Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2519/2023 11.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 01 fevral 1996-ci il tarixində qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişdir. Evləndikdən sonra cavabdehin atasına məxsus olan Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Şərif kəndində yerləşən evdə yaşamağa başlamışlar. 1997-ci il tarixdə atası X1 şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0.3 ha qardaşının adına, 0.3 ha torpaq sahəsini isə onun adına almışdır. Rəsmiyyətdə isə torpaq sahəsinin sənədi olmamışdır. Daha sonra atası həmin torpaq sahəsində onlar üçün bir otaqlı ev tikdirmişdir. 1998-ci il tarixdə o, həyat yoldaşıyla birlikdə atasının onun üçün Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında tikdirdiyi fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə əlavə otaqlar tikdirərək evə birləşdirmişlər. Onların birgə nikahdan övladları olmamışdır, daha sonra süni mayalandırma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin bunun üçün onların nikahlarının olması şərtdir. Bu səbəbdəndə 2007-ci il tarixdə cavabdehlə nikahlarını rəsmiləşdirmişlər. Lakin süni mayalandırmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu andan etibarən ailədə tez-tez ciddi problemlər yaranmağa başlamışdır. Sonuncu dəfə 2020-ci il tarixdə süni mayalandırma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin təkrar süni mayalandırmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu da ailədə dahada ciddi problemlərin yaranmasına səbəb olmağa başlamış və cavabdeh onu evdən qovmuşdur. Odur ki, o, Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçrülməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmədə izahatında və etirazında bildirdi ki, o, iddiaçının mübahisələndirdiyi Xırdalan şəhəri, Quşçuluq Y/ M 14, Niyazi küçəsi 35 ünvanda faktiki yaşayır, qeydiyyatı isə Balakən rayonunadır. İddiaçı bildirir ki güya onlar 1996-cı ildə qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişlər. Lakin o, 1992-1996-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində qalmaq istədiyini anası bildiyi üçün Bakıda yaşayan qohumları vasitəsi ilə 1995-ci ildə ona hədiyyə olaraq Xırdalan şəhəri Quşçuluq yeni yaşayış massivində 3 sot sənədsiz torpaq alaraq hasarlamışdır. O, hərbi xidmətdən gəlib Bakıda qalaraq “Karmen” un fabrikində işləməyə başlamışdır. Onun anasının kənddə böyük təsərrüfatı olmuşdur. Anasının maddi köməkliyi ilə o, 3 otaqlı ev tikmişdir. İddiaçı bildirir ki guya iddiaçının atası sözügedən torpağı almış və evi tikmişdir. Həmin torpaq guya 6 sot olmuş, bir hissəsində iddiaçının qardaşına ev tikilmişdir. İddia ərizəsində göstərilənlər yalandır. İddiaçının qardaşlarının evləri Quşçuluq y/m, 11-ci küçə, ev 125 ünvanında tikilmişdir və hazırda iddiaçının hər 2 qardaşı həmin ünvanda yaşayır. Hətta o, ev tikdiyi müddəti iddiaçının ailəsinin həyətində kirayədə yaşamış və iddiaçını da oradan tanımışdır. O, iddiaçıyla görüşmək məqsədilə iddiaçının ailəsinin həyətindən köçərək Novxanıda ev kirayələmişdir. O, iddiaçının ailəsinin evində kirayə qaldıqda mərhum anası tez-tez gəlib ona baş çəkmiş və elə o vaxtdan da ailələri arasında yaxın münasibət yaranmışdır. Odur ki, o, evini 1998-ci ildə tamamlamış və ora köçdükdən sonra iddiaçı onunla görüşməyə tez-tez gəlmiş, evini təmizləmiş, çox vaxt yeməyini bişirmişdir. Onların münasibətlərindən xəbər tutduqdan sonra hər 2 tərəfin razılığı ilə onlar 2007-ci ildə evlənmişlər,onların birgə nikahdan övladı olmamışdır. O, iddiaçını 2007-ci ildən 2020-ci ilə qədər tez-tez müalicə və müayinələrə aparmışdır. O, səhər saat 07:00 radələrində evdən çıxmış, axşam 20:00 radələrində evə qayıtmışdır. O, iddiaçıya inanmış və xəyanət edəcəyini heç vaxt təsəvvür etməmişdir. Onun min əzabla qazandığı pulu iddiaçı başqa şəxslərə xərcləmişdir. Süni mayalanma məqsədi ilə o, ilk dəfə 2017-ci ildə Mərkəzi Klinikaya 11000 manat, 2019-cu ildə “Ömür” klinikasına 6000 manat pul ödəmiş, sonuncu dəfə isə iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” də süni mayalanma əməliyyatı 2020-ci ildə olmuşdur. Bu əməliyyatı həyata keçirmək üçün o, bankdan kredit götürmüş və klinikaya 5500 manat ödəniş etməklə yanaşı, o səhər saat 08:00-dan axşam saat 17:00-a qədər ac-susuz, həyəcanla iddiaçının əməliyyatdan çıxmasını gözlədiyi radələrdə iddiaçı rahat şəkildə başqa şəxslərlə mesajlaşmışdır. Bundan əlavə iddiaçı 14-15 yaşlarında olanda guya tanımadığı adam tərəfindən zorlandığını bildirmiş, buna baxmayaraq o, iddiaçıya inanmışdır. Onu da qeyd edir ki 1996-ci ildə iddiaçının 19 yaşı olmuşdur. Necə ola bilərdi ki, iddiaçının ailəsi həmin yaşda qız övladını rəsmi nikah olmadan ərə versin? Bunlar absurd və yalandır. Onlar xəyanət üstündə ayrılmışlar. 2020-ci ilin 25 avqust tarixindən onlar rəsmi olaraq ayrılmışlar. İddiaçının köçmək istədiyi həmin fərdi yaşayış evinin isə heç bir sənədi yoxdur, özbaşına tikilidir. O, dəfələrlə evə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq istəmiş, lakin aidiyyəti orqanlar ona evin özbaşına tikili olduğunu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikili aparmış şəxsin mülkiyyət hüququ əldə edə bilmədiyini bildirmişlər. Odur ki, o, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2550/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 yanvar 2007-ci il tarixdə bağlanılmış, Abşeron rayonu qeydiyyat şöbəsi tərəfindən 51 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi ünvanında yerləşən sənədsiz fərdi yaşayış evində yaşayır. Qonşuların aktına əsasən, İddiaçı Cavabdeh ilə 1998-ci ildən 2020-ci il tarixə kimi bir yerdə yaşamışlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 1996ci il tarixində qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş, 30 yanvar 2007-ci il tarixində isə rəsmi nikah bağlamışlar. Tərəflərin övladları yoxdur. Tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə, yəni 1998-ci il tarixində sözügedən Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini tikmiş və tərəflər həmin sənədsiz fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar. Daha sonra iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və tərəflər arasındakı nikah isə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2550/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində tikilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərə də öz təsdiqini tapmış və həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda cavabdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hüquqdan sui-istifad etməsi kimi qiymətləndirir və bu hal iddiçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2519/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2519/2023
11.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver