Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-260/2023 24.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğluyla birgə onların Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evə köçürülməyi və həmin evdə yaşamaq üçün hasar çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmə baxış iclaslarına məhkəməyə teleqram göndərərək, onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci ev xüsusi mülkiyyət hüququ ilə mərhum anasına məxsus olmuşdur. 26 iyul 2011-ci ildə anası X2 vəfat etdikdən sonra həmin mülkiyyət qardaşı Cavabdeh istifadəsində qalmışdır. Bundan sonra daim qardaşıyla evdə yaşamaq üstündə mübahisələri olmuşdur. 17 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həmin Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evin 14 hissəsi ona pay kimi düşür. Qeyd edir ki, o, hal-hazırda oğlu Zaur ilə birgə ünvan 1 ünvanında yaşayırlar. 2011-2017-ci illərdə 6 il ərzində 4 il yarım müddət olmaqla ünvan 1-də yaşamışdır. Faktiki hərəkətləri ilə həmin evə sahiblik etmişdir. Belə ki, anası rəhmətə getdikdən sonra vərəsəlik payından imtina etməyə yönələn hər hansı hərəkət etməmişdir. Bildirir ki, onun oğlu nəfəs çatışmazlığından əziyyət çəkir. Hal-hazırda o və övladı baxımsız, təmirsiz bir otaqda yaşamağa məcbur qalmışlar. İndi yaşadıqları ev çox rütubətli olduğu üçün hər ikisinin sağlamlığına günü-gündən mənfi təsir edir. Oğlunun səhhəti pisləşməyə doğru gedir. Belə ki, bu evdə yaşadığı müddətdə oğlunu itirmək təhlükəsi ilə qarşıqarşıyadır. Bir ana kimi onun nə hisslər keçirdiyimi anlamaq çətin olmamalıdır. Bütün bunlara görə çox qısa zamanda yekun qərarla həmin evə köçməyi ümid edir. Hesab edir ki, oğluyla birgə onların Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evə yaşayış-istifadə hüququ tanınmalı və onların həmin otaqlara köçürülməyi təmin edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının əssassız iddiası təmin edilməməli, rədd edilməlidir. Belə ki, iddiaçı iddiasında qeyd edir ki, guya iddiaçı 2011-2017-ci illərdə onlarla mübahisəli mənzildə yaşamış, guya həmin əmlaka iddiaçının varisliyi tanınmış və hazırda onlar iddiaçının hüquqlarını pozurlar. Lakin nəzərə alınmalıdır ki, iddiaçı hələ anaları vəfat etməmişdən qabaq ailə qurmaq məqsədilə getmiş və qeyd etdiyi illərdə onlarla yaşamamışdır. Bildirir ki, iddiaçının övladı, ailəsi var və bu günə kimi də heç vaxt onlarla davamlı olaraq birlikdə yaşamamışdır. Bunu sübut edəcək kifayət qədər şahidlər var. Onu da qeyd edir ki, iddiaçı bacısı olsa da onun digər qardaş-bacıları ilə münasibəti, əlaqəsi heç vaxt yaxşı olmamış, hər zaman yersiz dava-dalaş salmış, mübahisələr etmişdir. Nəzərə alınmalıdır ki, anaları vəlat etdikdən sonra sağ qalmış digər ailə üzvləri mirasdan onun xeyrinə imtina etmişdir. İddiaçı isə imtina etmək qarşılığında analarından onlara miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı, anasından qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anasının matkirov medalını götürmüş və bildirmişdir ki, həmin torpaq sahəsi və qızıl zinət əşyalarının qarşılığında ünvan 2 ünvanında yerləşən 22-ci evdən imtina edəcəkdir. Yəni, iddiaçının istəyi ilə aralarında elə bölgü olmuşdur. Onu da qeyd edir ki, mübahisəli evdə hər zaman o və ailəsi anasıya birlikdə yaşamış, iddiaçı isə qeyd etdiyi kimi hətta anasının vəfatından öncə evi tərk etmiş, anasının hansı vəziyyətdə öldüyündən xəbəri belə olmamışdır. Sadəcə iddiaçının marağı əmlakları ələ keçirmək, pullar əldə etməkdir, yəni iddiaçı hər zaman ancaq özünü düşünmüşdür. Əmlakdan isə özünün də bildiyi, lakin gizlətdiyi kimi rəsmi qaydada notariusda imtina etmişdir. xx.xx.2018-ci il tarixli **********169 nömrəli ərizədən də göründüyü kimi iddiaçı rəsmi qaydada bildirmişdir ki, “o, yazıb sizə bildirir ki, xx.xx.2011-ci il tarixdə vəfal elmiş mərhum anası X1 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsini qəbul etməmiş, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaqdır. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz və mirasdan imtina etməklə o, nədə iladə etməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur." Ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı öz azad iradəsi ilə mirasdan imtina etmişdir. Belə olan halda mübahisə predmeti olan, anasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin olduğunu deməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki, sözügedən ərizə ilə o əmlakdan rəsmi qaydada imtina etmişdir, ərizənin olduğu halda ona vərəsəliklə bağlı hər hansı şəhadətnamənin verilməsi mübahisə, şübhə doğurduğundan notarius işinin də tələb edilərək məhkəmədə tədqiq edilməsi zəruridir. İddiaçı onu aldadaraq anasından qalmış digər torpaq sahəsini və qızıl-zinət əşyalarını aldıqdan, mirasdan imtina barədə ərizə verdikdən 5 il keçəndən sonra hazırda əsl həqiqətdə heç bir hüquqi çatmadığı əmlakdan pay istəməsi, yalan məlumatlar verməsi düzgün deyil. Göründüyü kimi iddiaçının əsl məqsədi onu aldadaraq əmlakı ələ keçirmək, daha sonra isə imtina verdiyi ərizəyə baxmayaraq mirasa hüququ olduğunu deyərək ona məxsus, onun sahibliyində olan əmlakı da böldürməkdir. İddiaçının da bildiyi kimi iddiaçının Yasamal rayonundakı evinin qiyməti təxminən 200000 manatdan çoxdur, yəni bu da sübut edir ki, onun qiymətə başqa yerdə əmlak almaq, yaşamaq imkanı da var. Sadəcə olaraq iddiada bu cür özünə sərf edən şəkildə qeyd edrərək guya çətin vəziyyətdə olduğunu göstərir. Lakin qeyd etdiyi kimi iddiaçı ondan qanunsuz olaraq pul almaq niyyətində olduğundan iddiasında həqiqətləri təhrif etmişdir. Hazırda da ondan pul istəyir. Bir qəpik də olsun heç bir vəsait qoymadığı, hətta qeyd etdiyi kimi 11 ildən də çox müddət olar ki, orada yaşamadığı halda iddiaçının bu cür iddia qaldırması onun hüquqlarını kobud şəkildə pozur. Odur ki, qeyd olunanlardan görünür ki, iddiaçının qeyd eldikləri həqiqəti əks etdirmir və qanunvericiliyin tələblərinə tamamilə ziddir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi ƏMDX yanında DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarələrinə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh və ailə üzvlərinin (6 nəfər subyekt) ümumbirgə mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən JN-231A nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların təqdiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı uzun illərdir ki, sözügedən ünvan 3 ünvanında yaşamır. Həmçinin AR İqtisadiyyat Nazirliyi ƏMDX yanında DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi ünvan 3 ünvanında qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, ləğv edilmiş DTXK tərəfindən idarələrinə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh və ailə üzvlərinin (6 nəfər subyekt) ümumbirgə mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən JN-231A nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən, iddiaçının sözügedən evdə yaşamasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı oğluyla birgə onların Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evə köçürülməyi və həmin evdə yaşamaq üçün hasar çəkilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-260/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-260/2023
24.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver