Məhkəmə qərarları › İş №2(012)-2593/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2593/2021

24.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2593/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Kristal Abşeron Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Kristal Abşeron Mənzil Tikinti Kooperativinin Cavabdeh1 qarşı müqavilələrin ləğv edilməsi və mənzilin boşaldılaraq iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kristal Abşeron Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1 və Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı müqavilələrin ləğv edilməsi və mənzilin boşaldılaraq iddiaçıya geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Kristal Abşeron MTK ilə Cavabdeh1 arasında 19.02.2016cı il tarixli ********* saylı Payçı müqaviləsinin, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli təminatlı kredit müqaviləsinin və tərəflər arasında bağlanılmış 19.02.2016-cı il tarixli 14-19-02-2016-RO-X1 saylı zaminlik müqavilələrinin ləğv edilməsi, payçı müqaviləsi əsasında Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina sahəsi 48,6 kv.m olan 2 otaqlı 34 saylı mənzilə dair Cavabdeh1 digər cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağladığı 19.02.2016cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən geri qaytarmalı olduğu 46900 manat məbləğdə borcun MTK tərəfindən həmin banka, mübahisəli mənzilin boşaldılması və həmin mənzilin iddiaçı Kristal Abşeron MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Kristal Abşeron MTK iddia tələbinin həcminin azaldılması və iş üzrə Azərbaycan Beynəlxalq ASC-nin cavabdeh qismindən çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Kristal Abşeron MTK ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə bina 7, 34 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Kristal Abşeron MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Kristal Abşeron Mənzil Tikinti Kooperativinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Kristal Abşeron MTK ilə Cavabdeh1 arasında 19.02.2016-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7ci bina sahəsi 48,6 kv.m olan, 2 otaqlı 34 saylı mənzil satılmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 61250 manat məbləğində kredit vermişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 144 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 19-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 61250 manat kredit götürmüşdür. Kredit üzrə qalıq borc isə 46900 manatdır. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Kristal Abşeron MTK və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina sahəsi 48,6 kv.m olan, 2 otaqlı 34 saylı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. Kristal Abşeron MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina sahəsi 48,6 kv.m olan 2 otaqlı 34 saylı mənzili öz sahibliyinə keçirərək Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında borcu bağlamaq hüququna malikdir. Kristal Abşeron MTK Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina, sahəsi 48,6 kv.m olan 2 otaqlı 34 saylı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 19.02.2016-cı il tarixli 14-19-02-2016-RO- X1 saylı zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Lakin hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Tovuz RPŞ tərəfindən verilmiş 15.08.2014-cü il tarixli AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Tovuz şəhəri F.Ələkbərov küçəsi 38 saylı evdə qeydiyyatdadır. -Kristal Abşeron MTK ilə payçı Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli ********* saylı payçı müqaviləsindən müəyyən edilir ki, Kristal Abşeron Mənzil Tikinti Kooperativi pay qismində çıxış edən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 11-də tikilməkdə olan 7-ci binada, 1-ci blok, 3-cü mərtəbə, 34 №-li, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən həmin mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin Kristal Abşeron yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndindən görünür ki, mənzilin ümumi sahəsi 48,6 kv.m təşkil edir, mənzilin 1 kv.m 1260,29 manat olmaqla, ümumi dəyəri 61250 manatdır, müqavilənin ilkin ödənişi 0 faiz müəyyən edilmiş, payçı müqavilə qiymətinin qalan 61250 manata bərabər tutulan məbləğini, payçı MTK və Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanacaq olan birtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. -Cavabdeh1 Kristal-Abşeron MTK-ya ünvanlandığı 19.02.2016-cı il tarixli ərizədən görünür ki, Kristal Abşeron Mənzil Tikinti Kooperativinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 11-də inşa etdiyi yaşayış binasında 2 otaqlı 48,6 kv.m ümumi sahəsi olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə mənzilin satılmasına icazə verilməsini xahiş etmişdir. -Kreditor Azərbaycan Beynəlxalq Bankı ASC, borclu Cavabdeh1 və zamin Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış 19.02.2016-cı il tarixli 14-19-02- 2016-RO-X1 saylı zaminlik müqaviləsindən görünür ki, borclu arasında bağlanmış 19.02.2016-cı il tarixli 14-19-02-2016-RO-X1 №-li kredit müqaviləsinə əsasən 61 250 manat məbləğində 144 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar-daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndindən görünür ki, zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində bağlanmış 19.02.2016-cı il tarixli 14-19-02-2016- RO-X1 saylı müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərin (dəbbə pulunun) qaytarılmasından ibarətdir. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 61 250 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir, zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 (üç) gün müddətində icra edilməlidir. -Kreditor Azərbaycan Beynəlxalq Bankı ASC, borclu Cavabdeh1 və zamin X4 arasında bağlanmış 19.02.2016-cı il tarixli 14-19-02-2016-RO-X1 saylı zaminlik müqaviləsindən görünür ki, borclu arasında bağlanmış 19.02.2016-cı il tarixli 14-19-02- 2016-RO-X1 №-li kredit müqaviləsinə əsasən 61 250 manat məbləğində 144 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar-daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli 14-19-02-2016-RO-X1 saylı təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana borcalan ilə Kristal Abşeron Mənzil Tikinti Kooperativi arasında imzalanmış 19.02.2016-cı il tarixli ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 61 250 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndindən görünür ki, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 19.02.2016-cı il tarixli ********* №-li Kristal Abşeron Mənzil Tikinti Kooperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 11-ci məhəllədə tikilməkdə olan bina 7, mərtəbə 3, ümumi sahəsi 48,6 kv.m, ibarət 2 otaqlı 34 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Kredit müqaviləsinin 5.3-cü bəndindən görünür ki, borcalana kredit 144 ay müddətinə verilmişdir. -19.02.2016-cı il tarixli 14-19-02-2016-RO-X1 saylı təminatlı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 19.03.2016-cı il tarixdən 19.02.2028-ci il tarixədək olan müddət ərzində 61250 manat əsas borc, 34213 manat faiz borcu olmaqla cəmi 95463 manat olan borcu hər ay 663.10 manat borcu hissə-hissə banka ödəməyi öhdəsinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Kristal Abşeron MTKnın sədri X1 ünvanlanmış 12.03.2021-ci il tarixli PK/İ-0049 saylı mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 144 ay ərzində bərabər hissələrlə, kredit üzrə faizləri hər ayın 19-u tarixindən gec olmayaraq ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin 11.03.2021-ci il tarixə yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 6415 manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq 5 iş günü müddətində banka olan ödəniş cədvəli üzrə 6415 manat məbləğində borc ödənilmədikdə ABB borcu tələb etməklə 14-19- 02-2016-X1 saylı 19.02.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamini Kristal Abşeron MTK-ya müraciət edərək, onun isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Xırdalan şəhəri H.Əliyev prospekti 11 bina ümumi sahəsi 48.6 kv.m. ibarət 1 otaqlı, 34 saylı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malik olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Kristal Abşeron Mənzil Tikinti Kooperativinin Cavabdeh1 qarşı müqavilələrin ləğv edilməsi və mənzilin boşaldılaraq iddiaçıya geri qaytarılması tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi Mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya Mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka Mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki Mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçünçü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq) 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, İddiaçı Kristal Abşeron MTK ilə Cavabdeh1 arasında 19.02.2016-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina sahəsi 48,6 kv.m olan, 2 otaqlı 34 saylı mənzil satılmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 61250 manat məbləğində kredit vermişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 144 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 19-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 61250 manat kredit götürmüşdür. Kredit üzrə qalıq borc isə 46900 manatdır. Kristal Abşeron MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina sahəsi 48,6 kv.m olan 2 otaqlı 34 saylı mənzili öz sahibliyinə keçirərək Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında borcu bağlamaq hüququna malikdir. Kristal Abşeron MTK Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina, sahəsi 48,6 kv.m olan 2 otaqlı 34 saylı mənzildə yaşayır. İşin hallarından müəyyən edilmişdir ki, İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Kristal Abşeron MTK və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə 7-ci bina sahəsi 48,6 kv.m olan, 2 otaqlı 34 saylı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər Kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə Kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər Kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və Kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Beləliklə, məhkəmə ərizədə göstərilənləri iş materiallarında olan digər sənədləri qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Kristal Abşeron MTK ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilməli, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə bina 7, 34 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı Kristal Abşeron MTK-ya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Kristal Abşeron MTK ilə Cavabdeh1 arasında bağlanmış 19.02.2016-cı il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu H.Əliyev prospekti 11-ci məhəllə bina 7, 34 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Kristal Abşeron MTK-ya təhvil verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar