Məhkəmə qərarları › İş №2(012)-2325/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2325/2021

12.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2325/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı qızı 20.06.2018-ci il təvəllüdlü X4 Abşeron rayonu Xırdalan şəhəri Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh X11 ilə 09.08.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 20.06.2018-ci il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflərin nikahı Tərtər rayon Məhkəməsinin 2(061)- 925/2020 saylı 13.08.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və yetkinlik yaşına çatmayan azyaşlı qızı F.Cavabdeh iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra 02.09.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivində yerləşən evi almış və həmin tarixdən də həmin evdə yaşamışlar. İddiaçının bütün əşyaları hal-hazırda həmin evdədir. İddiaçı Tərtər rayonuna valideynlərinin yanına 2- 3 günlük qonaq getmiş və qayıtdıqdan sonra evin açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. Azyaşlının və iddiaçının bütün paltarları da həmin evdə qalmışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh iddiaçını və azyaşlı qızını evə buraxmaqdan imtina etmişdir. Həmin ev hal-hazırda cavabdehin istifadəsindədir. Lakin iddiaçı və azyaşlı uşağı öz evindən didərgin düşmüşlər. Həmin evdə iddiaçı cavabdehlə birgə təsərrüfat apardığı, həmin evi birgə aldığı üçün iddiaçının və azyaşlı uşağının orda yaşamaq hüquqları var. Buna görə də cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, iddiaçının və azyaşlı qızının Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi Süleyman Rüstəmov küçəsində yerləşən 95 kv/m ümumi sahədən ibarət olan, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan evə köçürülmələri təmin edilməlidir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli yaşayış sahəsi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığına görə hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli deyil, fərdi yaşayış evi xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmadığından hüquqi statusuna görə özbaşına tikinti hesab olunur, lakin həmin ev tərəflərin hər ikisinin birgə vəsaiti hesabına alınmış və evi satan adamla cavabdeh arasında öz xətləri ilə yazılmış və imzaları ilə təsdiq edilmiş yazılı razılaşma vardır. Göründüyü kimi həmin evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmasa da iddiaçıya aid bütün əşyalar həmin evdədir və cavabdeh tərəfindən həmin evdə yaşamağına və əşyalarından istifadə etməyə qadağa qoyulmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli 2(061)-925/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X5 aralarında Bərdə Rayon Regional Asan Xidmətinin Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış 09 avqust 2017-ci il tarixli, 853 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X4 anası X1 himayəsində saxlanılması, 20 iyun 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 iyul 2020-ci il tarixdən hesablanılmaqla hər ay 140 manat məbləğində alimentin Cavabdeh tutularaq X2 verilməsi, S.Cəfərovanın nümayəndəsinin qalan tələblərinin təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. -Ödəniş qəbzindən görünür ki, 20.11.2020-ci il tarixdə müştəri Qərib Cəfərov 334004F26D670970 nömrəli karta 50 kub.m üçün 5 manat ödəniş etmişdir. -Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında yaşayan abunə kodu **********02325 olan Cavabdeh qaz sayğacına görə 13.82 manat borc hesablanmışdır. -Azərsu ASC Abşeron Sukanal İdarəsinin 08.06.2020-ci il tarixli hesab fakturasından görünür ki, ünvan 2 ünvanına abonent kodu **********012 olan Qərib Cəfərova 63.50 manat borc hesablanmışdır. -4 saylı Mənzil Tikinti İstehsalat İstismar İdarəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli 2599 saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən evdə qonşuların aktına əsasən həmin ünvanda yaşamışdır. -ünvan 4ırdalan şəhəri Quşçuluq massivi 6-cı küçə ev 26A ünvanında qeydiyyatda olan X3, X7 imzaları ilə təsdiq olunmuş 04.06.2021-ci il tarixli ərizələrindən görünür ki, İddiaçı həqiqətən də ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. -4 saylı Mənzil Tikinti İstehsalat İstismar İdarəsi tərəfindən verilmiş 12.06.2021-ci il tarixli 32478 saylı arayışından görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən evə dair 4 saylı Mənzil Tikinti İstehsalat İstismar İdarəsində heç bir sənəd qeydiyyatdan keçmir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, mübahisəli fərdi yaşayış evi bir mərtəbədən və yaşıl zolaqlı dəmir darvadan ibarət olmaqla inşa edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 09.08.2017-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 20.06.2018-ci il təvəllüdlü X9 anadan olmuş, tərəflər nikaha daxil olandan sonra birgə vəsaitləri hesabına dövlət qeydiyyatına alınmamış, hər hansı hüquqmüəyyənedici sənədi olmayan – Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi S.Rüstəmov küçəsində yerləşən evi almışlar, həmin evdə yaşamış, birgə təsərrüfat aparmış, birgə nikahlarından anadan olmuş azyaşlı da həmin ünvanda dünyaya gəlmiş, böyümüşdür. Tərtər rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Daha sonra iddiaçı azyaşlı uşağı ilə birlikdə həmin evdən çıxarılmış, halhazırda cavabdeh tərəfindən iddiaçının həmin ünvana daxil olub yaşamasına maneələr yaradılır. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflərin birgə maddi vəsaitləri hesabına alınmış fərdi yaşayış evinin özbaşına tikili olması, həmin evə dair cavabdehin və onun atasının adına qaz, su sayğacının qoyulması, həmin sayğaclara görə ödənişlərin edilməsinə dair qəbzlərin olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi S.Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx və bir sanitar qovşaqdan ibarət olan ev özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı 20.06.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi S.Rüstəmov küçəsində yerləşən evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı 20.06.2018-ci il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar