Məhkəmə qərarları › İş №2(012)-2437/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2437/2024

22.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2437/2024 22.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 2 saylı əmrinin ləğv edilməsi, onun satış təmsilçisi vəzifəsinə işə bərpa edilməsi, 2700 manat hesablanmış və ona verilməmiş əmək haqqının, qanunsuz işdənçıxarma nəticəsində məcburi işburaxma dövrü üçün hesablanacaq əmək haqqı qismində maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 saylı əmrlə “Fermer İ 39“ MMC ilə əmək müqaviləsi bağlayaraq satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Onun funksional vəzifəsi cavabdehə məxsus malları alıcılara nəqliyyat vasitəsi ilə çatdırmaq və ödənişləri təmin etmək omuşdur. 2022-ci ilin iyul ayında öz xahişi ilə işdən çıxmağı ilə bağlı yazılı və şifahi qaydada müraciəti baxılmamış qalmışdır. Bu səbəbdən də o, öz işinə davam etmişdir. 2023-cü ilin iyul aylarında ona şifai xəbər vermişlər ki, öhdəlikləri yerinə yetirmədiyi əsası ilə xx.xx.2023-cü il tarixli, 2 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddsəinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Bu əmr qanunsuz və əsassızdır. Belə ki, əmrdən və ya əmrə əlavə edilmiş əsaslarda Əmək Məcəlləsinin 71-ci maddəsində qeyd olunan hallar əks etdirilməmiş və sübut kimi sənədlər təqdim edilməmişdir. Qanunverici tələb edir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrin mətnindən isə görünür ki, cavabdeh işəgötürən bunu etməmişdir. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı ödəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təstiq olunmalıdır. Cabandeh bu əsasla əmək müqaviləsini ləğv edərkən ƏM-nin 71, 79, 80, və 189-cu maddələrin tələblərini kobudcasına pozmuşdur. Cavabdeh əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işçidən yazılı izahat tələb etməli idi Bununla yanaşı, ƏM-nin 80-ci maddəsinin tələblərinə görə işəgötürən öz təşəbbüsü ilə əmək müqaviləsinə ləğvi zamanı bu məsələni müəssisənin həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmalıdır. İşəgötürən bu məsələni razılaşdırmayıb, nəticə etibarı ilə cavabdeh heç bir sübut və sənədlə təstiq olunmayan ümumi sözlərlə ifadə edərək onu qanunsuz olaraq işdən çıxarmışdır. Müəssisədəki həmkarlar İttifaqı komitəsinin funksional vəzifələrindən birincisi işçilərin işəgötürən qarşısında hüquqlarını müdafiə etməkdir. Həmkərlar İtifaqı isə araşdırma aparmadan, iddiaçının izahatını almadan, sübutlarla əsaslanmayan qanunsuz işdən çıxarılmasına dair əmr qəbul etmişdir. Bununla yanaşı, cavabdeh 2020-ci ilin nəticələrinə görə 5400 manat gəlir qarşılığında 1350 manat, 2021-ci ildə 1014 manat, 2022-ci ildə 336 manat olmaqla, cəmi 2700 manat hesablamış, lakin həmin pul ona verməmişdir. Onun qanunsuz işdən çıxarılma ilə əlaqədar X4 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdəki müraciəti nəticəsində müəssisə rəhbəri - X1 barəsində inzibati protokol tərtib edilmiş, lakin ərizə tam araşdırılmamışdır. Bunun nəticəsidir ki, cavabdeh bundan sonra xx.xx.2023-cü il tarixdə onu qanunsuz olaraq işdən çıxarmışdır. Bununla da cavabdeh ona daha güclu mənəvi zərbə vurmaqla mənəvi sarsıntı keçirməyə məruz qoymuşdur. Nəticədə cavabdehin təqsirli hərəkətləri ilə ona mənəvi ziyan dəymişdir və mənəvi ziyanı 5000 manat qiymətləndirir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil, habelə iştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Fermer İ 39“ MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 2 saylı əmrin surətindən görünür ki, “Fermer İ 39“ MMC-nin Ofis bölməsində "Satış təmsilçisi" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin 70. "ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023 tarixindən xitam verilməsi, işçinin xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı göndərdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun izahatında 2020-ci ilin avqust ayından işə getmədiyi qeyd edilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixində müəssisə rəhbərliyinə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini bildirmişdir. Təqdim edilmiş əmək haqqı bank hesabı çıxarışından hesaba sonuncu dəfə xx.xx.2019-cu il tarixində əmək haqqı köçürüldüyü, həmçinin e-sosial fərdi şəxsi hesaba baxış keçirilərkən 2022-ci ilə dair sosial sığorta ödənişlərin həyata keçirilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, idarə tərəfindən "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin əmək haqqının hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı **********2 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin ünvan 1 ünvanına **********5 nömrəli xx.xx.2022-ci il tarixli məktubla (SS793734181AZ) müraciət olunmuş, eyni zamanda elektron poçt ünvanına (Elektron ünvan ) məktub göndərilərək iddiaçıya aid olan sənədlərin, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin xxxxxxx000200 saylı əmri ilə İddiaçı MMC-nin Ofis bölməsində "Satış təmsilçisi" vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 2 saylı əmrlə “Fermer İ 39“ MMC-nin Ofis bölməsində "Satış təmsilçisi" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 2 saylı əmrinin ləğv edilməsi, onun satış təmsilçisi vəzifəsinə işə bərpa edilməsi, 2700 manat hesablanmış və ona verilməmiş əmək haqqının, qanunsuz işdənçıxarma nəticəsində məcburi işburaxma dövrü üçün hesablanacaq əmək haqqı qismində maddi ziyanın və 5000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci hissələrinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından iddiaçının satış təmsilçisi kimi iş fəaliyyətində yol verdiyi qüsurlar barədə hər hansı mötəbər sübut yoxdur. İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması iş materiallarından görünmür. Əmək müqaviləsinə xitam verilməsi barədə hazırda mübahisələndirilən əmrdə işəgötürən kimi cavabdeh MMC Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Başqa sözlə, hazırda ləğv edilməsi xahiş olunan əmr mövcud əmək qanunvericiliyinin tələblərinə zidd qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmkarlar təşkilatının razılığı alınmamaqla işdən azad olunması, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuzdur. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməli və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, həmin əmrdən əvvəl işlədiyi satış təmsilçisi vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu normanı rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Lakin yuxarıda təsvir olunanlara və aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən “2700 manat maddi və 5000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “2700 manat maddi və 5000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, iddiaçının iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində əsaslılığı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Beləliklə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 2 saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" MMC-nin satış təmsilçisi vəzifəsinə bərpa edilməli və "xxxx" MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 2 saylı əmri ləğv edilsin, İddiaçı "xxxx" MMC-nin satış təmsilçisi vəzifəsinə bərpa edilsin və "xxxx" MMC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar