Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-265/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası üzrə mülki işə 13 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu, 2013-cü ildən gəlin köçərək yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı oğlu ilə birlikdə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbində göstərmişdir ki, onunla həyat yoldaşı Cavabdeh1 arasında olan nikah 14.12.2014-cü il tarixdə Sumqayıt "ASAN xidmət" mərkəzində bağlanmış və müvafiq şəhadətnamə verilmişdir. Birgə nikahlarından 26.07.2013-cü il tarixdə övladları X10 dünyaya gəlmişdir. Ailə qurduqları ilk günlərdən başlayaraq gəlin gəldiyi ailə və həyat yoldaşı tərəfindən normal münasibətlər görmüşdür. Həyat yoldaşı zərgərliklə məşğul olurdu. Orta statistik azərbaycanlı ailəsi kimi dolanırdılar. Lakin iki ildən artıqdır ki, ailədə münasibətlər korlanmış, yoldaşı ilə əvvəlki münasibətləri mövcud deyildir. Yoldaşı ev və ailəsi ilə qətiyyən maraqlanmır. Sonradan öyrənmişdir ki, yoldaşı narkotikə qurşanmış və bu səbəbdən ailəsi ilə maraqlanmır, qazandığı pulları narkotik almağa xərcləyir. Bu barədə iki il müddətində saysız hesabsız mübahisələri olmuş, onu bu yoldan çəkindirmək üçün göstərdiyi fədakarlıqlar nəticəsiz qalmışdır. Yoldaşı son illər narkotik vasitələrin təsiri altında davamlı olaraq onu və oğlunu təhqir edir, döyür və evdən qovurdu. Sonuncu dəfə 7 ay bundan əvvəl onu və oğlunu evdən qovmuş, bu günədək bütün cehizləri evdə qalsa da həmin evə qayıda bilməmişdir. Oğlunu təkbaşına və qardaşlarının köməyi ilə saxlayır. Hazırda anasının yanında kirayədə yaşadığı evdə qalmaq məcburiyyətindədir. O, 1 oktyabr 2019-cu il tarixdən gəlin getdiyi evdə pasport qeydiyyatına düşmüşdür. Artıq 7 aydır ki, cehiz əşyalarından xəbəri yoxdur və həmin əşyalardan istifadə edə bilmir. Evə getməyinə yoldaşından çox qayınanası, qaynı və baldızı maneə yaradır. Onun başqa sığınacaq yeri yoxdur. Övladı məktəbə gedir, övladıyla məşğul olmaq, ona qayğı göstərmək üçün şərait yoxdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X3 məhkəmədə iddia tələbini müdafiə edərək İddiaçı iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19.10.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 və onun ailə üzvlərinin (X4, Cavabdeh1, X11, X7) adına mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən JN-1299A nömrəli şəhadətnamədə qeyd olunan 0,08 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Cavabdeh2 adına 09.04.2014-cü il tarixində 0,08 ha ümumi birgə torpaq sahəsi **********36 reyestr nömrəsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayonu notaruisu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş 26.04.2014-cü ildə təsdiq edilmiş 4ə/1990 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən 0,08 ha ümumi birgə torpaq sahəsindən 0,07 ha hissəsi X2 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,01 ha hissənin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə idarə məlumat yoxdur. Abşeron rayonu, Novxanı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,08 ha torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 22.11.2006-cı il tarixdə **********37 reyestr nömrəsi ilə (DTXK Abşeron rayon şöbəsinin 06.10.2006-cı il tarixli, **********1000072 nömrəli Torpaq sahəsinin təsdiq edilmiş plan cizgisi, Abşeron XDS-in 30.08.1991-ci il tarixli 27.2 nömrəli qərarına əsasən) qeydiyyata alınmışdır. Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilmiş 25.05.2007-ci il tarixli 4Ə/06/1018 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi X5 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 013839 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 14 dekabr 2014-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2534 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.06.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, İddiaçı qızı ünvan 1i ünvanında 10 oktyabr 2019-cu ildən qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq və prosessual normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər – ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materiallarından da göründüyü kimi, İddiaçı Cavabdeh1 ilə 14 dekabr 2014-cü il tarixində nikah bağlamaqla ailə qurmuşdur. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə İddiaçı ilə Cavabdeh1 ailə qurmazdan əvvəl digər Cavabdeh2 mülkiyyətində olmuşdur. Həmçinin İddiaçı sözügedən Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçməsi, orada yaşaması barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Mübahisələndirilən yaşayış evinə iddiaçının hər hansı bir istifadə hüququnun olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyinə görə, yəni bununla bağlı iddiaçı tərəf mhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən iddiaçının həmin mənzilə köçürülməsi və istifadə hüququnun verilməsini məhkəmə qeyri-mümkün hesab edir, əks halda Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan və təminat verilən “mülkiyyət hüququ” kobud şəkildə pozulmuş olacaqdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə, rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı onun qeydiyyatda olduğu, 2013-cü ildən gəlin köçərək yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı oğlu ilə birlikdə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməkləri barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-265/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-265/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver