Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2641/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi X1, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 04 fevral 2018-ci il tarixində “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən mənzilin boşaldılması, giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün ona şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən tikintidəki yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 kv.m. olan, 1 otaqdan ibarət 95 nömrəli mənzilin tikintisinə dair Cavabdeh ilə aralarında 04 fevral 2018-ci il tarixində "Kooperativ binanın mənzil tikintisi haqqında" müqavilə bağlanmışdır. Lakin "xxxx" MTK üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzildən istifadə və mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Həmin hüquqların məhdudlaşdırılmasına əsas olaraq Cavabdeh imzalanmış müqavilənin və tərtib edilmiş kassa-mədaxil orderinin qanunsuz olmasını qeyd etmişdir. Bunu əsas göstərərək o, "xxxx" MTK-ya qarşı Abşeron Rayon Məhkəməsinə müqavilənin və tərtib edilmiş kassa-mədaxil orderinin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edir ki, həmin məsələ üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4132/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh "xxxx" MTK tərəfindən təqdim edilmiş kassasiya şikayəti təmin edilməmişdir. Belə ki, qeyd edilən iş üzrə Cavabdeh MTKnın mənzil-tikinti müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bundan sonra kooperativ tərəfindən yeni iddia ilə məhkəməyə müraciət edilmiş, müqavilənin və kassa-mədaxil orderinin ləğvi tələb edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(103)-5189/2023 saylı qərara əsasən iddiaçı Cavabdeh MTK-nın iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarı dəyişdirilmədən saxlanılmış və MTK-nın apellyasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, hələ də "xxxx" MTK üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu məsələ ilə bağlı "xxxx" MTK-nın sədri Əbilfət Dadaşovun axtarışda olmasına baxmayaraq, hələ də icra işlərinin nəticəsi mövcud deyildir. İcranın yerinə yetirilməməsinin nəticəsi olaraq isə mənzilə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması ilə bağlı yenidən məhkəməyə müraciət edilməsi zərurətini yaratmışdır. Mübahisənin həllinə nail olmaq üçün Fuad adlı şəxs onunla əlaqə saxlamış, Cavabdeh MTK tərəfindən ona pul veriləcəyi, lakin evi vermək istəmədikləri bildirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X2 izahatında İddiaçı konkret təklif vermədiklərini, amma iddiaçı ilə görüşmək istədiklərini, iddiaçının adını çəkdiyi Fuad bəyin sözügedən Cavabdeh MTK-nın yeni sədri və direktoru təyin olunduğunu bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinə etirazında və məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Belə ki, Cavabdeh MTK tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,84 kv.m. olan 1 otaqdan ibarət 95 nömrəli mənzildən maneəsiz istifadəyə şərait yaradılmadığı bildirilmişdir. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı adıçəkilən mənzili Cavabdeh MTK üçün əlverişsiz şəraitdə və vəziyyətdə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyini dəfələrlə bildirsələr də iddiaçının sübutların araşdırılması ilə bağlı məhkəmə iclaslarında şəxsən iştirak etməməsi səbəbindən bu həqiqəti indiyədək aşkara çıxarmaq mümkün olmamışdır. Həqiqət isə bundan ibarətdir ki, əvvəllər uzun illər vergi işçisi olmuş və vergi qanunvericiliyinin tətbiqi sahəsində kifayət qədər nəzəri bilik və praktiki iş təcrübəsinə malik olan İddiaçı ilə Cavabdeh MTK-ın rəhbərliyi arasında əvvəlcədən olan şifahi razılaşmanın şərtlərinə görə İddiaçı 60000 manat pul ödənilməsi müqabilində Cavabdeh MTK-nın tikdiyi yaşayış binasında 4000 kv.m. sahə üçün əsassız hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı və yüksək keyfiyyətli auditor xidmətləri göstərməli idi. Bu məsələnin həllinə hüquqi zəmin yaradılmasından ötrü özünün təklifi ilə İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK-da hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, ondan 3 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə tərəflər arasında “Kooperativ binanın mənzil tikintisi” haqqında müqavilə bağlanmışdır. Belə ki, İddiaçı pulun nağd qaydada ödənilməsində çətinlik yarandığına görə tərəflər razılaşmışlar ki, 60000 manat pulun əvəzində Cavabdeh MTK inşa etdiyi çoxmənzilli yaşayış binasından ümumi dəyəri 46696 manat olan birotaqlı mənzil tikib təhvil vercəkdir. Müqavilə bağlanandan sonra qalan 13000 manat pul İddiaçı nağd qaydada verilmişdir. Tərəflər arasında qeyd edilən müqavilə bağlansa da mənzilin dəyərini ödəmədiyinə görə İddiaçı razılaşmışdır ki, o, üzərinə götürdüyü öhdəliklərini tam və uğurla yerinə yetirənədək, adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli kassa-mədaxil orderində Cavabdeh MTK-nın nə baş mühasibi, nə də kassir imza etməyəcəkdir. Ona görə də İddiaçı Cavabdeh MTK-ya üzvlük payının ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da verilməmişdir. Təəssüf ki, İddiaçı şifahi razılaşmanın şərtlərinə əməl etməyərək Cavabdeh MTK-nın əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. yaşayış sahəsi üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmamış, auditor xidmətləri də göstərməmiş, əksinə hüquqşünas işlədiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vergi yoxlamaları nəticəsində müəssisənin maliyyə vəziyyəti pisləşmişdir. Belə vəziyyətdə isə 60000 manat dəyərində qiymətləndirilən yuxarıda qeyd edilən həmin xidmətlərin əvəzi olaraq tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin qüvvədə qalması nə insani baxımdan, nə də qanunla ədalətli sayıla bilməz. Başa düşüləndir ki, hüquqşünas vəzifəsində işlədiyi iki il bir ay ərzində, yəni işdən azad edildiyi xx.xx.2020-ci il tarixədək İddiaçı məhkəmələrdə Cavabdeh MTK-nın iştirak etdiyi mülki mübahisələrdə onu nümayəndə qismində təmsil etməklə hüquqlarını qorumalı idi. Lakin göstərilən müddət ərzində Cavabdeh MTK məhkəmələrdə bir neçə mülki mübahisədə tərəf qismində iştirak etsə də İddiaçı hüquqşünas vəzifəsində olmasına baxmayaraq, nümayəndə qismində Cavabdeh MTK-nı təmsil etmək üçün məhkəməyə bir dəfə də olsun göndərilməmişdir. Hüquqşünas olmaqla, İddiaçı işlədiyi Cavabdeh MTK-ya fəaliyyəti ilə bağlı heç bir hüquqi yardım etməmiş, hər hansı hüquqi sənədin layihəsinin hazırlanmasında iştirak etməmiş və hüquqi əhəmiyyət kəsb edən heç bir sənədə imza etməmişdir. xx.xx.2018-ci il tarixdə hüquqşünas vəzifəsinə işə qəbul ediləndə İddiaçı ilə Cavabdeh MTK-nın rəhbərliyi arasında əldə olunmuş şifahi razılaşmanın şərtlərinə görə təcrübəli və savadlı keçmiş vergi işçisi olmuş İddiaçı öz bilik və bacarığından istifadə edərək, Cavabdeh MTK-ın vergi işləri ilə bağlı həmin vaxt artıq yaranmış problemlərini uğurla həll etməli, yəni əsassız olaraq vergiyə cəlb edilmiş 4000 kv.m. yaşayış sahəsi üçün hesablanmış vergi borcunun ləğv edilməsinə nail olmalı, yüksək keyfiyyətli auditor xidmətləri göstərməli, əvəzində isə Cavabdeh MTK ona 60000 manat pul verməli idi. İddiaçı özü də yaxşı bilir ki, həmin birotaqlı mənzillə bağlı o, müəssisəyə heç bir ödəniş etməmişdir. Lakin o, yuxarıda qeyd edilən sənədləşmələrin faktiki tərəfini, işin həqiqi hallarını inkar edərək, yalnız formal baxımdan tərtib edilmiş sənədlərdən öz xeyrinə istifadə etməyə nail olmuşdur. Qeyd edilənlərə əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 04 fevral 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə İddiaçı (payçının) özünə verməyi, İddiaçı (payçı) isə sözügedən mənzil üçün müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş və göstərilən mənzilin dəyəri 46696 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 04 fevral 2018-ci il tarixli kassamədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzilə görə 46696 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3510/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsinin Cavabdeh mənzil-tikinti kooperativinə həvalə edilməsi, Cavabdeh mənzil-tikinti kooperativinin İddiaçı qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3510/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1085/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)-1085/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)-1085/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci, 5.3-cü, 385.1-ci, 425.1-ci, 431.1-ci, 442-ci, 752.1-ci, 755-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci və AR MPM-in 82.3-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 04 fevral 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə İddiaçı (payçının) özünə verməyi, İddiaçı (payçı) isə sözügedən mənzil üçün müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, iş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 04 fevral 2018-ci il tarixli kassa-mədaxil orderinin surətindən göründüyü kimi İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozulmuş, onlar arasında bağlanmış müqavilənin və tərtib edilmiş kassa-mədaxil orderinin qanunsuz olması əsas gətirilərək iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşdırılmış, mübahisə predmeti olan mənzilin boşaldılıb təhvil verilməməsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Həmçinin iş materialları, iddiaçının izahatı ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 04 fevral 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Bundan əlavə İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilə dair maliyyə arayışı və mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh MTK isə mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1822/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış 04 iyul 2018-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3510/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(012)-1822/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində 1 otaqdan, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı verilməsinin Cavabdeh mənziltikinti kooperativinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3510/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4132/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3510/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin Cavabdeh MTK İddiaçı qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1085/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin və kassa mədaxil orderinin ləğvi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Daha sonra iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1085/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5189/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)-1085/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(005)-1085/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin hallarından görünür ki, İddiaçı hazırki iddia tələbində göstərdiyi xüsusatlara və digər hallara,həmçinin cavabdeh təşkilat Cavabdeh MTK-nın etirazında göstərilən hallara Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3510/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamələrində qiymət verilmiş və dəlil gətirilən həmin faktlarla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktları mövcuddur ki, bu da AR MPM-in 82.3-cü maddəsinin tələbinə görə həmin faktların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 71,84 m2 olan 1 otaqlı, 95 nömrəli mənzil boşaldılsın, həmin mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəsi üçün İddiaçı şərait yaradılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2641/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2641/2024
03.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver