Məhkəmə qərarları › İş №2(012)-2423/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2423/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2423/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2020ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında’’ müqavilə əsasında satılmış və dəyəri ödənilmiş ünvan 1 ünvanında yerləşən 5-ci blok, 17-ci mərtəbə, 1 otaqdan ibarət 147B saylı mənzilin cavabdeh tərəfindən təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında” müqavilə ilə cavabdeh ünvan 1 ünvanında yerləşən 5-ci blok, 17-ci mərtəbə, 147B saylı, izolə olunmuş 1 otaqdan ibarət mənzili bir pay kimi iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 58.97 kv.m olmaqla, mənzilin 1 kv.m-nin dəyəri 565 manatdan hesablanmış və mənzilin ümumi dəyəri 33337 manat təşkil etmişdir. Sözügedən mənzilin pay dəyəri olan 33337 manat pul vəsaiti iddiaçı tərəfindən MMC-yə tam ödənilmiş və MMC-yə borc qalmamışdır. Bu barədə Cavabdeh MMC tərəfindən möhürlə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin dəyərini tam ödəsə də cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni, mənzili təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Sonradan MMC müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4219/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, müqavilə və arayış etibarsız hesab edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-561/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş, iddia ərizəsi təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4271/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Həmin tələb üzrə iddia təmin edilməsə də və iddiaçının həmin mənzilin qanuni sahibi olması öz təsdiqini tapsa da həmin vaxtdan satılmış və dəyəri ödənilmiş 147B saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış müqavilə əsasında cavabdehdən mənzil alaraq dəyərini ödəmiş, lakin cavabdeh heç bir əsas və səbəb olmadan iddiaçıya məxsus olan mənzili təhvil verməkdən imtina etmiş və öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, qardaşı ilə birlikdə mənzili eyni gündə almışdır. Ona təhdidlər irəli sürülmüş, məhkəmə mübahisələri olmuş və yekun məhkəmə aktları qəbul edilmişdir. Aidiyyəti quruma müraciət olunmuş, lakin nə onun evi, nə də qardaşının pulu verilmişdir. Sözügedən mənzil 17-ci mərtəbədə yerləşməklə yaşayış binası inşa edilib qurtarmış və yaşayış mövcuddur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddiaçının izahatını təsdiq etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında müqavilə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanındakı V blok, 17-ci mərtəbə, izolə olunmuş bir otaqdan ibarət 147B saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş mənzili qəbul etməyi və dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, mənzilin sahəsi 58.97 kv.m təşkil etməklə 1 kv.mnin dəyəri 565 manat, mənzilin ümumi dəyəri isə 33337 manat təşkil edir, mənzilin dəyəri payçı tərəfindən tam şəkildə ödənilmişdir. -Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC-yə məxsus olan ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 17-ci mərtəbə, ümumi sahəsi 58.97 kv.m olan bir otaqdan ibarət 147B saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 33337 manat olmaqla tam şəkildə ödənilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4219/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 58.97 kv.m, 1 otaqdan ibarət 147B saylı “Mənzil tikintisi haqqında” xx.xx.2020-ci il tarixli, 147B saylı müqavilə və xx.xx.2020-ci il tarixli arayış etibarsız hesab edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-561/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4219/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı mənzil tikintisi haqqında xx.xx.2020-ci il tarixli, 147B saylı müqavilənin və xx.xx.2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamış, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçı Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4271/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-561/2022 saylı iş üzrə xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10V saylı evin, 67 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 17-ci mərtəbə, ümumi sahəsi 58.97 kv.m olan bir otaqdan ibarət 147B saylı mənzil qiyməti 33337 manat olmaqla iddiaçıya satılmış, iddiaçı müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəmiş və bu barədə MMC tərəfindən alıcıya borcun tam şəkildə ödənilməsinə və borcun olmamasına dair arayış təqdim edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə və müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq satıcı tərəfindən mənzilin təhvil verilməsi üzrə öhdəlik icra edilməmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, icraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında müqavilə” mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Sözügedən müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi MMC tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və həmin iddia tələbinin Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4219/2021 saylı qətnaməsi ilə təmin edilməsinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-561/2022 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4219/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin olunmamış, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4271/2022 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-561/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən, müqavilənin etibarsız hesab edilməsinə dair faktlar məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamış, dolayısı ilə mənzilin sahibinin məhz hazırki iş üzrə İddiaçı olması müəyyən olunmuşdur. Lakin bununla belə, müqavilə üzrə öhdəliklər təkrarən cavabdeh qurum tərəfindən icra edilməmişdir. Bununla da, müqavilə üzrə alıcı mənzillə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində cavabdehin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2020-ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 17-ci mərtəbə, ümumi sahəsi 58.97 kv.m olan bir otaqdan ibarət 147B saylı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixli, 147-B saylı “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının V blok, 17-ci mərtəbə, ümumi sahəsi 58.97 kv.m olan bir otaqdan ibarət 147B saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar