Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2371/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsilə bağlı müvafiq əmrin ləğv edilməsi, Xırdalan şəhər 15 saylı körpələr evində tərbiyəçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb ödənilməsi və iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Xırdalan şəhər 15 nömrəli körpələr evi ilə müddətsiz müqavilə bağlayaraq aylıq 406 manat olmaqla əmək haqqı ilə tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. Çalışdığı qurumun rəhbərliyi 18 ildən sonra, xx.xx.2021-ci il tarixdə əmək qanunvericiliyin tələblərini pozaraq müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2b-ci bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan halın pozuntu olduğunu X5 Xidməti Abşeron Xızı regional şöbəsi də təsdiq etmişdir (xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubu ilə). Qeyd olunan qurum tərəfindən cavabdehə İXM-nin 192.6-cı maddəsinin tələblərini pozduğuna görə (işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) MN ******* saylı protokol tərtib edilmişdir. Bundan başqa, X5 Xidməti Abşeron Xızı regional şöbəsi cavabdehin ona qarşı digər bir pozuntusunu - son haqq-hesabın qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin xitam verildiyi xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə ödənilməsini müəyyən etmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən cavabdeh onun əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmri sonuncu iş günü təqdim etməli idi. Ancaq cavabdehə dəfələrlə müraciət etsə də, bu sənədləri ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı təmsil etdiyi qurumdakı vəzifəsindən əsaslı əmrlə azad edilmişdir. Həmin əmrin ləğv edilməsinə və onun işinə bərpa edilməsinə isə heç bir əsas yoxdur. İddiaçı hazırki tələbi irəli sürərkən iddia müddətini də ötürmüşdür. Sonda o, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 və DƏMX X1 nümayəndəsi Nümayəndə3 da iddia ilə razılaşmadılar və onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasında əvəzedici tərbiyəçiliklə bağlı əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasını xahiş etmişdir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasında əvəzedici tərbiyəçi vəzifəsində işləmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci ildir. Müddətli əmək müqaviləsi xx.xx.2021-ci il tarixli, 22 saylı əmrə əsasən bağlanılıb. İşdə olan Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 22 saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il müddətinə uzadılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasında əvəzedici tərbiyəçi vəzifəsinə işə götürülmüşdür. Müqavilənin müddəti 1 ildir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 34 saylı əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bildiriş EİS-də həmin tarixdə qeydiyyata alınmışdır. İşdə olan Xırdalan şəhər 15 saylı körpələr evi - uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 34 saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-1649/2022 saylı qərarından görünür ki, Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının şikayəti təmin olunmuş, X5 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının HTK-nin 35 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, bağçada müddətli müqavilə əsasında əvəzedici əsaslarla fəaliyyət göstərən Cəfərova Mətanət Vəkil qızı, X7, İddiaçı, X3 və X2 ilə bağlanmış müddətli əmək müqavilələrinin vaxtının xx.xx.2022-ci il tarixdə sona çatdığı və təqdim olunmuş ştat cədvəlində əvəzedici ştatının olmadığı əsas götürülərək, onlarla bağlanmış müqavilələrin uzadılmayacağı, adları qeyd edilmiş əvəzedici tərbiyəçilərə məlumat verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının HTK-nin 35/1 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, müddətli müqavilə əsasında əvəzedici əsaslarla fəaliyyət göstərən Cəfərova Mətanət Vəkil qızı, X7 və İddiaçı xx.xx.2022-ci il tarixdə bağçaya dəvət olunmuş və 35 saylı aktın məzmunu ilə tanış edilmişlər. Lakin onlar sənədlərini qəbul etməmişlər. Mülki iş materiallarında olan mötəbər sənədlərdən görünür ki, İddiaçı xx.xx.2003-ci il tarixdən Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasının əvəzedici tərbiyəçi kimi müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmiş, müddətsiz əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən müddətli əmək müqaviləsilə əvəz edilmişdir. Xırdalan şəhər 15 nömrəli körpələr evi uşaq bağçasının xx.xx.2022-ci il tarixli 34 nömrəli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda Qəniyeva X4 şəhər 15 saylı körpələr evi - uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsilə bağlı müvafiq əmrin ləğv edilməsi, Xırdalan şəhər 15 saylı körpələr evində tərbiyəçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının hesablanıb ödənilməsi və iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi, Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasında əvəzəedici tərbiyəçi işləyən İddiaçı müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə dəyişdirilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmasına dair ərizə ilə işəgötürən qarşısında iradə ifadəsini bildirmiş və buna razılıq vermişdir. O, həmçinin müddətli əmək müqaviləsini öz imzası ilə təsdiq edərək işə başlamış və 1 il ərzində buna qarşı heç bir etirazını bildirməmişdir. Bundan əlavə, iddiaçı əvəzedici tərbiyəçi vəzifəsində çalışmışdır. Bu vəzifə üzrə əmək funksiyası məzuniyyətə gedən tərbiyəçilərin əvəz edilməsindən ibarət olduğu üçün həmin işçi ilə müddətli müqavilə bağlanmasını zəruri etmiş, İddiaçı bununla bağlı öz imzası ilə təsdiq edilmiş ərizəsi ilə buna razılıq vermiş, razılaşdırılmış müddətə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti qurtardığına görə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının izahatı yuxarıda qeyd olunan işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, məhkəmə həmin izahatlara tənqidi yanaşır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İş materiallarından görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi işçi və işəgötürən tərəfindən bəyənilmiş və mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, müqavilənin müddətinin başa çatması əsası ilə həmin müqaviləyə xitam verilməsi barədə Xırdalan şəhəri 15 saylı körpələr evi uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 34 saylı əmri qanunidir. Bu əmrin ləğv edilməsi üçün iş materiallarında hər hansı əsas mövcud deyildir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçası tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, bu xüsusda əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. İş materialları ilə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin təsiri dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmrin ləğv edilməsi və işə bərpa olunma barədə əsas tələb təmin edilmədiyindən, iddianın məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi hissəsi də təmin edilə bilməz. İşdən, həmçinin görünür ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə ərizə verərək mübahisə üzrə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya əmək kitabçasını işlədiyi müəssisədən götürməsi təklif edilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. İşdəki mötəbər sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə son haqq-hesab verilmişdir. Bundan sonra o, hazırki mübahisə üzrə mediasiya qurumuna müraciət etmiş, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı isə xx.xx.2023cü il tarixdə almışdır. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edildiyi kimi, İddiaçı işdən azad edilməsi, yəni hüququnun pozulması faktını xx.xx.2022-ci il tarixdə bilsə də, hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında əmək münasibətlərinə xitam verilməsi barədə mübahisəli əmrdən iddiaçının xx.xx.2022-ci il tarixdə məlumatlı olması iş materialları ilə təsdiq edildiyindən və bu əmrin ləğv edilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2022-ci il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni mübahisə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İş materialları ilə o da müəyyən olunur ki, İddiaçı mediasiya prosesindən sonra belə 1 ay ərzində məhkəməyə müraciət etməmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini də ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlilləri işin məhkəmə baxışında tədqiq olunan sənədlərlə öz təsdiqini tapdığından, habelə mübahisə üzrə iddia müddəti ötürüldüyündən İddiaçı Xırdalan şəhər 15 saylı körpələr evi uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi boşdayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2371/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2371/2023
16.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver