Məhkəmə qərarları › İş №2(012)-2516/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2516/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2516/2023 27.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Pərviz Musayev küçəsindəki 4 saylı məktəbin yanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Pərviz Musayev küçəsində (4 №-li məktəbin yanı) yerləşən fərdi yaşayış evini öz vəsaiti hesabına 2010-cu ildə inşa etdirmişdir. Bu faktı həmin ərazidə yaşayan qonşuları X2, X7 və X9 notarial qaydada təsdiqləmişlər. 2011-ci ildə onun qızı X1 Rauf Aleksandr oğlu ilə ailə qurduğundan onlara öz tikdirdiyi evi vermişdir ki, müvəqqəti orada yaşasınlar. 2014-cü ildə onların X10 adlı bir övladları oldmuşdur. Sonradan münasibətləri pozulmuş və onlar ayrılmışlar. Hal-hazırda qızı Yeganə və nəvəsi Türkan onun yanında yaşayırlar. Onun tikdirdiyi mübahisəli evdə isə qızının keçmiş əri Cavabdeh1 və onun anası Cavabdeh2 yaşayırlar. Dəfələrlə onlardan evdən çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Onların mübahisəli evdən istifadə etmələri ilə onun sahiblik hüququ pozulur. Buna görə də cavabdehlərin həmin evdən çıxarılmaları zəruridir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X2, X7 və X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini öz pulu hesabına inşa etmişdir . İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubundan görünür ki, Cəmiyyətin elektron bazasında İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 90 saylı evin, 2156 saylı mənzilində 01 oktyabr 2002-ci il tarixdə **********02156 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Qeyd olunan ünvanın "xxxx" ASC-nin fəaliyyəti dövründən əvvəl elektrik enerjisi ilə təchiz edilməsi və təchiz edilməsinə əsas olan sənədlərin Səhmdar Cəmiyyətə təhvil verilməməsi səbəbi ilə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 263 saylı məktubundan görünür ki, 2000-2011-ci il tarixədək bütün sənədlər arxiv idarəsinə təhvil verildiyindən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Pərviz Musayev küçəsində ( 4 saylı orta məktəbin yanı) yerləşən torpaq sahəsi və üzərində yerləşən yaşayış evinin İddiaçı oğlunun, Cavabdeh1 və ya Cavabdeh2 adlarına hal-hazırki vəziyyətdə Bələdiyyənin baza məlumatlarında heç bir sənəd mövcud deyildir. Qeyd edilən şəxslər tərəfindən torpaq və əmlak vergisi ödənişi Mehdiabad Bələdiyyəsi tərəfindən qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsinin və aidiyyəti Bağlar Sukanal İdarəsinin abonent bazasında İddiaçı adlı vətəndaşla su təchizatı və kanalizasiya xidmətlərinə dair heç bir müqavilə bağlanmamış, o, abonent kimi qeydə alınmamışdır. Həmçinin sorğuda adları qeyd olunan X3 və Cavabdeh2 adlarına istehlakçı olaraq abonent kodu yoxdur və müqavilə bağlanmamışdır. Yuxarıda qeyd edilən sənədlərə və qüvvədə olan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və iddiaçı və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onların bərabərlik prinsipinə uyğun olaraq həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur. Bununla belə, həmin evin iddiaçının sahibliyində olması barədə o, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında mübahisəli yaşayış evinin iddiaçının faktiki sahibliyində olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş qonşuların notarial qaydada təsdiq etdikləri ərizələri isə iddiaçının mübahisəli tikilinin sahibi olması nəticəsinə gəlməyə yetərli deyildir. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehlərdən hər hansı birinin üstünlük hüququ olmamaqla cavabdehlərin də normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, əmlakın iddiaçının faktiki sahiblik və istifadəsində olduğunu təsdiq edən mötəbər sübutlar olmadığından, tərəflərin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşıldığında isə cavabdehlərin həmin mübahisəli yaşayış sahəsindən çıxarılmaları barədə İddiaçı iddia tələbinin əsassız olması şübhə doğurmur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda isə İddiaçı məhkəmə iclasında cavabdehlərin onun hansı hüquqlarını pozmalarını sübuta yetirə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının mübahisəli evdən cavabdehlərin çıxarılmaları barədə tələbi hazırki mərhələdə təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar