Məhkəmə qərarları › İş №2(012)-2594/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2594/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2594/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X2, Cavabdeh2 Hüseyn oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyn oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 10/2 saylı evinə istifadə hüququnun tanınmaqla, xx xxxxxxxx 2013-cü il təvəllüdlü Duyğu və xx xxxxxx 2016-cı il təvəllüdlü Damla adlı uşaqlarıyla birlikdə həmin fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci ildə rəsmi nikah qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx xxxxxxxx 2013-cü il tarixdə Duyğu və xx xxxxxx 2016-cı il tarixdə Damla adında uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə ailə qurduqdan sonra Cavabdeh2 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 10 2 saylı evə gəlin köçmüşdür. Tərəflərin uşaqlarının ikisi də həmin evdə dünyaya gəlməklə, hazırda da orada qeydiyyatdadırlar. Cavabdeh1lə aralarındakı münasibətlərin soyuqlaşması səbəbindən iddiaçını azyaşlı uşaqlarıyla birlikdə evdən qovmuşlar. Artıq bir müddətdir ki, iddiaçının cehiz əşyalarının da olduğu mübahisəli evə köçüb orada yaşaya bilmir. İddiaçı 2 azyaşlı uşaqlarla yaşamağa başqa evi yoxdur. Cavabdehlər iddiaçının evdə yaşamağına icazə vermədiyindən məhkəmə tərəfindən tələb təmin edilməli və iddiaçı uşaqlarıyla birlikdə həmin evə köçürülməlidir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Konstitusiya Məhkəməsinin qərarına əsasən, daşınmaz əmlakın qeydiyyata alınması şərt kimi göstərilməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Hüseyn oğlu məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə oğlu Cavabdeh1 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. İddiaçı toy mərasimindən sonra mübahisə predmeti olan evə gəlin köçmüşdür. O, iddiaçını və nəvələrini evdən qovmamışdır və onunla pis rəftar etməmişdir. O, dializ xəstəsidir və bir ayağı qanqrendir. Buna baxmayaraq, o, İddiaçı böyrəklərindən müalicə etdirmişdir və ona lazım olan şəraiti yaratmışdır. Lakin oğlu həbsə düşdükdən sonra iddiaçının atası qızının xəstə olması bəhanəsi ilə gəlinini və nəvələrini aparmışdır. Bundan sonra nəvələrini görə bilməmişdir. Bu səbəbdən də iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan ev ona vərəsəlik yolu ilə atasından miras olaraq keçmişdir. Atası rəhmətə getdikdən sonra ev vərəsəlik qaydasında onun adına keçmişdir. Həmçinin o, iddia tələbinə etiraz təqdim edərək bildirdi ki, sözügedən ev atası X8 tərəfindən ona vəsiyyət edilmişdir və xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Reyestri haqqında çıxarış verilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 795754 saylı nikah haqqında şəhadətnamənin notariusda təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Hüseyn oğlu ilə İddiaçı arasında xx xxxxxx 2012-ci il tarixində 548 №-li nikah qeyd bağlanmışdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 170779 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh1, anası isə X3r. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 890320 saylı doğum haqqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası X11, anası isə İddiaçıdır. İş materiallarında olan 5261 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 10/2 saylı ev xx xxxxxx 1988-ci ildə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2010-cu ildə vəfat etmiş X1 rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 82,10 kv.m olan 3 otaqdan ibarət 2 nömrəli mənzili Cavabdeh2 Hüseyn oğluna vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən ev 1, 2 saylı, ümumi sahəsi 82,10 kv.m olan 3 otaqlı mənzili xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 Hüseyn oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları araşdırılarkən və tərəflər dinlənilərkən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxxx 2012-ci il tarixdə nikaha daxil olmuş, mübahisəli mənzilə gəlin gəlmiş, həmin mənzildə cavabdehlərlə birgə yaşamışdır. Lakin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 82,10 kv.m olan 3 otaqdan ibarət 2 nömrəli mənzil iddiaçı həmin mənzilə gəlin gəlməzdən əvvəl, yəni xx xxxxxx 1988-ci ildən X4 mülkiyyətində olmuşdur. X8 xx xxxxx 2010-cu ildə vəfat etdikdən sonra həmin mənzil Cavabdeh2 Hüseyn oğlunun mülkiyyətinə vərəsəlik qaydasında keçmiş və xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 Hüseyn oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Həmçinin İddiaçı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 82,10 kv.m olan 3 otaqdan ibarət 2 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh2 Hüseyn oğlu arasında mənzilə istifadə hüququnun tanınması ilə bağlı notarial qaydada razılaşmanın olması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyn oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata kecirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi özündə yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün əvvəlcədən yaranmış istifadə hüququnun saxlanmasını ehtiva edir ki, hazırki işdə bu hal mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyn oğluna qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar