Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2488/2024 04.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia qaldıraraq, onun azyaşlı övladı X5 ilə birlikdə Abşeron rayonu, Mehdiadad qəsəbəsi, Memar Əcəmi küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 27 noyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşamdur. Birgə nikahdan 22 sentyabr 2022-ci il tarixdə X5 adlı bir övladları anadan olmuşdur. Mən o, cavabdehlə ailə qurduqdan sonra cavabdehin fakitki olaraq yaşadığı Abşeron rayonu, Mehdiadad qəsəbəsi, Memar Əcəmi küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür və ona məxsus olan bütün cehiz əşyaları həmin ünvana yerləşdirilmiş və bu günə kimi də cehiz əmlakları həmin ünvandadır. Onun gəlin köçdüyü fərdi yaşayış evi bələdiyyə tərəfindən cavabdehin anası olan Cavabdeh2 verilmişdir. Belə ki, evin qazı, işığı və suyu Cavabdeh2 adınadır. Cavabdehlər heç bir səbəb olmadan onu azyaşlı övladı ilə birlikdə gəlin köçüb yaşadığı fərdi yaşayış evindən çıxartmışdır. Hazırda o azyaşlı övladı ilə birlikdə valideynilərinin kirayədə yaşadıqları evə sığınmışdır. Maddi imkanı olduqca çətindir. Onun başqa yaşayış yeri yoxdur. Cavabdehlər onu evə buraxmırlar. Azyaşlı uşaqla küçələrdə qalmışdır. Cavabdehlər tərəfindən onun və azyaşlı övladının bütün hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Onlar bildirdilər ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən 2016-cı ildə alınıb. İddiaçı həmin evə ailə qurduqdan sonra gəlin köçsə də, hazırda tərəflər arasında ailə münasibətləri pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında nikahın pozulmasına dair məhkəmə işi davam edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 808082 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. İşdə olan Abşeron rayon İHB-nin Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 596 saylı arayışından görünür ki, Cavabdeh2 əri X1 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Neftçilər küçəsində olan evdə qeydiyyatsız yaşayır. İşdə olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin 77 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 186 saylı arayışından görünür ki, Cavabdeh1, M.Cəlal Paşayev küçəsi 40 saylı evdə, mənzil 82 ünvanında qeydiyyatda olmaqla yaşayır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2016-cı il tarxili hesat cədvəlindən görünür ki, ünvan 1 ünvanında yerləşən tikili Cavabdeh2 istifadəsində olmaqla, invertar dəyəri 42800 manat təşkil edir. İşdən görünür ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsinə və tikintiyə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil, yəni ev hazırda özbaşına tikinti sayılır. İddiaçı iddia edir ki, o, mübahisəli evin sahibinin gəlini olduğundan azyaşlı uşağı ilə oraya köçürülməlidir. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar tərəflərin nikahından da əvvəl cavabdehlərdən Cavabdeh2 sahiblik və istifadəsində olmuşdur. Bu halı məhkəmə iclasında iddiaçının özü də etiraf etmişdir. Daha öncə qeyd edildiyi kimi, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan tərəflərin nikahdan da əvvəl istifadə edən Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. Tərəflərin 27 noyabr 2021-ci ildə nikaha girmələri nəzərə alınarsa, mübahisəli evin onların birgə nikahı zamanı inşa edilməsi məhkəmənin qənaətinə görə istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçının özü və əri tərəfindən birgə nikahda olarkən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2488/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2488/2024
04.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver