Məhkəmə qərarları › İş №2(012)-2581/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2581/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2581/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun atası X2 ölümündən sonra miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş, həmin vaxtdan 2002-ci ilə kimi valideynləri və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamış və daha sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Həmin mənzilə xx.xx.2005-cildə atasının adına qeydiyyat vəsiqəsi alınmışdır. Həmin dövrdən sonra ailəsi ilə birlikdə tez-tez ölkəyə gəlmiş və gəldikləri zaman həmin ünvanda yaşamışlar. xx.xx.2007-ci ildə atası X3 rəhmətə getmiş və Rusiya Federasiyasının Leninqrad vilayətində dəfn olunmuşdur. Atasının vəfatından sonra, sözügedən mənzil faktiki olaraq ərizəçinin sahiblik və istifadəsində olmuş, hər dəfə ölkəyə gələndə özü və ailə üzvləri həmin mənzildən yaşamış, kommunal və digər ödənişləri etmiş, həmçinin zəruri təmir işləri də aparmışdır. Rusiya Federasiyasındakı işləri və ailə vəziyyəti ilə əlaqədar ölkədə uzun müddət qala bilmədiyi üçün vərəsəliklə bağlı sənədləşmə işlərini vaxtında tamamlaya bilməmişdir. Daha sonra, atasından qalmış mirasın (ünvan 1) qəbulu barədə Sumqayıt Regional Maraqlı şəxs Notariat Ofisinə müraciət etmiş və oradan verilən 270 saylı, 02 fevral 2025-ci il tarixli məktubla qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyü üçün vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş, mirasın qəbulu faktının və ya mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət olunması tövsiyə olunmuşdur. Ərizəçi hal-hazırda da hər dəfə ölkəyə gələndə həmin mənzildən istifadə edir, zəruri kommunal və digər ödənişləri etməklə faktiki olaraq əmlakı idarə etməklə oraya sahiblik edir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, mərhum Telman Əlihüseynovun ərizəçidən başqa digər iki vərəsəsi də var. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.5-ci bəndinə görə hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Mülki-Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, X1 qalmış miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə digər vərəsələr arasında fikir ayrılığının olması ehtimalı böyükdür, çünki onların da bu əmlaka hüquqları mövcuddur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə yaranmışdır və buna görə də ərizə baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, Ərizəçi nümayəndəsi hazırki ərizəni verərkən müvafiq ödəmə sistemi vasitəsilə **********09 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ərizəçinin nümayəndəsinin ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılsın. Ərizəçinin nümayəndəsi Nümayəndə hazırki mülki iş (2(012)-2581/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (**********09 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi və ya onun nümayəndəsinə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar