbləğdən çıxılmaqla (10866- 10060,2=805,8) qalıq məbləğ əmlak satıldıqdan sonra AAAF-İnşaat MMC tərəfindən alıcıya geri qaytarılmalıdır. Beləliklə iddiaçının müqavilə üzrə hesablamış olduğu cərimənin cavabdeh tərəfindən ödənilmiş borc məbləği ilə əvəzləşdirilməsi tələbi müqavilənin 3.1.2.3 bəndinin tələblərinə uyğundur və əsaslıdır. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsində məhkəmə qeyd edir ki, tələb müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğundur, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən əlavə müqavilənin 1.2. bəndinə əsasən müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, iddiaçı AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış 17.11.2015-ci il tarixli E/0089 nömrəli Mansardın alqı-satqı müqaviləsi ləğv edilməli və cavabdeh tərəfindən ödənilməmiş borc məbləği ilə cərimə məbləği əvəzləşdirilməklə, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.metr olan 1 otaqdan ibarət, 33 saylı mansardın boşaldılaraq iddiaçı AAAF-İnşaat MMC-nə təhvil verilməli, ödənilmiş dövlət rüsumu məbləği 20.40 manatın Cavabdeh iddiaçı AAAF-İnşaat MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 17.11.2015-ci il tarixli E/0089 saylı Mansardın alqı-satqısı haqqında müqavilə və müqaviləyə əlavə ləğv edilsin. Cavabdeh tərəfindən ödənilmiş 13532 (on üç min beş yüz otuz iki) manat borc məbləği 8207.84 (səkkiz min iki yüz yeddi manat səksən dörd qəpik) manat cərimə məbləği ilə (10866-10060,2=5324,16) əvəzləşdirilməklə, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş AAAF-Park yaşayış massivindəki B kompleksi 3 saylı yaşayış binasında ümumi sahəsi 46.6 kv.m olan 1 otaqdan ibarət 33 saylı mansard boşaldılaraq AAAF-İnşaat MMC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu alınaraq AAAF-İnşaat MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar