Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2555/2024 25.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı X3 (Musaev Faridin) iştirakı ilə, İddiaçı X3 (Musaev Faridin) Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X5 (Musaev Farid) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 16a saylı yaşayış binasında, 1-ci blok, 1 otaqdan ibarət olan 5 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 (Musaev Farid) məhkəmə iclasında izahatında bildirdi ki, o, 11 aprel 2017-ci il tarixdə "xxxx" MTK ilə müqavilə bağlayaraq Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 16a yaşayış binasında, 1-ci blok, binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 56,6 kv.m olan 1 otaqlı, tam təmirli və əşyalı olan 5 saylı mənzili tam ödəniş edərək almışdır. O, Rusiya Federasiyasının vətəndaşıdır və Rusiyada yaşayır. Onun xalası olan Cavabdeh ona yalvararaq yaşamağa yeri olmadığından onun mənzilində 1 ay ərzində yaşamaq üçün icazə istəmiş, o da cavabdehə mənzilində yaşamağa icazə vermişdir. Məhz bu səbəbdən cavabdeh həmin mənzildə yaşayır. Daha sonra cavabdehdən çoxsaylı şikayətlərin və kommunal xərclərin ödənilməməsi səbəbi ilə o, məcbur olaraq Azərbaycana gəlmişdir. Hazırda o, öz mənzilinə daxil ola bilmir və bununla bağlı daxili işlər orqanlarına şikayət etsə də ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdehdən ona məxsus mənzili boşaltmasını tələb etməsinə baxmayaraq o, mənzildən çıxmamışdır, onun isə yaşamağa yeri yoxdur. Cavabdeh kommunal xərcləri ödəmədiyinə görə yaranmış borca görə sözügedən evi sənədləşdirə bilmir. Qeyd edir ki, cavabdeh 2018-ci ildən ona məxsus evdə yaşayır. Bundan başqa onu da bildirir ki, cavabdeh onu həyatı və sağlamlığı ilə təhdid edir və hədə-qorxu gəlir. O, dəfələrlə cavabdehdən mənzili boşaltmağı tələb etsə də cavabdeh onun tələbinə heç bir əhəmiyyət verməmişdir, bu isə onun mülkiyyət hüququnu pozur. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, Cəlilabad rayonunda qeydiyyatdadır. Belə ki, bacısı vaxtilə onun adına ev almış, lakin zərurət yarandığından o, evini satmaq məcburiyyətində qalmışdır. Onun qızı başqasına qoşulub qaçdığından o, həmin evdə tək yaşamışdır. Qeyd edir ki, əslində bu ev ona verilməli idi. O, evdən çıxmağa razı deyildir. Odur ki, göstərilən hallara əsasən o, iddianın təmin edilməməsini xahiş etmiş, lakin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında iddiaçı X3 (Musaev Faridin) sözügedən mənzilin ilk mülkiyyətçisi olub-olmadığını, bu mənzili başqa şəxsdən alıbalmadığını aydınlaşdırmağın zəruri olduğunu bildirmiş, lakin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. İş materiallarında olan 11 aprel 2017-ci il tarixli, 016a/005 nömrəli çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, sifarişçi X5 (Musaev Farid) bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 16a nömrəli yaşayış binasında, 1-ci blokda, 1-ci mərtəbədə, 1 otaqlı, 5 nömrəli mənzilin tikintisini və müqavilədə göstərilən bütün şərtləri icra edib sifarişçi X4 (Musaev Faridə) mənzilini, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş 11 aprel 2017-ci il tarixli maliyyə arayışından görünür ki, payçı X5 (Musaev Farid) ilə "xxxx" MTK arasında 11 aprel 2017-ci il tarixində müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 16a nömrəli binada, 1-ci blokda, 1-ci mərtəbədə, 1 otaqlı, sahəsi 56,6 kv.m olan 5 saylı mənzili almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir və hazırda payçının MTK-ya borcu yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 11 aprel 2017-ci il tarixli, 016a/005 nömrəli çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, iddiaçı X5 (Musaev Farid) bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 16a nömrəli yaşayış binasında, 1-ci blokda, 1-ci mərtəbədə, 1 otaqlı, 5 nömrəli mənzilin tikintisini və müqavilədə göstərilən bütün şərtləri icra edib iddiaçı X4 (Musaev Faridə) mənzilini, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçının mənzili üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, X3 (Musaev Faridin) mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 157-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 16a saylı yaşayış binasında, 1-ci blok, 1 otaqdan ibarət olan 5 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2555/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2555/2024
25.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver